Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3522/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5156/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-ni n ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 26 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 02 oktyabr 2015-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 illik istifadə dərəcəsi 21 faiz olmaqla 36 ay müddətinə 35.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Samir Balaqardaşov küçəsində yerləşən iki otaqlı mənzil ipoteka ilə yüklü edilmiş, həmçinin Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin iyul ayında İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən 21 aprel 2017-ci il tarixə banka cəmi 29.409,98 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun Cavabdeh1 və Cavabdeh3 tutularaq banka ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və əldə olunan vəsaitdən banka olan borcun ödənməsi, mənzil satıldıqdan 1 ay sonra Zülfüqarovların mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilərək onların mənzildən çıxarılması, mənzilin boşaldılaraq banka təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2020 saylı, 21 yanvar 2020ci il tarixli qətnaməsi ilə (hakim: T.Ə.Qurbanov) iddia qismən təmin edilərək Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada cəmi 43.277,67 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulub banka ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin hesabına borcun ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdehlər apellyasiya şikayəti verərək kredit müqaviləsi üzrə borcun məbləğinin düzgün hesablanmasını, iş üzrə ekspertizanın natamam mühasibatlıq sənədləri əsasında keçirilməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosess ual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5156/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin qismən təmin edilib cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bankın xeyrinə cəmi 29.255,91 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun tutularaq banka ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən olunması, mənzilin açıq hərracdan satılaraq ə ldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, mənzilin satıldıqdan sonra 1 ay ərzində Zülfüqarovların həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək qətnamənin faiz borcunun tutulması hissəsində ləğv edilməsini və faiz borcunun 17.529,59 ABŞ dolları məbləğində müəyyən olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şi kayəti verərək əsas kredit və faiz borcunun düzgün hesablanmadan şişirdilməklə tutulmasını, əsas və faiz borcundan onun tərəfindən edilmiş ödənişlərin düzgün çıxılmamasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə kol legiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtın da icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiril məsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qətnaməni hər iki tərəf mübahisələndirdiyindən, cavabdehlərin kassasiya şikayəti isə qətnamənin ləğv edilməsinə yönəldildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh1 bankdan götürdüyü kreditlə əlaqədar tərəflər arasında kredit, zaminlik və ipoteka haqqın da müqavilələr bağlanmışdır. Həmin müqavilələri bağlamaqla cavabdehlər üzərlərinə öhdəliklər götürmüşlər. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməməsi səbəbindən onun həmin müqavilə üzrə, zamin və ipoteka qoyanın isə zaminlik və ipoteka müqavilələri üzrə bank qarşısında məsuliyyətləri yaranmışdır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 462.1, 463.1, 465.2, 467, 472-ci maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3, 39.3.3-cü maddələrinin tələblərinə əsaslanaraq kredit müqaviləsi üzrə borcun İlham və Rəna Yusibovlardan tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul etmişdir. İş üzrə iddiaçı faiz borcunun, cavabdehlər isə kredit müqaviləsi üzrə tutulması qət olunmuş bütün borcların düzgün hesablanmamasını iddia etsələr də, işdən görünür ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə əsas borcun məbləği 25.733,76 ABŞ dolları, faiz borcunun məbləği isə 13.795,49 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Bank borcludan faiz borcuna görə 2972,06 ABŞ dollarının tutulmasını xahiş etdiyindən, lakin iddia tələbinin həcminin qanunla müəyyən olunmuş qaydada artırılmadığından məhkəmə faiz borcuna görə cavabdehlərdən 2972,06 ABŞ dollarının tutulması barədə nəticəyə gəlmişdir. Belə olduqda əsas kredit və faiz borcunun məbləğinin düzgün müəyyən olunmaması barədə tərəflərin göstərdikləri əsaslı sayıla bilməz. Göstərilənlərlə əlaqədar, kol legiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun əsaslandırılmış, qətnamənin ləğv edilməsi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5156/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3522/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3522/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver