Məhkəmə qərarları › İş №2(102)-3775/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3775/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3775/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-nin qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3031/2023 nömrəli iş üzrə 12 may 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh MMC ilə İddiaçı arasında 03 oktyabr 2021-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən borc verən (İddiaçı) 80.000 manat məbləğdə pul vəsaitini borc alana (Cavabdeh MMC-yə) verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə xx.xx.2022-ci il tarixdə tam həcmdə geri qaytarmağı öz öhdəsinə götürmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 80.000 manat məbləğdə pul vəsaitinin, məhkəməyə müraciət üçün ödənilmiş 331,59 manat dövlət rüsumunun, hüquqi xidmətə görə ödənilmiş 200 manat qonorar məbləği olmaqla, ümumilikdə 80.531,59 manat məbləğdə pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini n e-2(006)-479/2023 nömrəli iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia təmin edilmişdir.

4. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... iş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə ilə Cavabdeh MMC-nin X1 arasında bağlanmış 03 oktyabr 2021-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı X3 80.000 (səksən min) manat məbləğində pul borc vermiş, borcalan pulu xx.xx.2022-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bu günə kimi iddiaçıya borcu qaytarmamışdır.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

5. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3 031/2023 nömrəli iş üzrə 12 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İddiaçı (borc verən) ilə cavabdehin (borc alan) arasında xx.xx.2021-ci il tarixdə yazılı formada borc müqaviləsi bağlanıb. Müqaviləyə əsasən iddiaçı öhdəsinə götürüb ki, 80.000 manat pulu cavabdehə borc verəcək, cavabdeh isə öhdəsinə götürüb ki, həmin pulu xx.xx.2022ci il tarixdə geri qaytaracaq. İddiaçı bildirir ki, pulu cavabdehə verib, lakin cavabdeh pulu geri qaytarmayıb. Cavabdeh isə bildirir ki, iddiaçı pulu ona verməyib. Pulun iddiaçı tərəfindən cavabdehə verildiyi sübut olunur. Belə ki, müqavilənin 6.2-c i bəndində qeyd olunub ki, müqavilənin imzalanması ilə cavabdeh 80.000 manat pulu qəbul etdiyini təsdiq edir. Cavabdeh müqaviləni imzalayıb, bununla da pulun ona verildiyini təsdiq edib. Pulun qaytarılması üçün təyin olunmuş vaxt (xx.xx.2022-ci il) çatıb, lakin pul qaytarılmayıb, bundan 9 ay sonra (xx.xx.2022-ci ildə) iddia ərizəsi verilib. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddi anın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinin dəlillərinə görə, müqavilədə qeyd olunan 80.000 manat məbləğində pul vəsaiti cavabdehə ödənilməmişdir. Belə ki, bu halı təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaçı tərəfindən aparılmış ödəniş hüquqi şəxs kimi Cavabdeh MMC-yə mədaxil edilmiş olduğu halda ciddi hesabat blankı olan kassa mədaxil orderi vasitəsilə həyata keçirilməli və MMC tərəfindən iddiaçıya ciddi hesabat blankı olan kassa mədaxil orderinin qəbzi təqdim edilməli idi və yaxud da borc məbləği iddiaçı tərəfindən nağdsız qaydada Cavabdeh MMC-nin bnak hesabına köçürülməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlilləri iddianın əsasları ilə eyn i olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşd ırılması hüququna malikdir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə v ə ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəka rlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosess ual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn sin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Kassasiya şikayətiində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

17. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrü bəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

20. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Borc müqaviləsinin 6.2-ci bəndində qeyd olunmuşdur ki, müqavilənin imzalanması pulun verildiyini təsdiq edir. Cavabdeh də müqaviləni imzalamaqla pulun ona verildiyini təsdiq etmiş, lakin pulu müqavilə ilə nəzərdə tutulan vaxtda qaytarmamışdır.

21. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

22. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3031/2023 nömrəli iş üzrə 12 may 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar