Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3723/2018 29.05.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 29 may 2018-ci il № 2(102)-3723/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 01 noyabr 2017-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş № 2(005)-1792/17) iddia qismən təm in edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7688,59 (yeddi min altı yüz səksən səkkiz ABŞ dolları, əlli doquz sent) ABŞ dolları məbləğində əsas, 1.092,99 (bir min doxsan iki ABŞ dolları, doxsan doqquz sent) ABŞ dolları məbləğində faiz, 100 (bir yüz) ABŞ dolları məbləğində cərimə borcunnun ödənişin icra edildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov-sədrlik edən və məruzəçi, V.Baxışova və V.Həsənov, iş № 2(103)-11066/1 7) apellyasiya şikayəti təmin edilməyərək Nərimanov Rayon Məhkəməsinin 31 mart 2017-ci qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2017-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin “1.092,99 (bir min doxsan iki ABŞ dolları, doxsan doqquz sent) ABŞ dolları məbləğində faiz, 100 (bir yüz) ABŞ dolları məbləğində cərimə borcu” hissəsində rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: Kreditor İddiaçı borclu Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9261/2016 nömrəli, 27.10.2 016-cı il tarixli məhkəmə əmri ilə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 7.688,59 ABŞ dolları məbləğində əsas, 167,23 ABŞ dolları məbləğində faiz, 57,20 ABŞ dolları məbləğində cərimə, cəmi 7.913,02 ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə əsasən manatla və 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu Cavabdeh1 30.01.2017-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9261/2016 nömrəli, 27.10.2016-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsini və işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9261/2016 nömrəli, 31 yanvar 2017-ci il tarixli qərardadı 27.10.2016- cı il tarixli məhkəmə əmri ləğv edilmiş, kreditor İddiaçı-nin borclular Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 7.688,59 ABŞ dolları məbləğində əsas, 2.445,33 ABŞ dolları məbləğində faiz, 197,33 ABŞ dolları məbləğində cərimə, cəmi 10.331,25 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 26.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borclu Cavabdeh1 İddiaçı-dən 36 ay müddətinə, illik 27% faiz ödəmək şərtilə 8.920 ABŞ dolları məbləğində borc almışdır. 11.03.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 8.746,37 ABŞ dolları təşkil edir və 11 avqust 2019-cu il tarixədək müəyyən edilir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 26.01.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Nəticədə 21 fevral 2017-ci il tarixədək Cavabdeh1 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı-yə 7.688,59 ABŞ dolları məbləğində əsas, 2.445,33 ABŞ dolları məbləğində faiz, 197,33 ABŞ dolları məbləğində cərimə, cəmi 10.331,25 ABŞ dolları məbləğində borcu yaranmışdır. Ona görə də, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 7.688,59 ABŞ dolları məbləğində əsas, 2.445,33 ABŞ dolları məbləğində faiz, 197,33 ABŞ dolları məbləğində cərimə, cəmi 10.331,25 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq edilməməsi ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh1 mübahisələndirmişdir. O, qətnaməni yalnız faiz və cərimə borcunun tutulması hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyini və ə saslılığını yalnız Cavabdeh1 kassasiya şikayətinə münasibətdə və mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məruzəçini dinləyərək, eləcə də kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 01 noyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, borc alanın borc verənin qarşı sında əsas borc kimi 7.688,59 ABŞ dolları, faiz borcu kimi 1.092,99 ABŞ dolları, cərimə kimi 100 ABŞ dolları məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 26.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilənin 2.5-ci yarımbəndində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən 197,33 ABŞ dolları məbləğində cərimə borcunun ödənilməsini də tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə almış və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 100 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 425, 427, 439, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, 1-ci instansiya məhkəməsi həmin məbləğdə pulun borcalandan tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir, qətnamənin borcalana aid olan hissəsinin ləğv edilməsi üçün əsas yoxdur. Zamin qətnamədən apellyasiya şikayəti vermədiyinə görə qətnamənin zaminə aid olan hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddi aya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonnegantiincumbitprobation(sübut etmək yükü təkzib edənin de yil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında isə qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı, şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar məhkəmə tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin həmin hissədə ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə mübahisəndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 01 noyabr 2017-ci il tarixli, 2(103)-11066/17 saylı qətnaməsi mübahisəndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən. Hakimlər. Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov
Məhkəmə qərarları › İş №2(102)-3723/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-3723/2018
29.05.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver