Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3449/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3449/2023 Açar sözlər: borc tələbi, iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, iddiaçı LPO QSC "xxxx" KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 2850/2023 nömrəli mülki iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı LPO QSC "xxxx" KB tərəfindən verilmiş kas sasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2015-ci il tarixli, 1xx/xx/135011/15 saylı kredit müqaviləsinə əsasən, "xxxx" KB QSC (bundan sonra-iddiaçı və ya bank) ilə Cavabdeh (bundan sonra-cavabdeh) arasında bağlanmış 12 ay müddətinə (xx.xx.2016-ci il tarixədək), illik 26% dərəcəsi ilə ödəniş planı hissə-hissə qaytarmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 2. 19 oktyabr 2022-ci il tarixli, **********092 nömrəli maliyyə arayışına əsasən cavabdeh kredit müqaviləsi üzrə 9997,55 ABŞ dolları əsas borc, 6476,35 ABŞ dolları faiz borcu, 7155,36 ABŞ dolları cərimə borcu, 2974,60 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış illik faiz borcu olmaqla, ümumilikdə 26603,86 ABŞ dolları məbləğində borcu yaranmışdır.
3. B akı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2(001)8856/2019 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2(001)6961/2022 nömrəli qərardadına əsasən iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli, 1xx/xx/135011/15 saylı kredit müqaviləsi üzrə 9997,55 ABŞ dolları əsas borc, 6476,35 ABŞ dolları faiz borcu, 7155,3 6 ABŞ dolları cərimə borcu, 2974,60 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz borcu olmaqla, ümumilikdə 26.603,86 ABŞ dolları borc və 225,68 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı yuxarıda qeyd edilən işin faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB QSC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən, bank tərəfindən cavabdehə illik 26 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 9.997,55 ABŞ dolları əsas borc, 6.476,35 ABŞ dolları faiz borcu, 7.155,36 ABŞ dolları cərimə borcu, 2.974,60 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz borcu olmaqla, ümumilikdə 26.603,86 ABŞ dolları borcu qalmışdır. Bank tərəfindən 2019-cu ildə həmin iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, lakin iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, e-2(001)-8856/2019 saylı qərardadına əsasən baxılmamış saxlanılmışdır. Baxılmamış saxlanılmasına əsas 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bağlı müəyyən edilmiş güzəştli və məhkəmədən kənar həlli qaydaların müəyyən edilməsi olmuşdur. Həmin qərarda dda həmçinin qeyd olunmuşdur ki, zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalı və sərf edilmiş müddət bank olaraq onların ziyanına istifadə oluna bilməz. Azərbaycan Respublikasının Prezidentinin qeyd olunan Fərmanının müddəti 31 dekabr 2019-cu il tarixdə bitmişdir. Lakin cavabdeh bu müddət ərzində Fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət etməmiş və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Faiz borcu müqavilə müddətinə hesablanmışdır. Gecikmə faizi müqavilə şərtləri çərçivəsindədir. Eyni tələblə 03 noyabr 2022-ci il tarixdə yenidən Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, lakin cavabdehin qeydiyyat ünvanı dəyişdiyindən və aidiyyət qaydası pozulduğundan 05 noyabr 2022-ci il tarixli e-2(001)6961/2022 saylı qərardada əsasən iddia ərizəsi geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli e-2(001)-8856/2019 saylı qərardadında göstərilənlər və xx.xx.2022-ci il tarixdə həmin məhkəməyə eyni iddia tələblə müraciət olunması nəzərə alınaraq hesab edir ki, iddia müddəti tətbiq edilə bilməz.
7. Cavabdeh isə, birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddiaçı tərəfindən müqavilədən irəli gələn tələblər üzrə üç illik iddia müddətinin ötürüldüyünü bildirmişdir.
8. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, kredit müqaviləsi 2015-ci ildə bağlanmışdır. Həmin vaxtdan 7 il müddət keçmişdir. Bu qədər vaxt ərzində iddiaçı onu axtarıb tapa bilərdi. O, ödənişlərini gecikdirməmişdir. Hətta bir dəfə ödəniş etmək istəmiş, lakin bankla əlaqə yarada bilməmişdir. İddia tələbinə 2019-cu ildə Binəqədi Rayon Məhkəməsində baxıldıqdan sonra banka yaxınlaşmamışdır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(004)-650/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Əkbərli) iddia rədd olunmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, bankın Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi əsaslı olsa da, iddiaçı iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı "xxxx" KB QSC ilə Cavabdeh arasında müqavilə xx.xx.2015-ci ildə bağlanmışdır. Müqavilə müddəti 12 ay-19 noyabr 2016-cı ildə bitmişdir. İddiaçı 2019-cu ildə iddia ilə məhkəməyə müraciət etmişdir. B inəqədi rayon Məhkəməsinin 2(001)-8856/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı məhkəməyə ağlabatan müddətdə müraciət etməmişdir. Belə ki, 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının müddəti 31 dekabr 2019-cu il tarixdə başa çatmışdır. Həmin vaxtdan 3 üç ildən artıq müddət keçmiş, bu müddət ərzində bank tərəfindən borcla bağlı hər hansı tədbir görülməmişdir. Ona görə də göstərilən müddət ağlabatan hesab edilə bilməz.
11. Məhkəmə öz mövqeyni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 372.2, 375.2-ci maddələrinə və Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər bank tərəfindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublika sında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baş tutan məhkəmə iclasında Cavabdeh iştirak etmiş, bankın nümayəndəsi tərəfindən restruktrizasiya müqaviləsi üçün Banka yaxınlaşması təklif olunmuş, lakin cavabdeh tərəfindən restruktrizasiya müqaviləsinin bağlanması üçün heç bir hərəkət həyata keçirilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərardadında müvafiq fərmanın vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddətin bankların ziyanına istifadə oluna bilməyəcəyi qeyd olunmuşdur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ilə əlaqədar iddia ərizələri həmin dövr ərzində-təqribən, 2019, 2020 və bəzi işlərdə hətta 2021-ci il tarixlərdə baxılmamış saxlanılmışdır. Bank tərəfindən fərmanın tətbiqi prosedurları tam yekunlaşana qədər gözlənildiyi üçün yenidən eyni kredit üzrə məhkəməyə ancaq 03 noyabr 2022-ci il tarixdə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərardadı ilə ərazi aidiyyəti üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 08 dekabr 2022-ci il tarixdə müraciət olunmuşdur.
14. Bakı Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2850/2023 nömrəli iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər-F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdıyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə vurğulamışdır ki, iddiaçı iddia müddətinin tərəflərindən ötürülmədiyinin dəlili kimi, fərmanın tətbiqi prosedurlarının gec yekunlaşmasını, onların da bu prosedurların tam yekunlaşmasını gözləmələrini göstərir. Lakin, bu dəlillə bağlı qeyd edilməlidir ki, sözügedən fərmanla bağlı prosedurların yekunlaşması üçün son müddət 31 dekabr 2019-cu il tarix müəyyən edilmişdir. Qanunun mənasına görə artıq bu tarixdən sonra iddia müddətinin axımı davam etməli idi. Cavabdehin banka restruktrizasiya ilə bağlı müraciət etməməsi də iddia müddətinin ötürülməməsinin dəlili kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı ilk dəfə 2019-cu ilin noyabr ayında məhkəməyə öhdəliklərin icra müddəti başa çatdıqdan 3 ilə yaxın müddət keçdikdən sonra müraciət etmişdir. Mülki Məcəllənin 381.1-ci maddəsinin məzmununa əsasən iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etməli idi. 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının müddəti 31 dekabr 2019-cu il tarixdə başa çat sa da, iddiaçı tərəfindən məhkəməyə 09 dekabr 2022-ci il tarixdə müraciət olunmuşdur. Belə olduğu təqdirdə isə müddətin ötürülməsi aşkardır.
16. Şikayətin digər dəlili Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərardadında fərmanın tətbiqi ilə bağlı ağlabatan müddətin müəyyən edilmədiyi ilə bağlı isə qeyd edilməlidir ki, məhkəmənin ümumiyyətlə belə bir müddət təyin etmək səlahiyyəti olmamışdır. Şikayətin müqavilə üzrə iddia müddətinin axımının tərəflərin öhdəliklərinin tam həcmdə yerinə yetirdikdən sonra başlanmalı olması ilə bağlı dəlilinə münasibətdə qeyd edilməlidir ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Ümumiyyətlə əgər öhdəlik tam icra edilirsə, deməli məhkəmə mübahisəsi də mövcud olmur, dolay ısı ilə hər hansı iddia müddətinin axımının başlanması istisna olunur.
17. Məhkəmə öz mövqeyini, Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 373.2, 375.2, 377.1, 377.3, 379.1, 379.1, 379.1.6, 380.1, 381.1, 385.1, 386.1, 739.1, 739.2-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 14.2, 77.1, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, məhkəmə iş üzrə qətnamə çıxararkən cava bdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımı müqavilənin icra müddətinin bitdiyi tarixdən hesablanması və iddia tələbinin rədd edilməsi düzgün deyil. Çünki hakim işin tam və obyektiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı ərizəyə mövqeyini öyrənməli idi. Bakı Apellyasiya Məhkəməsi iddia ərizəsini iddia müddətinin tətbiq edilməsi əsası ilə rədd edərək iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqların pozulubpozulmamasını nəzərə almamışdır. Belə ki, iddia tələbinin mahiyyətindən də görünür ki, cavabdehlə kredit müqaviləsi bağlanmış və cavabdeh həmin kredit müqaviləsi üzrə 10.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi təşkil edir. Beləliklə, iddiaçının hazırkı iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququnda irəli gəldiyindən iddia tələbi təmin olunmalıdır və iddia ərizəsinə tələb olunan məbləğlər cavabdehdən tutulmalıdır. Lakin məhkəmə sözügedən mübahisəni araşdırmadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək iddianı rədd etmişdir və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsi həyata keçirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 372.1 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yet irməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
22. Maddə 372.2 Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
23. Maddə 373.1 Ümumi iddia müddəti on il təşkil edir.
24. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
25. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
26. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qayd adan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
27. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
28. Maddə 380.1 Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
29. Maddə 381.1 Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarı: “...kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdik ləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
40. Bununla yanaşı, iddiaçının müddətin ötürülməməsi ilə bağlı kasasiya şikayətində istinad etdiyi xüsusatlarla bağlı qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemi kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı hazırki iddia müddətinin axımını dayandırmamışdır. Çünki əvvəla Fərmanın özündə bu barədə müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, Mülki Məcəllənin 379.1.3-cü maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyətinin (Nazirlər Kabinetinin) öhdəliklərin icrası üçün moratoriumu da yoxdur.
41. İkincisi isə, iddiaçının da qeyd etdiyi kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu il dekabrın 31-də başa çatması göstərilmişdir.
42. Həmin müddət başa çatdıqdan 3 ilə yaxın müddət keçəndən sonra, yəni 09 dekabr 2022-ci il tarixində məhkəməyə müraciət edilmişdir ki, bu müddət də « Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanla müəyyən edilən zəruri prosedurlara sərf edilmiş iddia müddətinə daxil olmayan ağlabatan müddət hesab edilə bilməz.
43. Əlavə olaraq qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində apellyasiya kollegiyası tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir.
44. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi münasibətdə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO QSC "xxxx" KB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2850/2023 nömrəli, 05 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.