Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3372/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti, kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Mə hkəməsinin Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(105)-180/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9677,02 manat əsas, 602,21 manat faiz, 198,73 manat cərimə borcu olmaqla, cəmi 10477,96 manat borcun və ödənilmiş 124,77 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(060)-3861/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 7032,34 manat əsas borc, 242,16 manat faiz borcu, 69,94 manat cərimə borcu, cəmi 7344,44 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87,45 manatın iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(105)-180/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(060)3861/2022 nömrəli qətnaməsi dəyişdirilmiş, əsas borc üzrə 6790,72 manat, faiz borcu üzrə 109,03 manat Cavabdeh tutularaq iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. İddiaçı “X3 Azərbaycan” QSC və Ca vabdeh ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş, həmin şikayətlər apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdir ilmiş etibarnamədə əks etdirilməlidir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterl i iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şik ayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya və zifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, Məcəllənin 408.1.5-ci maddəsinə əsasən isə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: a) İddiaçının kassasiya şikayətinə münasibətdə:
6. İddiaçının kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Vəkil2 tərəfindən imzalansa da, sonuncuya belə səlahiyyət verilməsini təsdiq edən etibarnamə kassasiya şikayətinə əlavə olunmamışdır. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirildiyi hissədə iddianı n qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır.
7. Belə ki, iş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmişdir. Kassasiya şikayəti elektron imza ilə iddiaçının adından Vəkil2 tərəfindən imzalanmışdır.
8. Lakin kassasiya şikayətinə əlavə olunmuş 08 may 2023-cü il tarixli etibarnamədə iddiaçı tərəfindən bir neçə şəxsə MPM-in 74.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərin, o cümlədən məhkəmə aktından şikayətin verilməsi səlahiyyətinin etibar edilməsi qeyd olunsa da, Vəkil2 adı həmin etibarnamədə qeyd olunmamış, belə səlahiyyət verilmiş şəxslər isə kassasiya şikayətini elektron imza ilə imzalamamışlar.
9. Beləliklə, müəyyən olunmuşdur ki, kassasiya şikayətini iddiaçının adından Vəkil2 imzalasa da, sonuncuya belə səlahiyyət MPM-in 74.2-ci maddəsinə uyğun olaraq verilməmişdir.
10. Digər tərəfdən müəyyən olunur ki, iddiaçı tələbində cavabdehdən 9677,02 manat əsas, 602,21 manat faiz, 198,73 manat cərimə borcu olmaqla, cəmi 10477,96 manat borcun tutulmasını xahiş etsə də, birinci instansiya məhkəməsi iddianı qismən 7032,34 manat əsas borc, 242,16 manat faiz borcu, 69,94 manat cərimə borcu, cəmi 7344,44 manat borc hissəsində təmin etmiş və iddiaçı həmin qətnamə ilə razılaşaraq, apellyasiya qaydasında mübahisələndirməmişdir.
11. Bundan sonra apellyasiya məhkəməsi tərəfindən rayon məhkəməsinin qətnaməsi dəyişdirilmiş, əsas borc üzrə 6790,72 manat, faiz borcu üzrə 109,03 manat pul tutulmuş, qalan hissədə q ətnamə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, müəyyən olunur ki, apellyasiya məhkəməsi tərəfindən iddianın təmin olunan hissəsi 6790,72 manat əsas, 109,03 manat faiz, 69,94 manat cərimə olmaqla, ümumilikdə 6969,69 manat təşkil edir.
12. Odur ki, iddiaçının hazırda mübahisələndirdiyi məbləğ birinci instansiya məhkəməsinin qət etdiyi ümumi borc məbləği ilə apellyasiya məhkəməsinin müəyyən etdiyi borc məbləğinin fərqi – 7344,44-6969,69 = 374,75 manat təşkil edir.
13. Beləliklə, müəyyən olunur ki, iddiaçı tərəfindən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti cəmi 374,75 manat (apellyasiya məhkəməsinin qətnaməsi ilə tutulması rədd olunan məbləğ) təşkil edir ki, MPM-in 402.1-ci maddəsinə əsasən ondan kassasiya şikayəti verilə bilməz. b) Cavabdehin kassasiya şikayətinə münasibə tdə:
14. Cavabdehin kassasiya şikayəti öyrənilərkən həmçinin müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır.
15. Belə ki, kassasiya şikayətində maddi hüquq normalarının pozulması kimi Mülki Məcəllənin 445.1, 448.1, 449.1, 739.2-ci, “Banklar haqqında” Qanunun 1.0.9-cu maddələrinin, prosessual hüquq normalarının pozulması kimi isə Mülki Prosessual Məcəllənin 88, 217.3-cü maddələrinin pozulması qeyd edilmişdir. Bu zaman kassator həmin hüquq normalarının dispozisiyalarını şikayətə köçürmüş, lakin apellyasiya məhkəməsi tərəfindən həmin normaların pozulmasının hazırki işdə konkret nədə ifadə olmasını, hazırki mübahisəyə aidiyyətini göstərməmişdir.
16. Cavabdehin dəlilləri işin hallarının sübut olunmam asından ibarət olmuşdur ki, Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətindən belə dəlillərə istinad etməyə yol verilmir.
17. Həmçinin, cavabdeh kassasiya şikayətinin nəticə hissəsi qeyri-müəyyən formada “Sumqayıt Apellyasiya məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(105)-180/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsi” ifadə edilməklə, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərməmiş və nə kimi məhkəmə aktının qəbul edilməsini istədiyini qeyd etməmişdir. Nəticə:
18. Qeyd olunanlara əsasən, iddiaçının kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu, kassasiya şikayəti səlahiyyətli şəxs tərəfindən i mzalanmadığı üçün, cavabdehin kassasiya şikayətinin məzmunu isə mülki prosessual qanunvericiliyin tələblərinə zidd olduğu üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(105)-180/2023 nömrəli qətnaməsindən “X3 Azərbaycan” QSC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin. Kassasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.