Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-357/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi, əsassız varlanma) 22.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1302/2024 nömrəli 7 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları
1. Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, İddiaçı Cavabdeh barəsində etdiyi şikayət əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək, cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 ABŞ dollarının və 122 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə uzun müddət şərikli biznes fəaliyyəti ilə məşğul olmuşlar. Cavabdeh ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaiti alaraq biznes fəaliyyəti ilə məşğul olmuş və ümumilikdə qazancın 5 faizi məbləğində ona mənfəət vermişdir. Sonuncu belə fəaliyyətləri 30 oktyabr 2022-ci il tarixdə olmuş, cavabdeh ondan 26 000 ABŞ dolları götürmüş və daha öncə olduğu kimi 1 ay müddətində gətirdiyi malı satış edərək, pulu hissəvi şəkildə qaytarmağa başlamışdır. Cavabdeh ondan aldığı 26 000 ABŞ dollarından 20 000 ABŞ dollarını qaytarmış, 6 000 ABŞ dollarını isə qaytarmaqda çətinlik çəkmişdir. Cavabdeh əvvəlcə bunu işlərinin zəifliyi ilə izah etmiş, o da cavabdehi bir neçə ay gözləmiş, lakin cavabdeh qalan pulu qaytarmamışdır. Bununla bağlı cavabdehlə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlamış, cav abdeh telefon danışıqlarında ona (iddiaçıya) olan borcunu etiraf etmiş və qaytaracağını bildirmişdir. Lakin cavabdeh qalan borcunu qaytarmamışdır.
4. Birinci instansiya məhkəməsində cavabdeh bildirmişdir ki, iddiaçını 2 ildən çoxdur ki, tanıyır. İddiaçıdan müxtəlif vaxtlarda üzərində qazanc vermək şərti ilə pul götürmüş və aldığı pulu üzərində qazancla birlikdə iddaçıya qaytarmışdır. Sonuncu dəfə iddiaçıdan təxminən 2022-ci ilin may-iyun aylarında 20200 ABŞ dolları və ya 20300 ABŞ dolları almış və həmin pulu da təxminən 2022-ci ilin sonlarında tam şəkildə qaytarmışdır. Onun iddiaçıya heç bir borcu qalmamışdır.
5. Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(073)-654/2024 saylı qətnaməsi ilə (hakim Qalib Paşayev) iddia təmin edilərək, Cavabdeh 6000 ABŞ dolları məbləğdə pulun öd əniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə və 122 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh 2022-ci ilin oktyabr ayında üzərində qazanc vermək şərti ilə iddiaçıdan 26 000 ABŞ dolları almış, həmin puldan 20 000 ABŞ dollarını qaytarmış, qalan 6 000 ABŞ dollarını isə qaytarmamışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh qalan 6 000 ABŞ dollarını qaytarmamışdır.
7. Məhkəmə iclasında cavabdeh iddiaçı ilə aralarında olan telefon danışıqlarından (məhkəmə iclasında dinlənilmiş səs yazısı) sonra qalan 11 000 (on bir min) manatı qaytardığını və iddaçıya borcunun qalmadığını göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1, 1091.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 106.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1302/2024 nömrəli 7 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), İ.Əsədov və S.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya icraatı zamanı da iş materialları tədqiq edilmiş və müəyyən edilmişdir ki, həqiqətən cavabdeh tərəflərin arasında olan səs yazısında iddiaçıya 11000 manat borcu qaldığını etiraf etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində 13 mart 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında da cavabdeh hakim tərəfindən ona verilən suallara: səs yazısı olan vaxtadək iddiaçıya 11000 manat borcunun olduğunu, həmin sə s yazısından sonra borcunu qaytardığını bildirmişdir. Bundan başqa iddiaçı isə cavabdehin həmin puldan 200 manatının cavabdeh tərəfindən kartına köçürüldüyünü, 200 manatının öz həyətlərində qaytarıldığını, 200 manat dəyərində isə qazan alındığını bildirmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, yəni cavabedin 11.000 manat borcunun qalması barədə səs yazısı mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhz buna görə də, iddiaçı tərəfindən təqdim edilən CD disk işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlardan müəyyən etmişdir ki, hazırkı iddia tələbi üzrə iddiaçının təqdim etdiyi CD diskdəki s əs yazısına əsasən cavabdehin 11000 manat borcunun olduğunu etiraf etməsi, həmçinin məhkəmə iclas protokolunda Cavabdeh səs yazısından əvvəl 11000 manat borcu olduğunu bildirməsi tam təsdiq edilmişdir. Lakin cavabdeh səs yazısından sonra həmin pulu qaytardığını bildirsə də, artıq bununla bağlı nə birinci instansiya məhkəməsinə nə də apelyasiya icraatı zamanı sübut təqdim edə bilməmişdir. Əksinə, cavabdeh birinci instansiya məhkəməsində tərəflərin izahatı alındıqdan sonra verilən sual-cavabdan görünür ki, iddiaçı ilə cavabdeh arasında 26.000 ABŞ dolları məbləğində borc münasibəti mövcud olmuş və həmin borcdan qaytarılmayan məbləğ 6000 ABŞ dolları təşkil etmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həm iddiaçının həm də cavabdehin aralarında olan borc müqaviləsi üzrə yaranmış öhdəliyini vermiş olduqları izahatları ilə əlaqələndirmiş, səs yazısında iddiaçının iddiası üzrə etiraf etdiyi 600 manatı nəzərə alaraq cavabdehin borclu qaldığı 11000 manatdan həmin pul çıxılmaqla 10200 yəni, 6000 ABŞ dollarını (o, da nəzərə alınmalıdır ki, tərəflər arasında yaranan borc münasibəti ABŞ dolları ilə olmuşdur) manata məzənnə ilə tutmaqda haqlı olmuşdur.
16. Kollegiya qeyd etmişdir ki, hazırkı işdən də göründüyü kimi cavabdehin 26.000 ABŞ dolları məbləğində pulu iddiaçıdan alması, daha sonra aldığı 26.000 ABŞ dollarından 20.000 ABŞ dollarını qaytardığı, lakin qalan 6.000 ABŞ dollarını qaytarmaqdan imtina etməsi və əsassız varlanması faktı təsdiq olunmuşdur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesab ına pulu əldə etməsini və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçının əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Bu isə onu göstərmişdir ki, iddiaçı cavabdehə qarşı pul tələbi barədə iddiasında haqlı olmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsimbirinci instansiya məhkəməsinin “Beləliklə iddianın təmin edilməsi, Cavabdeh 6000 (altı min) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir” mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.
18. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1 -ci, MPM-in 14.2, 77.1, 88, 217.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti Mülki Məcəllənin 329.2, 739.2, 740.2, 1091.2, MPM-in 14.2, 77.1, 217.1-ci maddələrinə və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarına istinad edilməklə onunla əsaslandırlmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələbləri pozulmuş dur. Belə ki, iddiaçı ilə cavabdeh arasında olan borc müqaviləsinin məbləği 26000 ABŞ dolları təşkil etdiyi halda işin hallarından, eləcə də, həm iddiaçının həm də cavabdehin izahatlarından da görünür ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətlərinə dair heç bir yazılı forma olmamışdır. Halbuki, qeyd edilən maddi hüquq normasının tələblərindən də görünür ki, tərəflər arasında yazılı formaya riayət edilməli olduğu halda buna riayət edilməmişdir. Lakin hər iki instansiya məhkəməsi qeyd edilən MM-nin 740.2-ci maddəsində nəzərdə tutulan maddi hüquq normasına istinad etməli olduğu halda, yalnız tərəflər arasında olan səs yazısına istinad etmişlər. Bundan əlavə, əgər apellyasiya instansiyası məhkəməsi bunu şifahi bağlana bilən əqd kimi qiymətləndirirsə, o halda tərəfin həmin borca dair rəf tarını da müəyyən etməli idi. Ona görə ki, cavabdeh hər iki instansiya məhkəməsində izahatında qeyd etmişdir ki, iddiaçı ilə aralarında qeydə alınmış səs yazısı olan danışıqdan sonra iddiaçıya olan borcunu ödəmişdir. Bu da o deməkdir ki, tərəflərin rəftarı təkcə iddiaçıya münasibətdə deyil, cavabdehə də münasibətdə müəyyən edilməli idi. Həmçinin tərəflər arasında olan münasibətlər kommersiya münasibətlərini ehtiva etmişdir. Bundan əlavə, kredit müqaviləsi isə yazılı formada olmalıdır. Belə olan halda da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbləri pozulmuşdur. Digər bir hal isə qətnamədə əsassız varlanmaya dair normanın tətbiq edilməsidir. Əsassız varlanmada tərəflər arasında hər hansı bir qanuni əsas və ya müqavilə əsasının olmaması şərtləndirilir. Lakin tərəf lər arasındakı razılaşma qeyd edilən maddi hüquq normasının tələbinə uyğun olmasa da, şifahi müqavilə əsası olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə xüsusatları tam araşdırmamış və araşdırmaya səthi yanaşılmışdır. Məhkəmə işi tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, işin faktiki hallarını aydınlaşdırmamış və nəticədə də əsassız olaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdiril miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan ç oxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
30. Maddə
337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (ocümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
31. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir.
33. Maddə 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olar aq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilm əməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiy a məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
46. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin dəlilləri cavabdehin apelyasiya şikayətində irəli sürdüyü dəlillərlə eyni məzmundadır. Apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdıraraq qiymət vermiş və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşmaqla qeyd edir ki, tərəflər aralarında yaranmış öhdəliyi yazılı müqavilə tərtib etməklə təsbit etməyiblər. Buna görə də mə hkəmə cavabdehin iddiaçıya pulu qaytarmaq öhdəliyini əsassız varlanmaya istinad etməklə əsaslandırmaqda haqlı olmuşdur.
47. Cavabdehin aralarında yaranmış münasibətlərin kommersiya münasibətləri olması barədə dəlilləri qətnamənin ləğvinə əsas vermir. Çünki əvvəla cavabdeh bu dəlili aşağı instansiya məhkəmələrində irəli sürməmişdir.
48. Bundan başqa, iddiaçının sahibkarlıq subyekti kimi tanınması üçün əsaslar müəyyən olunmur.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
50. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqəda rdır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1302/2024 nömrəli 7 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.