Məhkəmə qərarları › İş №2(102)-3581/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3581/2019

27.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3581/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh A6 vəkili X9 iştirakı ilə, Cavabdeh A6 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)13566/2018 nömrəli iş üzrə 20 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim Mədinə Bağırova) 10 sentyabr 2018-ci il tarixli qətnaməsi il ə İddiaçı iddia tələbi qismən təmin olunaraq cavabdehlər A6 və Cavabdeh2 84488,46 manat əldən çıxmış fayda və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və cavabdeh A6 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətlərinə əsasən onlara aid mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər A6 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən maddi zərərə görə 126000 və 30 manat dövlə t rüsumunun alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ******** saylı mənzil Ş6 adlı şəxsin mülkiyyətində olmuş, onunla İddiaçı arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş 15.07.2012-ci il tarixli mənzil kirayə müqaviləsinə əsasən qeyd olunan mənzil aylıq kirayə haqqı 500 manat olmaqla 31.12.2016-cı il tarixədək iddiaçıya kirayəyə verilmişdir. Həmin kirayə müqaviləsinin 5.1-ci bəndində göstərilmişdir ki, kirayə götürən kirayə verənin razılığı ilə və onların arasında olan qarşılıqlı etibara əsasən bu müqavilə imzalanadək mənzildə 25000 manat məbləğində yaxşılaşdırma işləri aparılmışdır və bu müqavilə vaxtından əvvəl xitam ediləcəyi təqdirdə həmin yaxşılaşdırmanın məbləği olan 25000 manat kirayəyə verən kirayəyə götürənə ödəyəcə kdər. Qeyd olunan müqavilənin 6.3-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətdə kirayəyə verən mənzili üçüncü şəxslərə satarsa onda kirayəyə verənin bu müqavilədən irəli gələn hüquq və vəzifələri müqavilənin qüvvədə olma müddətinin qalan vaxtı ərzində mənzili satın alan üçüncü şəxsə keçəcəkdir. İddiaçı kirayə müqaviləsinin 5.1-ci bəndində göstərildiyi kimi kirayə verənin razılığı ilə və onların arasında olan qarşılıqlı etibara əsasən müqavilə imzalanadək mənzildə 25000 manat məbləğində yaxşılaşdırma işləri aparmış və 15.07.2012-ci il tarixdən 05.11.2012-ci il tarixədək kirayə obyektini çay evi kimi işlətmişdir. Lakin iddiaçının xəbəri olmadan Ş6 kirayə obyektini 05.11.2012-ci ildə cavabdehlər A6 və Cavabdeh2 satmışdır. 18.09.2015-ci il tarixdə isə Cavabdeh2 mənzilin ona aid hissə sini F6 satmış, sonuncu mənzilin tam mülkiyyətçisi olmuşdur. 05.11.2012-ci ildən 2013-cü ilin may ayına kimi yeni mülkiyyətçilər olan cavabdehlərlə iddiaçı arasında müqavilə münasibətləri davam etmiş, iddiaçı kirayə haqqını əvvəlcə Cavabdeh2, sonralar isə F6 ödəmişdir. 2013-cü ilin may ayında cavabdehlər iddiaçıya bildirmişlər ki, obyekti təmir etdirirlər və təxminən 5-6 aydan sonra yenidən iddiaçının istifadəsinə verəcəklər, ona görə də iddiaçı müvəqqəti olaraq kirayə obyektini boşaltmalıdır. İddiaçı cavabdehlərə inanaraq kirayə obyektini boşaltmışdır. Lakin cavabdehlər iddiaçını aldadaraq sonradan onu obyektə buraxmamışlar. Cavabdehlər iddiaçını kirayə obyektinə buraxmamaqla və həmin obyektdən iddiaçının istifadə etməsinə imkan verməməklə iddiaçıya külli miqdarda maddi zərər vurmuşlar. B elə ki, iddiaçı həmin kirayə obyektini çay evi kimi işlədərək hər ay orta hesabla 3000 manat gəlir əldə edirdi. Cavabdehlər iddiaçını 2013-cü ilin may ayından 31.12.2016-cı il tarixədək, yəni 42 ay müddətində kirayə obyektini istifadə etməkdən məhrum etməklə və buna imkan verməməklə ona böyük məbləğdə maddi zərər vurmuşlar. Belə ki, iddiaçı kirayə obyektindən istifadə etməklə hər ay 3000 manat gəlir əldə edəcəkdi ki, bu da 42 ay ərzində 126000 manat qazanc deməkdir. Bununla da iddiaçı cavabdehlərin təqsiri üzündən 126000 manat əldən çıxmış fayda şəklində maddi zərərə düşmüşdür. Buna görə də həmin maddi zərər cavabdehlər tərəfindən iddiaçıya ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cava bdeh A6 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Sadələşdirilmiş Vergi ödəyicisinin gəlirini müəyyən etmək mümkün olmadığından xüsusi bilik tələb edən halları müəyyən etmək üçün mühasibatlıq ekspertizası təyin olunması barədə vəsatət verilsə də, məhkəmə vəsatəti əsassız olaraq təmin etməmişdir. Məhkəmə tərəfindən aparılmış hesablamaya əsasən İddiaçı 2012-ci ilin 3-cü rübü üçün təmiz gəliri 3420,07 manat götürülmüşdür. Məhkəmə göstərilən məbləği təmiz gəlir kimi nəzərə alarkən X6 göstəricilər qrafasına istinad etmiş, həmin qrafada təqdim edilmiş malların dəyərini, yəni 4604 manatı əsas götürmüş və həmin məbləğdən xərcləri (xərclər-500+184,17+500 man=1201) çıxaraq 3424,07 manatı təmiz gəlir kimi götürmüşdür (4604,24-1201=3403,24). Məhkəmə tərəfindən hesablanma düzgün aparılmamışdır. Belə ki, xərclər bölməsindəki birinci 500 rəqəmi icarə haqqını, ikinci 184 manat rəqəmi ödənilmiş vergini, üçüncü 500 manat muzdlu işlə əlaqədar məsrəfləri göstərir. Deməli 1 rübbdə 3 ay olduğundan (icarə haqqı, aylıq 500 manat təşkil edir) məhkəmənin tərtib etdiyi hesablama cədvəlində icarə xərcləri 500 manat deyil 1500 manat göstərilməli idi. Digər rüblər üçün hesablama aparılarkən də eyni yanlışlıqlara yol verilmişdir.Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarına əsasən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.İş materialları ilə müəyyən edilir ki, iddiaçının gəlirini müəyyən etmək mümkün deyildir. Hazırkı halda iddiaçının özü tərəfindən gəliri hesablanıb və bu hesablama məhkəmə tərəfindən cədvəl halına salınaraq qanunsuz və əsassiz qətnamə qəbul edilmişdir. Digər tərəfdən iş materialları ilə müəyyən edilir ki, həmin mənzil iddia çının razılığı ilə təmirə dayanmışdır. Təmir müddəti ərzində və təmirdən sonra iddiaçı obyekti işlətməsinin davam etirilməsi barədə müraciət etməmişdir. Halbuki yazılı bildirişlə müraciət etməli idi. Qanunvericiliyin tələbinə əsasən kirayəçi kirayənin davam etdirilməsi barədə bildiriş verməlidir. Kirayəçinin ləğvetmədən şikayət vermək və kirayə hüquq münasibətlərini davam etdirmək niyyəti barəsində bildiriş yazılı formada tərtib edilməlidir. Kirayəçi belə bir arzusu barədə cavabdehə hər hansı bildiriş verməmişdir. Əksinə iş materialları ilə sübut olunur ki, kirayəçi kirayəni davam etdirməkdən özü imtina etmişdir. İddiaçının həmin obyekt işlətməkdən özü imtina etdiyi, həm də onunla sübut olunur ki, İddiaçı 2013-cü ilin may ayında Vergi orqanına ərizə verərək öz fəaliyyətini dayandırmış, 2 013-cü ilin avqust ayında rəsmi ərizə verərək özünə məxsus ********** saylı VÖEN-i bağlatdırmışdır. Deməli İddiaçı həmin obyekti işlətməkdən imtina etmişdir. ********** saylı VÖEN-in bağlanması barədə məlumatların əldə edilməsi məqsədi ilə Vergi orqanına sorğu verilmiş, Vergi orqanı kommersiya sirri olduğundan həmin məlumatları verməkdən imtina etmişdir. Sonradan bu barədə məhkəməyə vəsatət verilmiş, lakin məhkəmə tərəfindən həmin sübutların tələb edilərək götürülməsindən qanunsuz olaraq imtina edilmişdir. Digər tərəfdən obyektin çay evi kimi işlədilməsi ifadəsi tamamilə yanlışdır. Məhkəmə bu zaman yalnız iddiaçının yanlış fikirlərini əsas götürmüşdür. Belə ki məhkəməyə təqdim edilmiş X5 “Əsas fəaliyyət növünün kodu qrafasında fəaliyyət növü Yeməklərin satışı ilə əlaqədar sair xidmətlər ki mi göstərilmişdir. Qüvvədə olan mülki qanunvericiliyin tələbinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Əgər mənzil kirayəsi müqaviləsinin müddəti on bir aydan çoxdursa, onda həmin hüquq da dövlət qeydiyyatına alınmalıdır. Göründüyü kimi qanunvericilik faktiki kirayə hüquq münasibətlərini tanımır və iddiaçı ilə cavabdeh arasında hər hansı öhdəlikdən söhbət gedə bilməz. Öhdəliyin yaranması üçün tərəflər arasında müqavilənin olması mütləqdir. (digər əsaslar mövcud deyildirsə) İşdə olan Xətai rayon məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsindən görünür ki, məhkəmə kirayə müqaviləsinin son müddətinədək hazırkı iş üzrə cavabdehlərə kirayə münasibətlərinin davam etdirilməsi öhdəliyini həvalə et mişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Bundan sonra təkrar olaraq iddiaçıya obyekti işlətmək təklif edilsə də, iddiaçı bundan israrla imtina etmişdir. İddiaçının obyekti işlətməkdən imtinası məhkəmə qətnaməsində və məhkəmə iclas protokollarında öz əksini tapmışdır. Eyni zamanda idiaçının iş üzrə çıxarılmış məhkəmə qətnaməsini icraya yönəltməməsi, qətnamənin icrasını tələb etməməsi bir daha göstərir ki, iddiaçı obyekti işlətməkdə maraqlı olmamışdır. İşin hallarından göründüyü kimi iddiaçı özü obyekti işlətməkdən imtina etmişdir. Belə olduğu halda iddiaçının sözügedən obyektə buraxılmamasından söhbət belə gedə bilməz və bu halda zərər yaranmır, mülki hüquq pozuntusu (delikt) baş vermir. Tərəflərin izahatları: Cavabdeh A6 vəkili X11 məhkəmə kollegiyasının iclasında kassasiya şika yətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan a pellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş mübahisləndirilməyən hallarından görünür ki, Bakı şəhəri, *************************** nömrəli mənzil X7 mülkiyyətində olmuşdur. Sonuncu ilə İddiaçı arasında 15 iyul 2012-ci il tarixdə aylıq kirayə haqqı 500 manat olmaqla 31 dekabr 2016-cı il tarixədək mənzil kirayə müqaviləsi bağlanmışdır. Bunda sonra iddiaçı həmin mənzilin təmirinə 25000 manat pul xərcləyərək mənzildən iaşə obyekti kimi istifadə etməyə başlamışdır. İşin mübahisələndirilməyən digər halı ondan ibarətdir ki, mülkiyyətçi Ş6 05.11.2012-ci il tarixdə həmin mənzili alqı-satqı müqaviləsinə əsasən hazırki iş üzrə cavabdehlər A6 və Cavabdeh2 satmışdır. Bundan sonra bir müddət, yəni 2013-cü ilin may ayına qədər iddiaçı ilə kirayə münasibətləri yeni mülkiyyətçilər olar cavabdehlərlə davam etmiş və iddiaçı kirayə haqqını yeni cavabdehlərə ödəmişdir. Bu hal, yəni mənzilə dair kirayə münasibətlərinin yeni mülkiyyətçilər ilə davam etdirilməsi, iddiaçı ilə mülkiyyətçi Ş6 arasında bağlanmış müqavilənin şərtlərinə və Mülki Məcəllənin 699.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. İşin digər halı ilə müəyyən olunur ki, 2013-cü ilin may ayında cavabdehlər mənzili təmir etdirmək istədiklərini bildirmiş və təmirin 5-6 ay davam edəcəyini, təmirdən sonra mənzili yenidən iddiaçıya verəcəklərini bildirmişlər. Bu məqsədlə iddiaçı mənzili boşaltmışdır. Mənzil təmir edilmiş, lakin bundan sonra iddiaçı mənzildən istifadə etməkdən imtina etmişdir. Buna səbəb mənzilin təmirdən sonra istifadə edilməsi üçün nəzərdə tutulmuş təyinatının dəyişdirilərək çayxana kimi deyil, pivə satışının həyata keçirildiyi yer kimi istifadəsinin nəzərdə tutulması və iddiaçının dini baxışlarının buna yol verməməsi olmuşdur. 18.09.2015-ci il tarixdə Cavabdeh2 qeyd olunan mənzilin ona aid hissəsini A6 satmış, bundan sonra mənzil tam mülkiyyət hüququ üzrə sonuncuya məxsus olmuşdur. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək mənzilin təmir edilməyə başlandığı 2013-cü ilin may ayından müqavilənin qüvvədə olduğu 2016-cı ilin dekabr ayına qədər mənzildən istifadə edə bilmədiyini və buna görə də, ona maddi ziyan dəydiyini bildirmişdir. İddiaçı mənzildən hər ay 3000 manat qazanc əldə etdiyini və mənzildən istifadə edə bilmədiyi 42 ay üçün 126000 manat pulu cavabdehlərdən tələb edir. İş üzrə tərəflər arasında bundan əvvəl başqa məhkəmə mübahisəsi olmuşdur. Belə ki, qanuni qüvvəsini almış Bakı şəhəri Xətai rayon məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X8, A6 və Cavabdeh2 qarşı alqı-satqı müqavilələrinin ləğv edilməsi, mənzilin təmirinə çəkilmiş 25000 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması, kirayə müqaviləsinin tələblərinə əsasən mənzilin iddiaçının istifadəsinə verilməsi öhdəl iyinin cavabdehlərə həvalə edilməsi barədə iddiası qismən təmin edilmiş, İddiaçı ilə X8 arasında bağlanmış 15 iyul 2012-ci il tarixli müqavilənin tələblərinə əsasən ünvan 1 ünvanda yerləşən 44 saylı mənzilin iddiaçının istifadəsinə verilməsi öhdəliyinin A6 həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 avqust 2016-cı il tarixli qətnaməsi ilə qətnamədən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçı ilə cavabdehlər arasında kirayə münasibətlərinin bir müddət davam etməsi, cavabdehlərin təqsiri üzündən iddiaçının həmin mənzildən istifadə edə bilməməsi halları öz təsdiqini tapmışdır. Belə ki, apellyasiya instansiy ası məhkəməsi qeyd edilən qətnaməsindən göründüyü kimi, məhkəmə həmin iş üzrə İddiaçı mübahisəli mənzilin onun istifadəsinə verilməsi tələbinə qiymət verərək göstərmişdir ki, “Mülki Məcəllənin 699-cu maddəsinə müvafiq olaraq kirayəşə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Baxılan iş üzrə kirayə müqaviləsi notariat qaydada təsdiq edilmişdir. Yeni mülkiyyətçilər əmlakı əldə edərkən onun iddiaçının kirayəsində olduğunu bildikləri, habelə əvvəlki mülkiyyətçinin razılaşdığı şərlərlə faktiki kirayə müqaviləsini davam etdirdikləri, kirayə haqlarını iddiaçıdan qəbul etdikləri üçün onların müqavilənin dövlət reyestrində qeydə alınmadığına istinadla yüklülük barədə məlumatsız olduqları barədə dəlilləri əsassızdır. Bu baxımdan hazırkı vəziyyətdə mənzilin yeni mülkiyyətçiləri iddiaçı ilə Ş6 arasında bağlanmış 15.07.2012-ci il tarixli müqavilədən irəli gələn məhz kirayə hüquq münasibətlərinin (hüquq və vəzifələrin) daşıyıcısı olmuşlar. Eyni zamanda işin hallarından görünür ki, mübahisəli mənzil təmirə dayandıqdan sonra yeni mülkiyyətçilərin təqsiri üzündən iddiaçının oradan istifadə etməsi qeyri-mümkün olmuşdur. Çünki mənzil təmirə dayananadək iddiaçı sahədən çay evi kimi istifadə etmişdir. Cavabdeh olan yeni mülkiyyətçilər təmirədək və ya təmir zamanı iddiaçıya mənzilin çay evi kimi deyil, pivə satışı yeri kimi yenidən qurulacağı barədə məlumat verməmişlə r. Halbuki, Mülki Məcəllənin 678.2.2-ci maddəsinə əsasən kirayəyə götürülmüş əşyaya hər hansı əhəmiyyətli təsirlə bağlı olan tədbirlərə kirayəçi bu şərtlə yol verməlidir ki, kirayəyə verən tədbirlərin həyata keçirilməsinə üç ay qalmış kirayəçiyə bu tədbirlərin xarakteri, həcmi, başlanğıcı və ehtimal edilən müddəti barəsində, habelə kirayə haqqının mümkün artımı barəsində yazılı bildiriş versin”. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddia tələbini qismən təmin edə n birinci instansiya məhkəməsi X1 hesabatlara istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2013-cü ilin may ayında mənzilin mülkiyyətçiləri mənzildə təmir işləri aparmaq məqsədilə iddiaçının fəaliyyətini dayandırmışlar. Mübahisəli mənzil təmirə dayandıqdan sonra yeni mülkiyyətçilərin təqsiri üzündən iddiaçının oradan istifadə etməsi qeyri-mümkün olmuşdur. Çünki mənzil təmirə dayananadək iddiaçı sahədən çay evi kimi istifadə etmiş, yeni mülkiyyətçilər təmirədək və ya təmir zamanı iddiaçıya mənzilin çay evi kimi deyil, pivə satışı yeri kimi yenidən qurulacağı barədə məlumat verməmişlər. Mənzildə təmir işləri başa çatdıqdan sonra cavabdehlər mənzildən pivə satışı yeri kimi istifadə etdiklərindən, iddiaçı mənzil kirayə münasibətlərini davam etdirmək istəməmişdir. İddiaçı həm söz ügedən müqavilə öhdəlikləri çərçivəsində, həmin müqavilə olmasa belə, mülkihüquq pozuntusu (delikt) normalarına əsaslanmaqla ona dəymiş zərərin əvəzini cavabdehdən istəməyə haqlıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından mübahisəsiz göründüyü kimi, 15 iyul 2012ci il tarixli mənzil kirayə müqaviləsi üzrə münasibətlər həmin mənzil üçüncü şəxsə satılqdıqdan sonra da davam etdirilmişdir, lakin sonradan mübahisə predmeti olan əmlakda yeni mülkiyyətçi tərəfindən təmir işlərinin başlanılması ilə əlaqədar, daha sonra isə yeni mülkiyyətçilər tərəfindən əmlakın istifadəsinin təyinatının kirayəçi İddiaçı mənafeyinə uyğun olmadan dəyişdirilməsi, sonuncu tərəfindən kirayə münasibətlərinin yeni mülkiyyət çinin təqsiri üzündən davam etdirilməsi mümkün olmamışdır. əldən çıxmış faydanın məbləğinin müəyyən olunması mülki qanunvericilikdə Mülki Məcəllənin 1119-cu maddəsində istifadə olunan “itirilmiş qazancın” hesablanılması qaydasına əsaslanır. Yəni, kirayəçinin orta aylıq qazancı (gəliri) onun kirayə müqaviləsi üzrə münasibətlərin pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazancı (gəliri) əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarında olan X4 əsasən müvafiq hesablama apararaq əldən ç ıxmış faydanın məbləğini düzgün hesablamışdır. Məhkəmə kollegiyası məruzəçini, cavabdeh A6nun vəkili X9 izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddə sinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh F6in kassasiya şikayətinə əsasən ona münasibətdə yoxlanılır. Çünki iddiaçı və digər cavabdeh qətnamədən kassasiya şikayəti verməmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən iş materiallarına əlavə edilmiş X4 istinad etmiş və cavabdehlərdən iddiaçının xeyrinə 84488,46 manat pulun tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisələndirilməyən halları ilə 18.09.2015-ci il tarixdə Cavabdeh2 qeyd olunan mənzilin ona aid hissəsinin digər cavabdeh A6 satması, bundan sonra mənzilin tam mülkiyyət hüququ üzrə sonuncuya məxsus olması müəyyən edilmişdir. İşə baxan məhkəmə 2013-cü ilin may ayından 2016-cü ilin dekabr ayına qədər hər iki cavabehdən pulun tutulmasını qət etmiş, lakin Cavabdeh2 mənzilin mülkiyyətçisi olmamasına, onun tərəfindən həmin tarixdən sonra iddiaçıya mənzillə bağlı hər hansı bir maneə törədə bilməməsinə qiymət verməmişdir. Digər tərəfdən məhkəmə iddiaçının tələb etdiyi pulun məbləğini hesablayarkən X4 istinad etmişdir. İş materiallarında olan X2 görünür ki, vergi ödəyicisi olan İddiaçı 2012-ci ilin 3-cü rübü üçün təmiz gəliri 3420,07 manat (4604,24 manat (qarışıq gəlir)-1184,17 manat (xərclər500+184,17+500 man.); 2012-ci ilin 4-cü rübü üçün təmiz gəliri 8799,89 manat (11249,98 manat (qarışıq gəlir)-2450 manat (xərclər-500+450+1500 (500x3) man); 2013-cü ilin 1-ci rübü üçün təmiz gəliri 8206,05 manat (10318,80 manat (qarışıq gəlir)-2112,75 manat (xərclər500+412,75+1200 (400x3) man); 2013-cü ilin 2-ci rübü üçün təmiz gəliri 3713,50 manat (4597,40 manat (qarışıq gəlir)-883,90 manat (xərclər-500+183,90+200 man) təşkil etmişdir. Məhkəmə riyazi hesablama apararaq iddiaçının bir ay üçün təmiz gəlirinin 2011,63 manat (3420,07+8799,89+8206,05+3713,50=24139,51 manat:12 ay) təşkil etdiyi qənaətinə gəlmiş və həmin məbləği 42 ay üçün hesablamışdır. İşdən görünür ki, cavabdeh F6 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərkən həmin məbləğin düzgün hesablanmadığını mübahisləndirmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılan zaman isə cavabdehin vəkili vəsatətlə məhkəməyə müraciət edərək iddiaçının 05.11.2012-ci il tarixdən 23.08.2013-cü il tarixlər üçün təqdim edilmiş bəyannamələrin, sadələşdirilmiş verginin bəyannaməsinə 1 № li əlavəni, illik gəlirləri, (xalis mənfəəti) VÖEN açılması və ləğv edilməsi barədə müvafiq sənədlərin vergi orqanında sorğu edilməsini lakin sorğuya cavab verilməməsini, bu səbəbdən həmin sənədlərin sorğu edilməsi məhkəmədən xahiş etmişdir. Həmçinin cavabdeh tərəf iddiaçının 2013-cü il tarixdən Vergi orqanına müraciət edərək fəaliyyətinin dayandırdığını bildirmiş, bu halın araşdırılması üçün Vergi orqanına sorğu edilməsini məhkəmədən xahiş etmiş, həmin məlumatın müstəqil şəkildə əldə edə bilmədiklərini göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi səbəbini göstərmədən vəsatəti təmin etməmiş, apellyasiya şikayətinin bu dəlili üzrə heç bir araşdırma və əsaslandırma aparmamamış, şikayətin dəlilinə hüquqi qiym ət verməmişdir. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “İ6 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 22.01.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edi lməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixl i qərar).” Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstəril məlidir. Bundan başqa iş materiallarına görə, İddiaçı 2013-cü ilin may ayında obyekt kimi istifadə olunan mənzili boşaltmış, həmin ilin avqust ayında fərdi sahibkar qeydiyyatını vergi orqanında ləğv etdirmiş, Bakı Apellyasiya Məhkəməsinin 23.08.2016-cı il tarixli mənzilin ona təhvil verilməsi barədə qətnaməsinin icrasını tələb etməmiş, cavabdelər tərəfindən mənzilin spirtli içki verilən obyektə çevrilməsini əsas gətirərək kirayə münasibətlərini davam etdirməkdən imtina etmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi göstərilən halları təsdiq edən sübutlara tam və hərtərəfli baxmamış, İddiaçı bu hərəkətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Həmin maddəyə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Bir qayda olaraq hüququ pozulmuş şəxsə vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir. Lakin qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutula bilər. Göründüyü kimi, zərərin əvəzinin ödənilməsində zərərin əvəzinin ödənilməli həcminin düzgün hesablanmasının böyük əhəmiyyəti vardır. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin özünün davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Şübhəsizdir ki, göstərilən şəxslərin davranışlarının dəymiş zərərin yaranmasına və artmasına göstərdikləri təsirə mütənasib olaraq dəymiş zərərin həcmi azaldılmalıdır. Məlumdur ki, zərərin yaranmasının əsasında digər şəxsin təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Lakin bir sıra hallarda zərərin yaranmasının və ya onun artmasının əsasında zərərçəkənin özünün təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Buna görə də zərərin əvəzinin ödənilməli həcmi müəyyən edilərkən zərərçəkənin davranışının həmin zərərin yaranmasına və ya artmasına hansı həcmdə təsir göstərdiyi mütləq nəzərə alınmalıdır. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə g öndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh A6 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-13566/2018 nömrəli iş üzrə 2 0 dekabr 2018-ci il tarixli qətnaməsi cavabdeh A6nun kassasiya şikayətinə əsasən ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar