Məhkəmə qərarları › İş №2(102)-3456/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3456/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3456/2021 16.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-nə qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə artıq ödənilmiş pulun qaytarılması, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1022/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ilə Cavabdeh ASC-nin Nərimanov filialı arasında bağlanmış 03 iyul 2008-ci il tarixli 169 saylı kredit müqaviləsinə əsasən iddiaçıya illik 17% olmaqla 12 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli 2(006)-6078/2015 saylı qətnaməsindən müəyyən edilir ki, 03 iyul 2008-ci il tarixli 169 saylı kredit müqaviləsi üzrə İddiaçı ödəməli olduğu faiz borcu üzrə bundan iki dəfədən artıq 79303,44 ABŞ dolları ödəniş etmiş, lakin cavabdeh bank tərəfindən müqavilənin müddəti bitdikdən sonra əsassız olaraq yenidən faizlər hesablanmış, ona görə də, məhkəmə tərəfindən hesablanmış 12236,07 ABŞ dolları məbləğində faizlər in silinməsini cavabdehə həvalə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində birinci icraat İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 iyul 2008-ci il tarixli 169 saylı kredit müqaviləsi üzrə ödəməli olduğu faiz borcundan artıq ödədiyi 45303,44 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 iyul 2008-ci il tarixli 169 saylı kredit müqaviləsi üzrə ödəməli olduğu faiz borcundan əlavə olaraq 45303,44 ABŞ dolları məbləğində artıq ödəniş edilməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuşdur. Cavabdehin nümayəndəsi Ə.Hümbətov iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli 2(006)-4655/2019 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçının cavabdeh banka ödədiyi artıq pul məbləğinə dair münasibətin qanuni əsasını mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları təşkil edir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Cavabdehin nümayəndəsi Ə.Hümbətov iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, həmçinin iddia müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət olunmadığından iddia tələbi rədd olunmalıdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli 2(006)-4655/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İsmayıl Xəlilov) 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin olunması, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03 iyul 2008-ci il tarixli 169 saylı kredit müqaviləsi üzrə artıq ödənilmiş 45303,44 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş Azərbaycan manatının ABŞ dollarına nisbətən məzənnəsi ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi istinad etdiyi Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanma müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxsin mülkiyyətində olan əmlakı hesabına hər hansı bir hüquqi əsas olmadan varlanması nəticəsində yaranan münasibətləri tənzimləyir, y əni əsassız varlanma öhdəliyinin yaranması üçün müqavilə əsası tələb olunmur. Lakin iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, yəni onlar arasındakı münasibətlərin əsasında müqavilə dayanır. Həmin müqavilə üzrə də iddiaçı üzərinə düşən bütün öhdəlikləri icra etmiş, bundan əlavə müqavilə üzrə ödəməli olduğu faiz məbləğindən artıq ödəniş etmişdir. Belə olan halda iddia tələbinin qanuni əsasını mülki qanunvericiliyin əsassız varlanmaya dair müddəaları təşkil etməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi artıq ödənilmiş 45303,44 ABŞ dolları məbləğində pul vəsaiti onun mülkiyyətidir, yəni cavabdeh bankla bağladıqları kredit müqaviləsinə görə də ödədiyi pul ödəniş vasitəsi kimi çıxış etməmiş, m ülkiyyət kimi verilib, mülkiyyət kim də geri qaytarılmalıdır. İddiaçının iddia müddətini ötürmüş olması barədə cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsində verilmiş iddia müddətinin tətbiqi ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticə də əsassızdır. Belə ki, iddiaçının iddia tələbi Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyi tələblər kateqoriyasına aiddir. İddia tələbinin əsasını artıq ödənilmiş pul məbləğinin geri qaytarılması təşkil etdiyindən və həmin pul iddiaçı nın mülkiyyəti kimi çıxış etdiyindən hazırki tələbə iddia müddəti tətbiq edilmir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia müddətinin ötürülmüş olması barədə cavabdehin nümayəndəsinin dəlili əsassızdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 18 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Ə.Nurməmmədov - sədrlik edən və məruzəçi, A.Hüseynov və V.Həsənov) 2(102)-4020/2020 saylı 15.10.2020-ci il tarixli qərarı ilə Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13754/2019 nömrə li iş üzrə 18 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdeh Bank arasında 03 iyul 2008-ci il tarixli kredit müqaviləsinin olması, onlar arasındakı münasibətlərin əsasını həmin müqavilənin təşkil etdiyini, bankın həmin müqavilə əsasında varlandığını qeyd etsə də, nəzərə almamışdır ki, müqavilənin müddəti 03 iyul 2009-cu il tarixdə başa çatmış, bununla da borc alan İddiaçı göstərilən tarixdən sonrakı dövr üçün faiz borcu ödəmək vəzifəsi, bankın isə həmin borcu tələb etmək hüququ olmamış, artıq bankın borcalanın hesabına varlanması üçün müqavilə əsası aradan qalxmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli qətnaməsi ilə 03 iyul 2008-ci il tarixli 169 saylı kredit müqaviləsi üzrə borcalan İddiaçı tərəfindən banka 45303,44 ABŞ dolları məbləğində əsassız ödəniş etməsi müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin pulu geri tələb etmək hüququnun olduğunu yəqinliklə bilməsinə baxmayaraq İddiaçı bu barədə yalnız 15 iyul 2019-cu il tarixdə məhkəmədə iddia qaldırmışdır. Halbuki Mülki Məcəllənin 1095-ci maddəsinə görə isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nət icəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədiyindən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Bu səbəbdən qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyasının qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367, 372, 1091.1, 1091.2, 1095-ci maddələrinə istinadən əsalandırılmışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X.Mərdanova - sədrlik edən və məruzəçi, E.Həsənov və F.Babayev) 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(006)-4655/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişd ir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi- nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. İddiaçı cavabdeh Bankla arasında 03 iyul 2008-ci il tarixli kredit müqaviləsinin olması, onlar arasındakı münasibətlərin əsasını həmin müqavilənin təşkil etdiyini, bankın həmin müqavilə əsasında varlandığını qeyd etsə də, nəzərə almamışdır ki, müqavilənin müddəti 03 iyul 2009-cu il tarixdə başa çatmış, bununla da borc alan iddiaçı göstərilən tarixdən sonrakı dövr üçün faiz borcu ödəmək vəzifəsi, bankın isə həmin borcu tələb etmək hüququ olmamış, artıq bankın borcalanın hesabına varlanması üçün müqavilə əsası aradan qalxmışdır. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli qətnaməsi ilə 03 iyul 2008-ci il tarixli 169 saylı kredit müqaviləsi üzrə borcalan İddiaçı tərəfindən banka 45303,44 ABŞ dolları məbləğində əsassız ödəniş etməsi müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin pulu geri tələb etmək hüququnun olduğunu bilməsinə baxmayaraq İddiaçı bu barədə yalnız 05 iyul 2019-cu il tarixdə məhkəmədə iddia qaldırmışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericili kdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 02 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclası barədə ona qanunla məlumat verilməmiş, apellyasiya məhkəməsi işin həqiqi halını düzgün müəyyənləşdirmədiyinə - yəni, iddiaçı ilə cavabdeh bank arasında müqavilə münasibətinin ol masına dair nəticəyə gəlməsinə baxmayaraq - artıq faiz ödənilməsinə qiymət verərkən isə tərəflər arasındakı münasibətə dair işin həqiqi halını təhrif etmiş, təhrif etdiyi hala da maddi hüququn tətbiqində səhvə yol vermişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1091.1. Əsas sız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mü bahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutl ara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. İş üzrə kassasiya məhkəməsinin göstərişləri tam icra edilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası kassasiya şikayətinin tələbin müqavilədən qaynaqlandığı barədə dəlilləri ilə bağlı qeyd edir ki, müqavilənin müddəti 03 iyul 2009-cu il tarixdə başa çatmış, bununla da borc alan iddiaçı göstərilən tarixdən sonrakı dövr üçün faiz borcu ödəmək vəzifəsi, bankın isə həmin borcu tələb etmək hüququ olmamış, artıq bankın borcalanın hesabına varlanması üçün müqavilə əsası aradan qalxmışdır. Qeyd edilən tələb əsassız varlanmadan yaranmışdır. Əsassız varlanma zamanı isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiq edilməsi ilə bağlı maddi hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Bu səbəbdən, kassasiya şikayət i təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1022/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar