Məhkəmə qərarları › İş №2(102)-3698/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3698/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3698/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3698/2023 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2834/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (bundan sonra – Bank və ya iddiaçı) ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 018-R.P. nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana Bakı şəhəri, Yasamal rayonu, 576-cı məhəllə, Z.Xəlilov küçəsi, bina 2, A blok, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 75,66 kv.m olan 1 otaqlı 313 nömrəli mənzilin alınması üçün 240 ay müddətinə illik 10,15% dərəcəsi ilə 124.024 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 MTK ilə Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 018- R.P. nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh3 MTK borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər.

3. Bankın Problemli kreditlərlə iş Departamenti tərəfindən Cavabdeh2, Cavabdeh1 və “Azman“ MTK-ya göndərilmiş xx.xx.2022-ci il tarixli 228138/2022 nömrəli xəbərdarlıq məktubuna əsasən yaranmış borcun Banka ödənilməsi tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Bank cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-ya qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-dan Bankın xeyrinə 018-R.P. nömrəli xx.xx.2019-cu il tarixli kredit müqavilə sinə əsasən 123.535,15 manat məbləğində əsas borc, 32.544,06 manat məbləğində faiz borcu olmaqla, cəmi 156.079,21 manat borcun, ödənilmiş 443,44 manat dövlət rüsumu və 0,67 manat xidmət haqqının tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehlər kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmələrinə baxmayaraq, öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişlər. Nəticədə tələb olunan məbləğdə borc yaranmışdır.

6. Məhkəmə iclas ında Cavabdeh2 nümayəndəsi Nümayəndə5 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, Bank başqalarından borcu 10%-lə, onlardan isə 15%-lə almışdır. Həmçinin pandemiya dövründə faizin hesablanmasını dayandırmamışdır. Müqavilə üzrə 9 ay ödəniş etmiş, axırıncı ödənişi pandemiya başlayanda mart ayında etmişlər. Pandemiya dövründə ödəniş etməmişdir. Cənab Prezidentin fərmanına əsasən həmin dövrdə faizlərin hesablanması dayandırılmalı olduğundan ödəniş etməmişdir. Banka həmin ilin avqust ayında rəsmi müraciət etmişdir. Bankdan onun mart ayında etdiyi ödənişin fevral ayının ödənişi olduğunu və mart ayının ödənişini edənlərin məktubunun qəbul edildiyini bildirmişlər. Onlar 10% ödəməli olduğu halda 15% ödəməklə artıq ödəniş etmişlər ki, bu ödəniş mart ayının ödənişinə hesablanmalı idi.

7. Məhkəmə iclasında Cavabdeh3 MTK-nın nümayəndəsi Nümayəndə4 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, Cavabdeh3 MTK mənzili satmışdır. Borcun ödənilməsinə heç bir aidiyyəti olmamışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2022-ci il tarixli, 9/6680 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış, 7 avqust 2019-cu il tarixli, 018-R.P saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 7 avqust 2019-cu il tarixli, 018-R.P saylı kredit müqaviləsi üzrə 7 sentyabr 2022-ci il tarixə Banka əsas borc üzrə 123535, 15 manat və faiz borcu üzrə 32544,06 manat olmaqla, cəmi 156079,21 manat borcu yaranmışdır.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-3995/2022 nömrəli iş üzrə 6 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-dan müştərək qaydada 123535,15 manat məbləğində əsas borc və 32544,06 manat faiz borcu olmaqla, cəmi 156079,21 manat pulun və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 444,11 (443,44+0,67=444,11) manat pulun tutularaq Bankın xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 150 manat pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-dan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəz inin hesabına ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçı iddiasını əsaslı edən müva fiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir.

11. Məhkəmə xx.xx.2019-cu il tarixli, 018-R.P saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçının yaranmış əsas və faiz borcu tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin xx.xx.2019-cu il tarixli, 018-R.P saylı kredit müqaviləsinə əsasən 123362,48 manat əsas borc, 32664,71 manat faiz borcu olmaqla, cəmi 156027,19 borcu yaranmışdır. Məhkəmə-mühasibatlıq ekspertiza sının 20 oktyabr 2022-ci il tarixli, 9/6680 nömrəli ekspert rəyindən görünmüşdür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 018-R.P nömrəli kredit müqaviləsi üzrə 7 sentyabr 2022-ci il tarixə əsas borc üzrə 123535,15 manat və faiz borcu üzrə 32544,06 manat borcu müəyyən edilmişdir. İddiaçı iddia tələbini dəqiqləşdiriək ekspert rəyində müəyyən edilmiş məbləğdə-əsas borc üzrə 123535,15 manat və faiz borcu üzrə 32544,06 manat borcun tutulmasını tələb etmişdir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul etmiş və onunla razılaşmışdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 018-R.P saylı kredit müqaviləsi üzrə faiz borcu müəyyən edilərkən ekspert rəyi əsas götürülməli və bu rəylə kredit müqaviləsi üzrə yaranmış 123535,15 manat əsas borc və 32544,06 manat faiz borcu olmaqla, cəmi 123535,15 manat pul tutulmalıdır.

12. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MTKnın mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, onlar, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün borclu ilə birgə məsuliyyət daşıyırlar.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445, 448, 470, 472, 739, 743-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslan dırılmışdır ki, məhkəmə öz qətnaməsində tədqiq etdiyi sübutları obyektiv qiymətləndirməmişdir. Onun təqdim etdiyi sübutlar əsas vermişdir ki, məhkəmə iddiaçının iddia tələbini təmin etməsin. Həmçinin məhkəmə pandemiya olduğunu, pandemiyada əldə olunan qazancın azaldığını və bunun da onun maddi vəziyyətinə mənfi təsirini nəzərə almamışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2834/2023 nömrəli mülki iş üzrə 17 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Məmməd Məmmədov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsinin möv qeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 Bank ilə bağladığı 07 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməmiş, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuş və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmuşdur.

18. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində öhdəliyin pozulmasında, ödənişin gecikdirilməsində təqsirli olmadığını, buna səbəb məhz meydana gələn qarşısıalınmaz qüvvə (pandemiya) olduğunu qeyd etmişdir. Kollegiya hesab etmişdir ki, qeyd edilən hal cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icrasından azad edə bilməz. Belə ki, işin mübahisələndirilməyən halı odur ki, müqavilədə göstərilən məbləğdə pul iddiaçı tərəfindən cavabdehə verilmiş və cavabdeh həmin məbləği qəbul etmişdir. Cavabdehin istinad etdiyi hal, yəni pandemiyanın baş verməsi təkcə cavabdehin deyil, müqavilə üzrə digər tərəfi də gəlir əldə etməkdən məhrum etmişdir. Hazırki halda isə cavabdehin qeyd etdiyi halı əsas götürməklə onu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən azad edilməsi iddiaçının hüquqlarını və tərəf lərin hüquq bərabərliyinin pozulması ilə nəticələnmiş olardı.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443, 445, 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh2 (vəkil Nümayəndə6) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı verilən kredit borcunu tələb etmək hüququndan sui-istifadə etmiş, bu hüququnu vicdanlı şəkildə həyata keçirməmişdir. İddiaçı cavabdehin ondan asılı olmayan səbəblərə görə borcu qaytara bilmədiyini, onda n asılı olan hallarda isə hər hansı gecikməyə yol vermədən, vicdanlı şəkildə öhdəliyini icra etdiyini görsə də, cavabdehi məhkəməyə vermiş, əsas borcla yanaşı ondan faiz borcunu 7 sentyabr 2022-ci il tarixə kimi tələb etmişdir. Halbuki, iddiaçı daha vicdanlı davranaraq işi məhkəməyə vermədən də, danışıqlar yolu ilə, bank-borclu arasında formalaşmış praktikaya uyğun olaraq mövcud kredit müqaviləsinin müddətinin uzadılması, yeni ödəniş qrafikinin verilməsi və ya digər üsullarla da mübahisəni həll edə bilərdi. Digər tərəfdən isə, iddiaçı işi məhkəməyə mövcud kredit gecikmələrinin başlandığı anda deyil, xeyli müddət keçdikdən sonra vermiş, üstəlik faiz borcunu 7 sentyabr 2022-ci il tarixə kimi tələb etmişdir. Halbuki, faiz borcu “vicdanlılıq” baxımından 30 mart 2020-ci il tarixə kimi tələb edi lməli idi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Qərarına əsasən bir çox iş və xidmət sahələri üzrə fəaliyyət, o cümlədən ticarət və ictimai iaşə məkanlarında xidmət dayandırılmış, həmin tarixdən etibarən ölkədə karantin, bəzi hallarda isə xüsusi karantin rejimi hökm sürmüşdür. Belə bir vəziyyət isə müqavilə tərəfləri üçün qabaqcadan nəzərə alınması mümkün olmayan haldır və bu kimi hallara görə tərəflər bir-birlərinə vurmuş olduqları zərərə görə məsuliyyətə cəlb edilə bilməzlər. Məhkəmə isə qeyd olunan halın qabaqcadan müqavilədə nəzərdə tutulmadığını bildirmişdir. Halbuki, demək olar ki, bütün müqa vilələrdə, xüsusilə də kredit müqavilələrində “fors-major” hallar nəzərdə tutulur ki, belə hallarda da öhdəliyin icrası həmin halların aradan qalxmasınadək dayandırılır. Cavabdeh istər iddiaya etirazında, istərsə də apellyasiya şikayətində ondan tələb olunan borcun silinməsini deyil, sadaladığı “etiraz halları”na görə borcu qaytara bilmədiyini, iddiaçının isə bundan istifadə edərək onu vaxtında məhkəməyə vermədiyini, hazırda isə ondan əsassız şəkildə şişirdilmiş faiz tələb etdiyini bildirmişdir. Məhkəmə isə bu cür qeyrivicdanlı davranışa mövqeyini bildirməmiş, cavabdehin öhdəliyini hansı andan etibarən və hansı səbəbə görə icra etmədiyini araşdırmamış, borcun hesablanmasına dair ekspertiza təyin edərkən faiz borcunun hesablanmalı olduğu anı düzgün təyin etməmişdir. Belə ki, öhdəlik gecikdi rildiyi halda aydın məsələdir ki, əsas borc ödəniş qrafiki üzrə icra edilmir, belə olan halda isə faiz borcu da əsas borca görə hesablanır. Qeyd olunan 445.5-ci maddədən də görünür ki, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilmirsə, bu, gecikdirmə sayılmır. 2020-ci ilin mart ayının 30-dan etibarən öhdəliyin icra edilməməsi cavabdehin gecikdirməsi sayılmamalıdır. Çünki öhdəliyin həmin andan etibarən icra edilməməsi onun təqsiri olmamışdır. Belə olan halda isə həmin gecikdirilmə müddətinə görə hesablanmış faiz cavabdehdən tələb edilə bilməz.

22. Kassator qeyd etmişdir ki, iddiaçının iddia tələbi üzrə həqiqətə nail olmaq üçün işə baxan məhkəmə tərəfindən müvafiq növdə məhkəmə ekspertizası təyin edilmişdir. Hazırki mübahisə üzrə məhkəmə borcun hesablanmal ı olduğu tarixi düzgün müəyyən etməmişdir. Tələb edilən faiz borcunun xx.xx.2022-ci il tarixə kimi hesablanmalı olmasına dair sual tamamilə yanlış olmuşdur. Həmin sual üzrə tarix xx.xx.2020-ci il kimi göstərilməli idi.

23. Kassator qeyd etmişdir ki, faktiki olaraq iddiaçı ayrı-seçkiliyə yol verərək (bu da qeyri-vicdanlılığa əks etdirən başqa bir nümunə), cavabdehin öz öhdəliyini icra etməsinə açıq-aşkar mane olan halın (pandemiya şəraitinin) hökm sürdüyü dövrdə cavabdehlə eyni taleyi yaşayan digər müştərilərlə (borclularla) yuxarıda qeyd etdiyi mübahisənin alternativ həlli yollarından istifadə edərək mübahisəni məhkəmədən kənar qaydada həll etmişdir. Lakin cavabdehə gəlincə, əsassız, formal bəhanələrlə məsələnin həllindən yayınmış, cavabdehi daha ağır duruma gətirərək (2020-ci ilin 30 mart tarixindən 2022-ci ilin 7 sentyabrınadək faizlər hesablamaqla) işi birbaşa məhkəməyə yönəltmişdir. İşə baxan məhkəmə bu kimi halları araşdırmamışdır. Araşdırıldığı təqdirdə əlbəttə ki, məhkəmə öz mülahizəsi ilə tərəflər arasında olan müqaviləni ləğv etmək və ya dəyişdirmək səlahiyyətində olmadığı üçün və işə yalnız iddia tələbi həcmində baxa bildiyi üçün tələb olunan borcun hesablanma anını düzgün müəyyən etməli idi.

24. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 425, 445ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 82, 97, 98, 217, 218-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)

25. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

30. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş də lillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməs inin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müə yyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir.

42. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ödənilməli olan kredit müqavilələri üzrə əsas borc və faiz məbləğləri müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit müqavilələrinin şərtləri, həmçinin cavabdeh tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla, borc məbləği müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqi qiliyinə olan təminat kifayət qədər yüksəkdir.

44. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

45. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin kredit üzrə faizlərin xx.xx.2020-ci ildən sonra dayandırılmalı olması, iddiaçıya qarşı bank tərəfindən ayrı-seçkiliyə yol verilərək kreditin qaytarılması üçün güzəştli şəraitin yaradılmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, Cavabdeh2 pandemiya dövründə gəlirlərinin azalması, iş yerinin bağlanması barədə, həmçini bank tərəfindən onunla eyni vəziyyətdə olan borlulara daha güzəştli şərait yaraılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

47. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli 2(103)2834/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar