Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3442/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ММС-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi, zaminin öhdəliklərinin yaranması, zaminliyə xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və vəkili X2 oğlunun iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(108)-203/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ММС cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilə üzrə yaranan 29018,66 manat (16146,16 manat vurulmuş zərər, 2872,65 manat faiz və 10000 manat əldən çıxmış fayda) məbləğində pulun, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(110)-307/2019 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 16146,016 manat vurulmuş zərər, 2421,90 manat faiz borcu olmaqla, ümumilikdə 18567,92 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun tutulub İddiaçı ММС-yə ödənilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(108)-203/2019 nömrəli qətnaməsi ilə (hakimlər Ə.M.Xıdırov - sədrlik edən və məruzəçi, F.M.Abbasov və S.M.Qarayev) İddiaçı ММС-nin apelyasiya şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(110)-307/2019 nömrəli qətnaməsi iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ММС-nin nümayəndəsi Nümayəndə və vəkili X2 oğlu kasasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kol legiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(108)-203/2019 nömrəli qətnaməsinin zaminliklə bağlı hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işə düzgün hüquqi qiymət verməyərək, tam araşdırmayaraq Şərur rayon məhkəməsinin zaminliklə bağlı olan hissəsini dəyişdirmədən qüvvədə saxlamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə və vəkili X2 oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmiş, vəkillərinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini yalnız iddiaçının apelyasiya şikayətinə münasibətdə yoxlamış və iddiaçı qətnaməni borcun zamindən tutulmasından imtina edilməsi hissəsində mübah isələndirmişdir. Cavabdehlər isə qətnamədən kasasiya şikayəti verməmişlər. Bu səbəbdən hazırki kasasiya baxışının hədlərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının mübahisələndirdiyi hissədə maddi və prosessual hüquq normalarına uyğunluğunun yoxlanılması təşkil edir. Məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, Cavabdeh1 əmək müqaviləsinə əsasən xx xxxxx 2012-ci il tarixdən İddiaçı MMC-yə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan Cavabdeh2 tərəfindən imzalanmış “İddiaçı MMC-də xx xxxxx 2012-ci il tarixli əmək müqaviləsi ilə işə yeni qəbul olunan ticarət nümayəndəsinin valideyn və qohumunun ödəliyi” barədə xx xxxxx 2012-ci il tarixli sənədin surətinə əsasən Cavabdeh2 Cavabdeh1 maddi-məsul vəzifənin həvalə olunmasına və onun düzgün, təmiz işləyəcəyinə, heç bir mənimsəmə, israf etmə və talama hallarına yol verməyəcəyinə zamin durduğunu göstərmiş, eyni zamanda İddiaçı MMC-də Cavabdeh1 ticarət nümayəndəsi işlədiyi müddətdə yaranma mənbəyindən asılı olmayaraq hər hansı bir maddi çatışmazlığı, borcu olduğu, mənimsəmə, israf etmə, yəni etibar edilmiş özgə əmlakını talama halları olduğu halda çıxışı dayandırıldığı gündən etibarən bir ay ərzində çatışmayan məbləğin ödənilməsini öz üzərinə götürdüyünü, əks təqdirdə Azərbaycan Respublikası CM-in 179cu maddəsi ilə məsuliyyət daşıdığını qeyd etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı Cavabdeh1 ona ziyan vurmasını əsas gətirərək, vurulmuş zərəri və ona hesablanmış faizləri cavabdehlərdən birgə qaydada tutulmasını xahiş etmişdir. İddianı zamin Cavabde h2 münasibətdə rədd edən birinci və apelyasiya instansiyası məhkəmələri mövqelərini onunla əsaslandırmışlar ki, həmin cavabdehə qarşı iddia tələbinin əsası kimi göstərilən İddiaçı MMC-də xx xxxxx 2012-ci il tarixli əmək müqaviləsi ilə işə yeni qəbul olunan ticarət nümayəndəsinin valideyn və qohumunun öhdəliyi barədə sənəd qanunla müəyyən edilmiş qaydada zaminlik müqaviləsinin şərtlərinə, o cümlədən zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin göstərilməli olmasına dair şərtə uyğun deyil. Belə ki, Cavabdeh2 öhdəliyi xx xxxxx 2012-ci il tarixdə imzalamışdır. Lakin həmin öhdəlikdə “İddiaçı MMC-də xx xxxxx 2012-ci il tarixli əmək müqaviləsi ilə işə yeni qəbul olan ticarət nümayəndəsinin valideyninin və ya qohumunun öhdəliyi” kimi qeyd olunmuşdur. Buradan belə anlaşılır ki, öhdəlik İdd iaçı MMC ilə Cavabdeh1 arasında əmək müqaviləsi bağlandığı tarixdən 11 gün əvvəl yazılaraq imzalanmış, əmək müqaviləsinin tarixi isə öhdəliyə əmək müqaviləsi bağlandıqdan sonra qələmlə yazılmaqla əlavə edilmişdir. Halbuki qanunvericiliyin nəzərdə tutduğu mənada zaminlik müqaviləsi ya əsas müqavilə bağlandıqdan sonra, ya da ki əsas müqavilə ilə eyni vaxtda bağlanır. Əsas öhdəlik müəyyənləşdirilmədən, olmayan öhdəliyə zamin durulmasından söhbət gedə bilməz. Apelyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh2 imzaladığı öhdəlik birtərəfli əqd xarakterindədir, İddiaçı MMC-nin hüquq və vəzifələrinə dair hər hansı bir müddəa mövcud deyil və həmin öhdəlik İddiaçı MMC tərəfindən də imzalanmamışdır. Yəni qanunvericilikdə nəzərdə tutulmuş qaydada zaminlik müqaviləsi bağlanmamışdır. Daha sonr a, Cavabdeh2 “öhdəliyi” etibarlı zaminlik müqaviləsi kimi qəbul olunsa belə, hazırki konkret iş üzrə zaminliyə xitam verilməlidir. Belə ki, İddiaçı MMC və Cavabdeh1 arasında əmək müqaviləsi xx xxxxx 2012-ci il tarixdə 1 il müddətinə bağlanılmış (həmin müqavilənin 2.1-ci bəndi), Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixdə öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunmuşdur. Lakin iddiaçı “zamin” olduğunu qeyd etdiyi Cavabdeh2 qarşı iddianı, iş materiallarında olan iddia ərizəsinin və əlavə olunmuş sənədlərin məhkəməyə göndərildiyi poçt zərfi üzərindəki ştempeldən məlum olduğu kimi, xx xxxx 2019-cu il tarixdə, yəni Cavabdeh1 əsas öhdəliyinin, ticarət nümayəndəsi kimi üzərinə düşən vəzifələrin icrasının başa çatdığı tarixdən təxminən 4 il 7 aydan sonra poçt müəssisəsinə təqdim etmişdir. Eyni z amanda, Cavabdeh1 İddiaçı MMC-də tutduğu vəzifəsindən xx xxxxxxxx 2014-cü il tarixdə azad edilmişdir. Lakin iş materialları ilə İddiaçı MMC və Cavabdeh1 arasında 1 il müddətinə bağlanılmış əmək müqaviləsinin müddətinin uzadılması, yəni “zamin” üçün əlverişsiz nəticələrə səbəb olan hal barədə Cavabdeh2 məlumatlandırılması və əmək müqaviləsinin uzadıldığı müddət üzrə də Cavabdeh2 “zamin” durması təsdiq olunmur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə tam razılaşır və qeyd edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulması müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, q arantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmçinin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin ic rası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdı r. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında izah edilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il Qərarında isə izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşıs ında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı his səsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Həmçinin həmin Qərara əsasən kasasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər ap elyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən: apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ММС-in nümayəndəsi Nümayəndə və vəkili X2 oğlu tərəfindən verilmiş kasasi ya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(108)-203/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Elşad Şamayev Hakimlər: Elşanə Vəliyeva Aqil Abbasov
Məhkəmə qərarları › İş №2(102)-3442/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3442/2020
15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver