Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3745/2020 17.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: “XXX” X1 X4 (yeni adı “XXX Bank” X4) Cavabdeh: Cavabdeh İddia tələbi: kredit borcunun tutulması Açar sözlər: kredit borcunun tutulması, kassasiya şikayətinin ekspert rəyi ilə bağlı dəlilləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1657/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “XXX” X1 X4 (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6-y-1-0-342-15 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 12 ay müddətinə illik 27 faizlə 4500 ABŞ dolları məbləğində kredit vermişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3998.61 ABŞ dolları əsas borc, 2096.59 ABŞ dolları faiz borcu və 83.68 ABŞ dolları cərimə olmaqla ümumilikdə 6178.88 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunl a əsaslandırılmışdır ki, cavabdeh müqavilə şərtlərini pozaraq, borc öhdəliklərini lazımınca icra etməmiş, nəticədə Banka tələb olunan məbləğdə borcu yaranmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-804/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Kərimov) iddia qismən təmin edilmiş, cavabdehdən 4254.35 ABŞ dolları məbləğində borcun öhdəlik icra olunan zaman üçün Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və ödənilmiş dövlət rüsumunun 20.70 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. Ş ikayət onunla əsaslandırılmışdır ki, Bank tərəfindən hesablanmış faiz borcu həddindən artıq çoxdur. İddia məhkəməyə verilənədək götürdüyü 4500 ABŞ dollar kredit borcunun xeyli hissəsini ödəmişdir Bank tərəfindən borcun miqdarı şişirdilmiş, ödənilmiş məbləğlər mütanasib qaydada əsas və faiz borcundan çıxılmamış, məhkəmə tərəfindən borcun şişirdilməsinə və ödənilmiş məbləğin əsas məbləğdən çıxılmamasına fikir verilməmiş, ekspertiza təyin edilmədən iddia təmin edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertiza tədqiqatının xx xxx 2019-cu il tarixli 33470 ekspert rəyi ilə cavabdehin Banka xx.xx.2015-ci il tarixə olan əsas borcu 4000 ABŞ dolları, faiz borcu isə 1789,20 ABŞ dolları müəyyən edilmişdir. Bundan sonra iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. xx xxxxxxx 2019-cu il tarixli 19176 saylı ekspert rəyinə əsasən, cavabdehin Banka xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) olan əsas borcu 4498,61 ABŞ dolları, faiz borcu 933,20 ABŞ dolları; xx.xx.2018-ci il tarixə (qətnamə qəbul edilən tarixə) olan əsas borcu 4466,70 ABŞ dolları, faiz borcu 50,87 ABŞ dolları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-1657/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə tutu lmalı olan əsas borcun məbləğinin 3998,61 ABŞ dolları, faiz borcunun 50,87 ABŞ dolları müəyyən edilməsi (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), məhkəmə-mühasibatlıq ekspertizanın dəyəri 250 manatın cavabdehdən tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi, iddiaçının kredit borcunu tələb etmək hüququnun yarandığını təsdiq etmiş, lakin təyin edilmiş ekspert rəyinə əsasən belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən kredit borcunun məbləği düzgün müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, ka ssasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmənin istinad etdiyi ekspert rəyi ilə cavabdehin əsas və faiz borcu düzgün hesablanmamışdır. Kassasiya şikayətinə görə iş üzrə təkrar ekspertiza təyin edilməli idi. Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçının cavabdehə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə yeni qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının kobud pozulması ilə çıxarılmışdır. Ekspertin rəyində faiz borcunun azaldılması müəyyən edilsə də əsas borcun azaldılmasına fikir verilməmiş, məhkəmə tərəfindən isə təkrar ekspertiza təyin edilməmiş, daha dəqiq mütəxəssis rəyi alınmadan qətnamə çıxarılmışdır. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddiaçının kassasiya şikayətinin əsaslı olduğunu bildirərək təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiya sı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən hər iki tərəf kassasiya şikayəti verdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müq aviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassatorlar apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu, düzgün tətbiq edilmədiyini ümumi ifadələrlə qeyd etsələr də, bunun nədən ibarət olması ilə bağlı mövqelərini əsaslandırmamışlar. Hər iki kassasiya şikayətinin digər dəlili iş üzrə verilmiş ekspert və mütəxəssis rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə tərəflər işdə olan rəylərlə bağl ı bu cür hallara istinad etməmiş, işə baxarkən belə pozuntular aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “XXX” X1 X4 və Cavabdeh tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1657/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.