Məhkəmə qərarları › İş №2(102)-363/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-363/2019

16.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-363/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-363/2019 16 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.08.2018-ci il tarixli 2(103)6671/2018 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 02 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova, iş № 2(005)-60/2018) İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada cəmi 114.915,60 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulub iddiaçıya ödənilməsi və tutmanın ipoteka predmeti olan Lənkəran şəhərində yerləşən torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, artıq qalan pul vəsaitinin Cavabdeh2 verilməsi, torpaq sahəsinin ilkin satış qiymətinin 210.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ş.Vəliyev, X.A.Mərdanova və E.M.Həsənov) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 02 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 15 avqust 2012-ci il tarixdə bankla Cavabdeh1 arasında kredit xətti müqaviləsi bağlanmış və həmin müqavilədə bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. 31 yanvar 2014-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 24 ay müddətinə aylıq istifadə dərəcəsi 1,5 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 110.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 30 noyabr 2015-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit müqa viləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi Cavabdeh2 ilə həm zaminlik müqaviləsi, həm də ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi ilə sonuncuya məxsus Lənkəran şəhərində yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. 20 dekabr 2016-cı il tarixdə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ipoteka qoyan Cavabdeh2 bildiriş göndərilmişdir. 2017-ci ilin yanvar ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 153.587,99 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin borclu və zamindən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahi ş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlər kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya kollegiyasının iclasında Cavabdeh1 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdeh və iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Borclu Cavabdeh1 kredit müqaviləsinə əsasən bankdan 110.000 ABŞ dolları məbləğində kredit götürərkən krediti müqavilədə müəyyən olunmuş qaydada və müddətdə banka qaytarması barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməl idir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin müəyyən olunduğu kimi Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyinin icrasını lazımınca yerinə yetirməməsi səbəbindən banka borcu yaranmışdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya hesab edir ki, göstərilən vəziyyətdə bank borcun tutulması barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və məhkəmə iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borcl u kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlamaqla borclu tərəfindən öhdəliyin təmin edilməməsi halı üçün borcun qaytarılması barədə üzərinə öhdəlik götürdüyündən borcun eyni zamanda ondan tutulması qanunun tələbinə uyğun olmuşdur. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən vəziyyətdə, kollegiya hesab edir ki, borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi də qanuni olmuşdur. Kassasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmaması bildirilsə də işdə bunu təsdiq edən sübutlar olmadığından kollegiya kassasiya şikayətinin həmin dəlilini əs assız sayır. İşin yuxarıda göstərilən hallarına və qanunun sadalanan normalarına əsaslanaraq kollegiya hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar