Məhkəmə qərarları › İş №2(102)-3476/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3476/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3476/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3476/21 (Açar sözlər: pul) Bakı şəhəri, 01 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-214/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 01 iyun 2021-ci il tarixdə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması-pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 18000 manat pulun və dövlət rüsumu hesabına ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə etibar etdiyindən bir neçə dəfə ona borca pul vermişdir. Cavabdeh həmin borcun bir hissəsini qaytarmış və qalıq borcu qalmışdır. Uzun müddətdir ki, aralarında bu münasibət davam edir. 26 aprel 2019-cu il tarixə cavabdehin ona 18000 manat borcu yaranmışdır. Cavabdeh öz xətti ilə qəbz imzalayaraq ona olan borcunu kredit götürüb qaytaracağını bildirmişdir. Lakin vədinə əməl etməmiş və borcunu ödəməmişdir. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 sentyabr 2020-ci il tarixli, 2(039)-1466/2020 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia tələbi təmin edilərək, Cavabdeh 18000 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh 29 aprel 2019-cu il tarixdə 18000 manat borc pul vermişdir. Cavabdeh iddiaçıdan borc pul alsa da, borcunu qaytara bilməmişdir. Cavabdeh İddiaçı 18000 manat borc aldığını etiraf etmişdir. Həmçinin borc alan zaman borcun əvəzinə girov olaraq iddiaçıya qızıl verdiy ini bildirmişdir. Lakin qızılın verilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Elçin Hüseynov- sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov, Gündüz Abbasov) 2(107)-214/2021 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Yevlax Rayon Məhkəməsi 03.09.2020-ci il tarixli, 2(039)-1466/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya kollegiyası qəna ətini onunla əsaslandırmışdır ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında İddiaçı 18000 manat borcunun olduğunu və bu barədə qəbz imzaladığını etiraf etmiş və həmin borcun müqabilində özünə məxsus qızıl-zinət əşyalarını girov qoyduğunu bildirmişdir. Apellyasiya şikayətində də həmin xüsusat qeyd edilmişdir. Lakin cavabdeh, iddiaçıya olan borcun qaytarılmasına, həmçinin qızıl-zinət əşyalarının girov qoyulmasına dair məhkəmələrə hər hansı sübut növü təqdim edə bilməmişdir. Belə olan halda, cavabdehin iddiaçıya borcunun olmasını sübutetmə yükü iddiaçının, cavabdehin iddiaçıya olan borcunu qaytarması, həmçinin qızıl-zinət əşyalarının girov qoymasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, sonuncu apellyasiya şikayətində qeyd etdiyi halları sübut edən dəlilləri məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Beləliklə, apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olduğundan, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçının sələmçi kimi tanımışdır. Müxtəlif vaxtlarda o, iddiaçıdan faizlə pul götürüb qaytarmışdır. 2011-ci ildə ehtiyacı olduğu üçün özünə məxsus 9 adda olan qızıl-zinət əşyalarını iddiaçıya girov qoyaraq 3500 manat məbləğində 12 faizlə sələm götürmüşdür. Hər ay o, iddiaçıya 400 manat pul ödəmiş, lakin son 2 ildə faiz pulu ödəyə bilməmişdir. Sonradan ehtiyacı olduğuna görə qızılların bir hissəsinin qaytarılmasını tələb etdikdə iddiaçı yaşadığı evin sənədini girov qoymasını istəmişdir. O, evin sənədini girov qoyduqdan sonra pulları qaytarmadığı üçün məcburiyyət qarşısında qalaraq iddiaçıya 18000 manat borcunun olmasına dair qəbz yazıb verərək evin sənədini ondan almışdır. Həmin qəbzin əsasında işə baxan məhkəmələr tərəfindən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Lakin məhkəmələr qətnamə qəbul edərkən bu halları nəzərə almamışlar. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin tə min edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə

448. Əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhk əmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialla rında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması ha lları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və kasasiya şikayəti formal olaraq əsaslandırılmışdır. Belə ki, cavabdeh apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində də iddiaçıya borcunun olmamasını göstərmiş, bu xüsusatla bağlı hər hansı sübuta istinad edə bilməmişdir. Həmçinin cavabdeh kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsini əsaslandıra bilməmiş və göstərməmişdir. Ümumilikdə kasasiya yoxlaması nəticəsində də apelyasiya kollegiyası tərəfindən hər h ansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-214/2021 nömrəli iş üzrə 02 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar