Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3329/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdehin vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və “xxxx” ASC-nin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (i ş № 2(005)-51/2017, hakim K.F.Əmirxanova) İddiaçı “xxxx” ASC-yə qarşı iddiası qismən təmin edilmiş, “xxxx” ASC-dən 27 fevral 2014-cü il tarixli aktda qeyd edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş maddi ziyana görə 30.059 manat, aktda qeyd edilməmiş, lakin yerində baxış zamanı aşkar edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş ziyana görə 18.270 manat, ümumilikdə 48.329 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci tarixli qətnaməsi ilə (iş № 2(103)-3836/2018, hakimlər X.Ə.Sarıyev, M.A.Məmmədov, E.E.Nağıyeva) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2017 -ci il tarixli qətnaməsi maddi ziyan məbləğlərinin və ümumi məbəğin müəyyən edilməsi hissələrində dəyişdirilmiş, 27.02.2014cü il tarixli aktda qeyd edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş maddi ziyanın 2.060 manat, aktda qeyd edilməmiş, lakin yerində baxış zamanı aşkar edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş ziyana görə 12.690 manat, ümumilikdə maddi ziyanın məbləğinin 14.750 manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi b arədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 05 oktyabr 2016-cı il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-dən 27 fevral 2014-cü il tarixli aktda göstərilən əşyaların yararsız vəziyyət düşməsi ilə əalqədar ona dəymiş ziyana görə 30.059 manat, əşyalara baxış zamanı aşkar edilmiş ona məxsus olan, lakin aktda qeyd edilməmiş əşyalara dəymiş ziyana görə 17.870 manat, aktda qeyd edilməmiş, eləcə də baxış zamanı yerində aşkar edilməmiş əşyalara görə isə 18.845 manat, ümumilikdə ona dəymiş maddi ziyana görə 66.774 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq isə 50.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəl illəri, kassasiya şikayətlərinə qarşı etirazlar və tərəflərin izahatları İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil qaynatası X2 xüsusi mülkiyyətində olmuşdur. Həmin mənzil ipoteka predmeti olduğundan kredit borcunun tam şəkildə ödənilməməsi nəticəsində tutma ipoteka predmetinə yönəlmiş, həmin mənzil açıq hərracda satılmışdır. Həmin mənzildə ona məxsus 27 fevral 2014-cü i tarixli aktla qeyd edilmiş əşyalar və eyni zamanda həmin aktda göstərilməmiş, lakin yerli baxış zamanı aşkar edilmiş əşyaların bir qismi Cavabdeh-nin təqsiri üzündən ciddi ziyan görmüş və eyni zamanda həmin əşyaların digər bir qismi isə oğurlanmışdır. Apellyasiya məhkəməsi təqdim edilmiş digər sübutlara ümumiyyətlə hüquqi qiymət vermədən yalnız ekspert rəyinə istinad edərək əşyaların yararlı olmasını göstərmiş, yararsız vəizyyətdə olan digər məişət əşyalarına ümumiyyətlə münasibət bildirməmişdir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mənzilin boşaldılması zamanı mənzildə olan əşyalar icra məmurları tərəfindən tam siyahıya alınaraq aktlaşdırılmış və həmin aktın doğruluğu İddiaçı və Firudin Namazov tərəfindən imzalanmışdır. İcra məmurları tərəfində borclulara onların hüquq və vəzifələri izah edilmişdir. Göründüyü kimi İddiaçı tərəfindən mənzildə olan əşyaların mövcud vəziyyəti və əşyaların tamlığı ilə bağlı akta hər hansı bir əlavə edilməmiş, etiraz və icra məmurunun hərəkətləri ilə bağlı şikayət daxil olmamışdır. Belə olduğu halda aktın həqiqiliyinə şübhə doğuracaq hal mövcud deyildir. Məhkəmə kollegiyasının iclasında iddiaçı, vəkili və cav abdehin vəkili kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını ipotek a predmeti olmuş və tutma yönəldilməklə açıq hərracdan satılmış mənzildə qalmış iddiaçıya məxsus əşyalarının cavabdehin təqsirli hərəkətləri nəticəsində yararsız hala salınması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Zərərin əvəzinin ödənilməsini əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ p ozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəs inə qoyula bilər. İşin mübahisələndirilməyən hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 111 saylı evin 102 nömrəli mənzili X2 xüsusi mülkiyyətində olmuşdur. Namazov Rauf X1 30 noyabr 2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ilə qurmuşlar. İddiaçı (Müslümova) 02 avqust 2011-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 111 saylı evin 102 nömrəli mənzilində qeydiyyatda olmaqla yaşamışdır. Bununla bərabər həmin mənzil Cavabdeh-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzilə tutma yönəldilmiş, qətnamə icra edilməklə mənzil açıq hərracdan Cavabdeh-yə satılmışdır. Nərimanov rayon İcra şöbəsinin, Cavabdeh-nin və hal şahidlərinin iştirakı ilə tərtib edilmiş 27 fevral 2014-cü il tarixli aktla müəyyən edilir k i, Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2011-ci il tarixli icra vərəqəsinin təmin edilməsi məqsədilə X4 məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 111 saylı evin 102 nömrəli mənzilin açıq hərracda satıldıqdan sonra ən geci bir ay müddətində orada yaşayan şəxslərin mənzili boşaltmaları ilə bağlı qeyd edilən ünvanda olmuşlar. Mənzildə olan əşyalar siyahıya alınmaqla saxlanlması üçün tələbkarın nümayəndəliyinə təhvil verilmişdir. Nərimanov rayon İcra şöbəsinin, Cavabdeh-nin və yükdaşıma xidmətinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş 15 avqust 2014-cü il tarixli aktla müəyyən edilir ki, Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2011-ci il tarixli icra vərəqəsinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 111 saylı evin 102 nömrəli mənzildə olmuşlar. Belə ki, tələbkar Nərimanov rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək saxlanca qəbul etdiyi siyahıya alınmış əşyaları mənzildən çıxararaq banka məxsus Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi 53 ünvanında yerləşən saxlanca köçürməyi xahiş etmişdir. 27 fevral 2014-cü il tarxli aktla siyahıya alınmış əşyalar mənzildən çıxarılaraq Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi 53 ünvanında yerləşən saxlanca qoyulmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmış 06 yanvar 2017-ci il tarixli ekspertiza rəyində 27 fevral 2014-cü il tarixdə tərtib edilmiş aktla siyahıya alınmış əşyaların ümumi dəyəri 2.147 manat qiymətləndirilmişdir. Aktda əşyaların mövcud vəziyyəti qeyd edilmədiyindən və fotoşəkillər təqdim edilmədiyindən əvvəlki vəziyyətə uyğunluğunun müəyyən edilməsi mümkün olmamışd ır. Təqdim edilən əşyaların ilkin vəziyyəti məlum olmadığından qüsurun müəyyən edilməsi mümkün olmamışdır. Baxış zaman təhvil-təslim aktında göstərilməyən əşyaların sınması müəyyən edilmiş, həmin qüsurların əşyaların daşınması zamanı yarandığı göstərilmişdir. Təqdim edilmiş əşyaların hazırki texniki vəziyyəti həmin əşyalardan istifadəni mümkün edir və əşyaların təmizliyə ehtiyacı vardır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmış 14 oktyabr 2017-ci il tarixli təkrar ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, 27 fevral 2014-cü il tarixli aktda qeyd edilən əşyalardan iki ədəd televizordan başqa digər əşyalar istifadəyə yararsız vəziyyətdədir. Həmin əşyaların faktiki vəziyyəti rəyə əlavə edilmiş şəkillərdə və aktda göstərilən vəziyyətə uyğun deyildir. Əksəriyyəti yararsız vəziyyə tə düşmüşdür. Yaranmış qüsur daşıma və saxlanma ilə əlaqədar ola bilər. 2 ədəd televizordan başqa digər əşyaların hazırki texniki vəziyyəti həmin əşyalardan istifadəni mümkün etmir. Siyahıya alınmış əşyalara vurulmuş zərərin dəyəri 30.059 manat, yerli baxış zamanı aşkar edilmiş yararsız vəziyyətdə olan əşyalara dəyən zərərin məbləği 18.270 manat təşkil edir. İş üzrə apellyasiya məhkəməsi tərəfindən təkrar keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, yerində aşkar edilməmiş istifadəyə yararsız olan əşyaların dəyəri 2.060 manat, yerində aşkar edilmiş, istifadəyə yararsız əşyaların dəyəri 12.690 manat təşkil edir. Qalan əşyalar istifadəyə yararlıdır. Beləliklə, ekspert rəyləri ilə müəyyən edilir ki, iddiaçıya məxsus əşyaların yararsız vəziyyətə düşməsi və əşyalarda əmələ gəlmiş zədələr əşyaların saxlanma şəraiti, daşınması, sökülüb-yığılması və bir neçə dəfə sökülüb nəql edilməsi ilə bağlı yaranmışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyi ilə iddiaçıya məxsus əşyalara vurulmuş zərərin dəyəri ümumilikdə 48.329 manat, apellyasiya məhkəməsi tərəfindən alınmış ekspert rəyi ilə isə zərərin dəyərinin ümumilikdə 14.750 manat təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi dəymiş zərərin qiymətləndirilməsi barədə yuxarıda qeyd olan qiymətlər arasında kəskin fərqin olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102-ci maddəsinin tələblərinə görə bir neçə ekspertin rəyləri arasında ziddiyyət olması təkrar ekspertiza keçirilməsi üçün əsasdır. Apellyasiya məhkəməsi həmin normanın tələblərini pozmaqla daşınmaz vurulmuş zərərin dəyərini yalnız sonuncu ekspert rəyini əsas tutaraq müəyyən etmişdir. Bununla bərabər məhkəmə kollegiyası hesab edir ki, bəzi əşyaların hazırda təyinatı üzrə istismara yararlı olmasının müəyyən edilməsi də həmin əşyalara zərər vurulmaması kimi qiymətləndirilə bilməz. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mülki hüquq pozuntularından əmələ gələn öhdəliklərin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla bərabər iddiaçı maddi zərərlə yanaşı, mənəvi zərərin ödənilməsi tələbini də irəli sürmüşdür. Yuxarıda qeyd edildiyi kimi iddiaçıya məxsus mebellər, məişət əşyaları, geyimlər və s. əşyalar cavabdehin təqsirli hərəkətləri nəticəsində istifadəyə yararsız vəziyyət salınmış, istifadəyə yararlı vəziyyətdə olan digər əşyalar isə əmtəə görünüşü dəyişm əklə, üzərində təmir bərpa işləri aparılmasına ehtiyac olmaqla müəyyən qədər zədəyə məruz qalmışdır. Bu halda əmlak sahibinin mənəvi sarsıntı keçirməsi də istisna edilmir. Mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən qanunverciliyin tələblərinə görə mənəvi zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərlə bağlı irəli sürdüyü dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, həmin dəlillər hərtərəfli araşdırılmaqla onlara mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməklə, qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilən həqiqi hallara uyğun əsaslandırılmamaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki,iddiaçının kassasiya şikayəti təmin edilməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Cavabdeh QSC-nin kassasiya şikayəti qismə n təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3329/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3329/2019
08.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver