Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3586/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinə əsasən pulun qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, müqavilənin etibarlılığının mübahisələndirilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(103)3363/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 05 iyun 2021-ci il tarixdə notarial qaydada təsdiqlənmiş müqavilə ilə İddiaçı Cavabdeh hər ay 200 manat ödəmək şərti ilə 7000 manat məbləğində pulu borc vermişdir. Borc alan krediti 05 may 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürür. 2. 05 iyun 2021-ci il tarixli qəbzə əsasən İddiaçı tərəfindən Bakı şəhəri 16 saylı notariat ofisinin depozit hesabına 7000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7000 manat məbləğində pulun və 100 manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarıl masını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ona olan borcunu qaytarmamışdır.
5. İddiaçı birinci instansiya məhkəməsində ərizə təqdim edərək, cavabdehin borcundan 800 manat qaytardığını bildirmiş və qətnamə çıxarılarkən qeyd olunan halın nəzərə alınmaqla, iddianın təmin olunmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsində Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, o, iyun, iyul, avqust, sentyabr aylarında 800 manat ödəmiş, oktyabrda isə 200 manat ödəniş etmişdir. Onun arvadı iddiaçıdan 1500 manata qızıl almış və toydan sonra həmin qızılın pulunu iddiaçıya qaytarmışdır. İddiaçıdan 3000 manat borc götürmüş, onun da 1500 manatını qaytarmışdır. 7000 manat borcu arvadı xəstə olduğu üçün məcbur qalıb imza çəkm işdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(008)410/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Ş.Qədirova) iddia tələbi qismən təmin edilmiş, kredit müqaviləsi üzrə ödənilməli olan 6200 manat məbləğində pulun və 82 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, cavabdeh borcunu qaytarmadığı və bunun üçün real hərəkətlər etmədiyi üçün iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Cavabdehin ödədiyi 800 manat ümumi borc məbləğindən çıxılmalı və iddia tələbi qismən təmin edilərək, cavabdehdən 6200 manat borc tutulub iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
9. Məhkəmə mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 331.1, 334.1, 385.1, 390.1, 448.1, 739.1, 739.2, 740.1, 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(008)-410/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(103)-3363/2023 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və M.A.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri S abunçu Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(008)410/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, cavabdeh özünün kredit müqaviləsinin zorla bağlanmasına məcbur edilməsinə, habelə müqavilənin etibarsızlığına və ya borcun ödənilməsinə dəlalət edən sübutlar təqdim etməmişdir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərindən yayınmaya yönəlik hüquqdan suiistifadəyə şərait yaradan cəhd kimi qiymətləndirilməlidir.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 324, 337-354, 385-390, 425.1, 427.3, 430.1, 432.1, 432.2, 445.1, 529.3, 560.1, 560.2, 439-449, 560, 739, 741, 743, 744-cü, Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
14. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(103)-3363/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni Mülki Məcəllənin 324, 337-354, 385-390-425.1, 427.3, 439-449, 560, 739, 741, 743-ci, Mülki Prosessual Məcəllənin 8, 14, 88, 217-ci maddələrinin pozulması ilə qəbul etmişdir.
16. Belə ki, apellyasiya instansiyası məhkəmə si nəzərə almamışdır ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Ümumiyyətlə borcla bağlı iş materiallarında heç bir mötəbər sübut da yoxdur. Notariusda müqavilə cavabdehə qarşı zor tətbiq edilməklə bağlanmışdır. Cavabdeh iddiaçıdan pul almamış, onu qonşu kimi tanımışdır. İddiaçıdan 3000 manat pulu cavabdehin mərhum həyat yoldaşı almış, əvəzində cavabdeh mərhum həyat yoldaşı ilə bərabər 4000 manat pulu qaytarmışlar. Bundan sonra Rəfayel adlı bir sahə müvəkkili cavabdehi zorla, güc tətbiq etməklə bölməyə aparmış və 8 saat saxlayaraq, notariusa gətirmişlər. İddiaçı özü ilə gətirdiyi pulu Banka göndərmiş, cavabdeh qol çəksə də, pulu sahə müvəkkili Rəfayel götürmüşdür. Məhkəmələr tərəfindən bu hallara lazımi qaydada hüquqi qiymət verilməmişdir.
17. Kassasiya şikayətinə Azərbaycan Respublika sı MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının proses sual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
20. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsin ə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiy i hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürül ən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-cu maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə (mübahisəli hüquq münasi bətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halla rın mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyas ı məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin hazırki şikayətinin dəlillərinə oxşar olan apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
25. Ka ssasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdeh iddiaçının sübut qismində təqdim etdiyi müqaviləni hədə-qorxu nəticəsində imzalanması əsası etibarsız hesab olunmasını tələb edir. Lakin, cavabdeh iddiaya etirazın dəlilləri üzrə işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı mötəbər sübutu təqdim etməmişdir.
26. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin s öykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
27. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 apre l 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(103)-3363/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.