Məhkəmə qərarları › İş №2(102)-3434/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3434/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3434/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılı oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(106)212/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 27 fevral 2019-cu il tarix li lizinq müqaviləsi ilə "xxxx" ASC tərəfindən Cavabdeh oğluna “Belarus-892” markalı traktor, 4 gövdəli asma (təkərli) SP144 nömrəli kotan və AG-TS24 markalı Taxılsəpən Gübrəsəpən lizinqə verilmişdir.

2. Cavabdeh həmin avadanlıqları 2020-ci ilin avqust ayında 12000 manat və sonrakı lizinq ödənişlərinin edilməsi qarşılığında İddiaçılı oğlunun sahibliyinə vermişdir.

3. Həmin texnika 01 oktyabr 2021-ci il tarixli aktla İddiaçılı oğlundan alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12000 manat cavabdeh ödənilən, 3600 manat "xxxx" ASC-yə ödənilən pulun, 2000 manat əldən çıxmış faydanın, 500 manat vəkilə ödənilən pulun, 145 manat dövlət rüsumunun cavabdehdən alınaraq id diaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə şifahi razılaşma əsasında iddiaçı 1 ədəd “Belarus-892” markalı 90-C-280 dövlət nömrə nişanlı traktoru, 1 ədəd 4 gövdəli asma (təkərli) SP144 nömrəli kotanı və 1 ədəd AG-TS24 nömrəli taxılsəpən setkanı 2020-ci ilin avqust ayında 12000 manat qarşılığında almışdır. Həmin texnikaları alanda cavabdeh bildirmişdir ki, texnikaları lizinq yolu ilə "xxxx" ASC-dən götürmüş və ASC-yə 23500 manat məbləğdə əsas və 7200 manat məbləğdə gecikmiş borcu vardır. İddiaçı texnikaları aldıqdan sonra həmin borclardan 2020-ci ilin sentyabr ayında 600 manat məbləğdə, noyabr ayında 3000 manat məbləğdə "xxxx" ASC-nin hesabına ödəmişdir. Texnikalar iddiaçıya verildikdən sonra o, onların təmirinə t əxminən 600 manat məbləğdə xərc çəkmiş, lakin texnikalardan istifadə edə bilməmişdir. 2021-ci ilin yanvar ayından Cavabdeh texnikaları geri tələb etmişdir. Belə olduğu halda isə iddiaçı cavabdehdən texnikaları alan zaman ödədiyi 12000 manat məbləğdə və 3600 manat məbləğdə pul vəsaitini geri tələb etmişdir. Bundan sonra, cavabdeh texnikaların iddiaçıdan alınması barədə iddia ilə məhkəməyə müraciət etmiş, sonuncu da qarşılıqlı iddia ərizəsi ilə pul tələbini irəli sürmüşdür. İşə məhkəmədə baxılarkən cavabdeh 12000 manat məbləğə texnikaları satdığını etiraf etmişdir. Daha sonra tərəflər məhkəmədən kənar razılığa gəmiş və iddiaçı texnikaları 14 oktyabr 2021-ci il tarixdə cavabdehə qaytarmışdır. Lakin cavabdeh 12000 manat məbləğdə pulu və texnikaya görə ödədiyi kredit məbləğini qaytarmamış, cəmi 600 manat məbləğdə pul vəsaitini qaytarmışdır.

6. Cəlilabad Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(073)-227/2022 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Əmirəliyev) iddia qismən təmin edilərək, Cavabdeh texnikaların alınması üçün ödənilən 11400 manat məbləğ, həmin texnikaların lizinq ödənişi kimi ödənilən 3600 manat məbləğ, hüquqi yardıma görə vəkilə ödənilən 500 manat məbləğ olmaqla, cəmi 15500 manat məbləğin və 145 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçılı oğluna verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında texnikaların alqısatqısına dair etibarsız əqd olmuş və etibarsız əqdə görə tərəflərdən biri əqd üzrə aldıqlarının tamamını geri qaytarmalıdır. Cavabdeh "xxxx" ASC-dən lizinqə götür düyü texnikaları iddiaçıya satmaqla, eyni zamanda satdığı əmlakı geri qaytarmaqla, əldə etdiyi pulu isə tam geri qaytarmamaqla əsassız varlanmaq istəmişdir. Cavabdeh satdığı texnikalara görə aldığı 12000 manat məbləği geri qaytardığını bildirsə də, bunu təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmiş, məhkəmə onun aldığı 12000 manat məbləğin yalnız 600 manat hissəsini qaytarması müəyyən olunmuşdur.

8. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia 2000 manat əldən çıxmış fayda hissəsində əsassızdır. Belə ki, iddiaçı tələb etdiyi məbləğdən istifadə edə bilmədiyi üçün 2000 manat faydadan məhrum olduğunu bildirsə də, həmin halları təsdiq edəcək sübutları təqdim edə bilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 329.3, 337.5, 390.1, 425.1, 427.3, 567, 600.1, 1091.1, 1091.2 və 1093.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin 07 fevral 2022ci il tarixli, 2(073)-227/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(106)212/2023 nömrəli qətnaməsi ilə (hakim P.T.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Kərimovdan və C.F.İmanovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(073)-227/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır.

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh mülkiyyətində və sahibliyində olan 1 ədəd “Belarus-892” markalı traktoru, 1 ədəd 4 gövdəli asma (təkərli) SP144 nömrəli kotanı və 1 ədəd AG-TS24 nömrəli taxılsəpən setkanı şifahi qaydada, yəni qanunvericiliyin tələblərinə əməl etmədən iddiaçıya “satmış”, bunun müqabilində həm 12000 manat məbləğdə pul almış, həmin texnikanın İddiaçılı oğlunda olduğu müddət ərzində (18 sentyabr 2020-ci il tarixdə 600 manat məbləğdə və 26 noyabr 2020-ci il tarixdə 3000 manat məbləğdə) 27 fevral 2019-cu il tarixli lizinq müqaviləsinə əsasən lizinq verən "xxxx" ASC-yə onun əvəzinə 3600 manat məbləğdə lizinq ödənişi ödətdirmişdir. Bununla da, cavabdeh hər hansı hüquqi əsas olmadan başqa şəxs in (məhrum olanın), yəni iddiaçının hesabına əmlak əldə etmiş və özünün texnikaya mülkiyyət hüququnun əmələ gəlməsinə yönəlmiş lizinq ödənişlərinin aparılmasına cəlb edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçıya “satdığı” texnikalara görə aldığı 12000 manat məbləğdə pul vəsaitinin 8000 manat hissəsinin iddiaçıya geri qaytarmağına dair 2(073)-1857/2021 nömrəli mülki iş üzrə onlar tərəfindən yazılmış ərizələrdə öz əksini tapdığını bildirsə də, adıçəkilən mülki iş materiallarına nəzər saldıqda, orada cavabdeh tərəfindən iddiaçıya 8000 manat məbləğdə pul vəsaitinin qaytarılmasını müəyyən etmək olmur. Bundan əlavə, 4000 manat məbləğdə pulun isə texnikalara zərər vurulmasına görə iddiaçıya ödənilməməsinə dair heç bir razılıq aşkar olunmur. Habel ə, 27 fevral 2019-cu il tarixli lizinq müqaviləsinə əsasən lizinq verən "xxxx" ASC-yə 3600 manat məbləğdə lizinq ödənişinin edilməsi cavabdeh tərəfindən apellyasiya şikayətində özünün ödəməsi qeyd edilsə də, onlar arasında həmin texnikalara görə "xxxx" ASC-yə olan aylıq ödənişlərin iddiaçı tərəfindən ödənilməsi barədə razılaşmanın olması və həmin ödənişlərin adıçəkilən texnikaların iddiaçıda olduğu müddətlərdə edilməsi, habelə birinci instansiya məhkəməsində izahat verərkən cavabdehin texnikalara görə "xxxx" ASC-yə 3600 manat məbləğdə ödəniş edilməsi barədə məlumatının olmamasını bildirməsi apellyasiya şikayətinin həmin dəlillərinin əsassız olmasına dəlalət edir. Göründüyü kimi, cavabdeh texnikaların verilməsi müqabilində iddiaçıdan 12000 manat məbləğdə pul vəsaitini aldığını etiraf etsə d ə, onun yalnız 600 manat hissəsinin iddiaçıya qaytarılması sonuncunun izahatı və şahidlərin ifadəsi ilə təsdiq edilmiş, qalan məbləğin qaytarılması isə iş materialları ilə təsdiq edilmir. İddiaçı tərəfindən ona verilmiş texnikaların təmir edilməsinə hansı məbləğdə xərc çəkilməsi isə iş üzrə hər hansı mötəbər sübutla təsdiq olunmur.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 1091, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 218.3-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(106)-212/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 442-ci, Mülki Prosessual Məcəllənin 9, 14.2, 62, 77.1 və 217.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, texnikalar cavabdehə qaytarılarkən qarşılıqlı razılığa əsasən cavabdeh aldığı 12000 manat puldan 8000 manatı qaytarmış, tərəflər yazdıqları ərizələrdə bunu qeyd etməklə, onun iddiası baxılmamış saxlanılmışdır. İddiaçı texnikalara zərər vurduğu üçün qalan 4000 manat pulun qaytarılmamasında tərəflərin hər ikisinin razılığı olmuşdur. Cavabdeh apellyasiya instansiyası məhkəməsində mübahisənin düzgün həlli məqsədi ilə, habelə işin tam, hərtərəfli və obyektiv araşdırılaraq qiymətləndirilməsindən ötrü və iş üçün əhəmiyyət kəsb etdiyindən şahidlərin dindiri lməsinin təmin edilməsi barədə vəsatət vermiş, həmin vəsatət təmin edilsə də, şahidlər növbəti məhkəmə iclasına gəlsələr də, lakin onlar məhkəmə iclas zalında dəvət edilməmiş və dindirilməmişlər. Məhkəmə sübutları düzgün qiymətləndirməmiş, araşdırmanı səthi aparmışdır.

17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

20. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, iddiaçı apellyasiya şikayəti verməmişdir. Bu səbəbdən apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil etmişdir.

21. Hazırki kassasiya şikayə tində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

23. Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut lar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı o lmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin hazırki kassasiya şikayətinin dəlilləri il ə oxşar olan apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək (bənd 12-13) hesab etmişdir ki, cavabdeh etirazının dəlillərini sübut edə bilməmişlər.

26. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələ b isə əsaslı hesab edilə bilməz.

27. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı hər bir kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərə findən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(106)-212/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar