Məhkəmə qərarları › İş №2(102)-3807/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3807/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3807/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3807/2023 (Açar sözlər: borc müqaviləsi, yalan əqd, əsl əqdə aid olan qaydaların tətbiqi, ədalətli məhkəmə araşdırması hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 iyun 2023-cü il tarixli, 2(103)2389/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri 9 saylı Notariat Ofisində təsdiqlənmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı 20.000 (iyirmi min) manat məbləğində pulu Cavabdeh borc vermiş, borclu Cavabdeh borc olaraq aldığı 20000 (iyirmi min) manat pulu hər ay 1700 (bir min yeddi yüz manat), lakin axırıncı ay yəni 2020-ci ilin sentyabr ayında 1300 (bir min üç yüz) manat ödəmək şərti ilə 1 (bir) il ərzində, yəni xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. Eyni tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış notarial razılaşmaya əsasən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin qaytarılmasının müddəti uzadılmış, Cavabdeh xx.xx.2022-ci il tarixədək 20.000 manat məbləğində pulu İddiaçı qaytarmağı öhdəsinə götürmüşd ür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh borc olaraq aldığı 20000 (iyirmi min) manat və 30 manat dövlət rüsumu, cəmi 20030 (iyirmi min otuz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh 23 sentyabr 2020-ci il tarixədək ödəməli olduğu borc olaraq aldığı 20000 manat pul vəsaitinə dair bir ay belə olsa ödəniş etməmiş, dəfələrlə borcunu tələb etməsinə baxmayaraq hər dəfə cavabdeh borcu ödəyə bilmədiyi üçün möhlət istəmişdir. İddiaçı cavabdehə möhlət verməyə razı olaraq 20000 borc pulun qaytarılması müddətini müqavilədə dəyişiklik edərək azaltmağa razı laşmışdır. Belə ki, onunla cavabdeh arasında 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə 01 iyul 2021ci il tarixində əlavə edilmişdir. Həmin əlavəyə əsasən, cavabdehin ondan borc olaraq aldığı 20000 manat pul vəsaitini 1 il ərzində, yəni 01 iyul 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Onunla cavabdeh arasında bağlanmış 23 sentyabr 2019-ci il tarixli M-1186 reyestr nömrəli kredit müqaviləsinin bağlanmasından 3 ilə yaxın müddətin keçməsinə baxmayaq cavabdeh tərəfindən 20000 manat pul qaytarılmamışdır. Cavabdehin borc olaraq aldığı 20000 manat pul vəsaitini geri tələb etsə də, cavabdeh pulu ödəməkdən qəsdən yayınır və borcu qaytarmaqdan imtina edir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2919/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Aytən Novruz ova) ilə iddia təmin edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı borc müqavilələri bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən İddiaçı cavabdehə müqavilə üzrə 20.000 manat məbləğində pul vermiş və bununla da həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan almışdır. Lakin cavabdeh iddiaçıdan aldığı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə, həm də bundan sonra qaytarmamış, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsul iyyət daşımalı, yaranmış borc məbləğini və 30 manat dövlət rüsumunu iddiaçıya ödəməlidir.

7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 390.1, 390.5, 427.3, 442, 445.2, 445.2.1, 448.1, 739.1, 740, 740.2-ci maddələrinə və Mülki Prossesual Məcəlləsinin 14.2,77.1,119.1,217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məşhur vizajistdir, 2019-cu ilin sentyabrında “EDELSS.BAKU” gözəllik salonunda işləməsi üçün özünü həmin salonun sahibi kimi tanıtmış X3 onunla əlaqə saxlayaraq onun salonunda işləməyi təklif etmiş, əvəzində transfer ödənişi kimi 20000 manat eyni zamanda müştərilərdən əldə olunan gəlirin 40-60 % nisbətində bölünməsini təklif edib, o da razılaşıb. Onun öhdəliyi isə müştərilərə xidmət və ən əsası yeni yaranmış bu salonu “İnstaqram” sosial şəbəkəsində olan səhifəsində reklam etmək olub. İddiaçı isə onu aldadaraq əmək müqaviləsi bağlaya bilməyəcəyini əvəzində işçi kimi münasibətləri rəsmiləşdirmək üçün 20000 manatı almasının rəsmiləşdirilməli olduğunu deyib, sonra isə onun işçisi İddiaçı ilə notariusa gedərək borc müqaviləsi imzalayıblar. Bundan sonrakı fəaliyyətində salona aylıq 3-4 min manat qazandırıb, salonun müştəriləri artıb, həmçinin öz müştərilərini salonun digər xidmətlərinə də cəlb edib. Sonradan digər işçilərin əmək müqaviləsi o lduğundan xəbəri olub, o da müqavilə tələb edəndə isə iddiaçı onu hədələməyə başlayıb, polisə müraciət etmək istəyəndə isə ona yeni vədlər verilib, həmçinin əvvəl aldığı 20 000 manatın məhkəmə qaydasında alınacağı ilə hədələnib. Cavabdehin İddiaçı ilə arasındakı müqavilə pərdələnmiş əqddir, reallığı əks etdirmir. Belə ki, iddiaçının bu tip müqavilələr bağladığı digər ustalar da var, həmin müqavilələrin surətlərini Kollegiyaya təqdim edərək qeyd etmişdir ki, onlara da transfer məbləği kimi verilmiş müxtəlif məbləğlər borc müqaviləsi adı altında pərdələnib.

10. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçı tərəfindən Cavabdeh 20.000 manat məbləğində borc pul verilib, müqavilə notariat qaydasında təsdiqlənib, sonradan iddiaçı humanist lik edərək müqavilənin müddətini uzadıb və bu, qətiyyən pərdələnmiş əqd deyil, cavabdeh bu yollarla sadəcə qərarın icrasından yayınmağa çalışır, cavabdeh tərəfindən təqdim edilən digər çoxsaylı borc müqavilələri barədə isə məlumatı yoxdur, hər bir halda qanunvericilik bir neçə adama notarial qaydada borc verilməsini qadağan etmir. Eyni zamanda da göstərmişdir ki, Rübabə xanımın bu məsələyə aidiyyətı yoxdur, ola bilsin ki, o, hərdən bir həmin salona gəlib getmiş olsun, lakin bunun bu mübahisə ilə əlaqəsi ola bilməz.

11. Məhkəmə kollegiyasının iclasında şahid qismində dinlənilmiş X4 bildirmişdir ki, cavabdehi yaxşı tanıyır, əvvəlki salondan bir çıxıblar, danışıqlar onun yanında Rübabə xanımla olub, pul transfer haqqı kimi verilib, oradakı işçilərin çoxu ilə belə razılaşmalar olub, onlar 40/6 0-a işləyirdilər, müştəridən gələn pulun yarısını administrator Yeganə xanıma verirdilər, Nərmin xanım bir il səkkiz ay orada işləyib, Fəridə xanımı onlara mühasib kimi tanıtmışlar.

12. Məhkəmə kollegiyasının iclasında şahid qismində dinlənilmiş X6 bildirmişdir ki, pulu kimin verdiyini bilmir, lakin Nərmin xanımın ora transfer olduğunu, əvvəldən buna görə pul aldığını bilir, özü əvvəllər də Nərmin xanımın xidmətindən istifadə etmişdir. Nərmin xanım həmin salona gələndən sonra o, dəfələrlə onun yanında olmuş, Nəmin xanım həmin salonda bir ildən artıq işləmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2023-cü il tarixli, 2(103)-2389/2023 nömrəli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov (sədrlik edən və məruzəçi), hakimlər N.Ş.Cəfərov və E.C.Kazımov) Cavabdeh tərəfindən ve rilmiş apellyasiya şikayəti təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2919/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia rədd edilmiş, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun iddiaçıdan alınaraq cavabdehə ödənilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin nümayəndəsi iddiaçının cavabdehi haradan tanıması, əvvəllər tanımadığı şəxsə nəyə görə, həm də faizsiz olaraq borc verməsi, birinci müqavilə üzrə pulun hissələrlə hər ay qaytarılması nəzərdə tutulduğu və bu şərtə əməl edilmədiyi, yəni müqavilə müddəti ərzində hər hansı məbləğdə vəsaitin qaytarılmadığı halda, iddiaçının pulunu tələb etməməsi, eləcə də iddiaçının eyni dövrə təsad üf edən və həmin salonda işləyən digər şəxslərə də böyük məbləğlərdə borc verməsinin səbəbləri barədə hər hansı ağlabatan izah verə bilməmişdir. Nümayəndə eyni zamanda məhkəmə tərəfindən iddiaçının məhkəmə iclasında şəxsən iştirakının zəruriliyinə dair qərar verilməsinə baxmayaraq, onun şəxsən məhkəmə iclaslarına gəlməməsi-yayınmasını, eləcə də üçüncü şəxsin də məhkəmə iclasına gəlməməsinin səbəblərinin inandırıcı və ağlabatan izahını verə bilməmişdir. İddiaçının nümayəndəsi hazırkı iddia verilməmişdən qabaq müqavilə öhdəliyinin icrası barədə cavabdehə xatırlatma edilib-edilməməsi, eləcə də iddiaçının istinad etdiyi borc müqaviləsinin icra müddəti çatmadığı (müqavilənin icra müddəti xx.xx.2022-ci il tarixi olduğu halda, iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixində müraciət etmişdir) halda məhkəməyə müraciət edilməsinin səbəblərini də hər hansı şəkildə izah edə bilməmişdir.

15. Cavabdeh tərəfindən təqdim edilmiş, iddiaçı ilə cavabdeh arasında keçən telefon danışığın səs yazısından məlum olur ki, iddiaçı hazırkı mübahisənin ona aidiyyətinin olmadığını, həmin pul münasibətlərinin Rübabə ilə cavabdeh arasında olduğunu təsdiq edir və cavabdehə bütün bu məsələlərini Rübabə ilə həll etməsini tövsiyyə edir.

16. Kollegiya həmçinin bildirmişdir ki, cavabdehin iddiaya etirazındakı müfəssəl izahatı, onun təqdim etdiyi şahid ifadələri, eləcə də iddiaçı ilə həmin salonda işləmiş beş ayrı-ayrı şəxslə bağlanmış borc müqavilələri, habelə iddiaçının məhkəmə iclasından yayınması, onun nümayəndəsi və vəkilinin isə cavabdehin etirazındakı dəlilləri ilə bağlı təqdim etdiyi sübutlara münasibətdə hər hansı ağlabatan və məntiqli izah verə bilməməsi, MPM-in 88-ci maddəsinin tələbləri baxımından ümumilikdə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin etirazı inandırıcı olmaqla əsaslıdır. Belə ki, müəyyən olunur ki, iddiaçının tələbində istinad etdiyi cavabdehlə bağlanmış borc müqavilələri iddiaçı ilə deyil, əslində cavabdehlə onun işlədiyi salonun həqiqi sahibi R.Əsgərova arasında mövcud olmuş işçi işəgötürən münasibətlərini pərdələmək məqsədi ilə üçüncü şəxslə bağlanmış yalan əqddir. Demək ki, tərəflər arasında bağlanmış və iddiaçının da tələbin əsası kimi istinad etdiyi borc müqavilələri Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün fərqli subyektlər arasında formal olaraq bağlanan yalan əqd olaraq əhəmiyyətsizdir.

17. Cavabdehin apellyasiya şikayətinin digər, yəni birinci instansiya məhkəməsi tərəfindən işə onun iştirakı olmadan baxılması barədə dəlilinə əsasən kollegiya qeyd edir ki, mülki işin materialları ilə müəyyən olunur ki, birinci instansiya məhəməsi tərəfindən cavabdehə ünvanlanmış məhkəmə bildirişləri zərfin üzərində “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qayıtmışdır (iş/v. 18, 35. 45.). Lakin rayon məhkəməsi cavabdehin iştirakının təmin olunması üçün zəruri tədbirləri görməmiş, onun məhkəmədə dinlənilməsini təmin etməmiş, nəticədə də rayon məhkəməsi tərəfindən cavabdehin iştirakı olmadan, o dinlənilmədən işə baxılmış, bununla da prosessual pozuntuya yol verilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərba ycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 337.1, 337.3, 337.4, 340.1, 404.1, 404.2, 739.1, 740-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilm əsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticəni əsaslandırmamışdır. Ona görə ki, həmin nəticəni təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mülahizələrə əsaslanmaqla qətnamə qəbul edərək iddianı rədd etmişdir. Transfer məsələsinə gəldikdə bildiririk ki, cavabdehə transfer olunması üçün müqavilə bağlamasına heç bir hal mane olmurdu. Onun izahatlarına inanılsa müqavilə bağlamaqda üstünlük hüququ cavabdehdə idi. Cavabdehin iş yeri, yaxşı qazancı olması, özünün bildirdiyi kimi işlədiyi sahədə kifayət qədər tanınması və s. mövcudduqsa və xahiş-minnətlə işə dəvət edilirdisə, bu halda müqavilə şərtlərini də cavabdeh diktə etməli idi. Lakin məhkəmə bu xüsusatlara əhəmiyyət verməmişdir. 2

1. Belə ki, məhkəmənin gəldiyi nəticə mülahizələrdən ibarətdir və işin faktiki halları ilə təsdiq edilmir.

22. Məhkəmə iclasında dindirilmiş şəxslərə gəldikdə isə kassator qeyd etmişdir ki, həmin şəxslər məhkəmə iclasında bildirmişlər ki, iddiaçı ilə cavabdeh arasında olan pul söhbətlərindən xəbərdardırlar. Lakin onlara bu məlumatları haradan və kimdən əldə etdiklərini bildirməmişlər, məhkəmə də bu xüsusatı araşdırmamışdır.

23. Məhkəmə şahidlərin ifadələrində bildirdikləri məlumatların mötəbərliyini araşdırmamış, onların ifadələrinə tənqidi yanaşmamışdır.

24. Bundan başqa, cavabdehin və şahidlərin ifadələrində işə aidiyyəti olmayan şəxsin adının hallandırılmasının səbəbləri ümumiyyətlə məlum deyil. Məhkəmə bu xüsusata da fikir yönəltməmiş, mövqe bildirməmişdir.

25. Həmçinin, cavabdehin ona qarşı verilmiş iddiaya qarşı dəlilləri mülki işin materialları ilə təsdiq olunmur. Cavabdehin dəlilləri fərziyələrdən uzağa getmir. Məhkəmə cavabdehin fərziyələrinə düzgün hüquqi qiymət vermədiyinə görə iş üzrə qanunsuz, ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də hesab edir ki, məhkəmə qətnaməsi ləğv edilməli və iş yeni məhkəmə baxışına qaytarılmalıdır.

26. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.3, 337.4, 340.1, 404.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 88,, 217-ci və Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şika yətinə qarşı etirazın dəlilləri

27. İddiaçı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2023-cü il tarixli, 2(103)-2389/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

29. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:

30. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 X2:

31. Maddə 6, hissə

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işin in ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

35. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətb iq edilir.

36. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

37. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

38. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti il ə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

39. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

40. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkə mə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 416.1. Kassasiya i nstansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

47. İddiaçı bildirir ki, cavabdehlə aralarında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri var və notarial qaydada bağlanmış kredit müqaviləsinə istinadən 20.000 manat məbləğində pulun cavabdehdən öz xeyrinə tutulmasını tələb edir (§ 1-4).

48. Cavabdeh isə qeyd edir ki, əslində onunla üçüncü şəxs Rübabə Əsgərova arasında sonuncuya aid olan salonda işləməsi ilə bağlı münasibətlər qurulmuş, lakin bu münasibətlər iddiaçı ilə onun arasında bağlanmış borc müqaviləsi ilə rəsmiləşdirilmişdir (§ 9).

49. Birinci instansiya məhkəmə si tələbin qanuni əsası kimi Mülki Məcəllənin 739.1-ci maddəsinə istinadən iddianı təmin etmişdir (§ 5-7).

50. Apellyasiya instansiyası məhkəməsi əvvəlcə tələbin əsaslandığı əqdin etibarlı olubolmamasını yoxlamış və bu qənaətə gəlmişdir ki, iddiaçının istinad etdiyi borc müqavilələri onunla deyil, əslində cavabdehlə onun işlədiyi salonun həqiqi sahibi R.Əsgərova arasında mövcud olmuş işçi işəgötürən münasibətlərini pərdələmək məqsədi ilə üçüncü şəxslə bağlanmış yalan əqddir. Tərəflər arasında bağlanmış və iddiaçının da tələbin əsası kimi istinad etdiyi borc müqavilələri Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün fərqli subyektlər arasında formal olaraq bağlanan yalan ə qd olaraq əhəmiyyətsizdir (§ 16).

51. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

52. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir (§ 35).

53. Əhəmiyyətsiz əqdlərin bir növü olan yalan əqdlərdə tərəflərin bəyan etdikləri (görünən) iradələri əvvəlcədən danışılmış olur. Belə ki, yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlirlər, lakin görünən əqdlə həmin müqaviləni pərdələyirlər. Beləcə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını ar zu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin qəsdi ilə əhatə olunur. Bu səbəbdən pərdələyən əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında da göstərilmişdir ki, “Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur”.

55. Göründüyü kimi, hüquq sistemi qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olan və dürüst davranışları qoruyur. Bu səbəbdən hüquq qaydalarından başqa adlar altında yayınmağı, hüquqa qarşı hiylə işlətməyi, əslində qurulan həqiqi münasibəti pərdələməyi qanun əhəmiyyətsiz sayır və belə hərəkətlərin hüquqi nəticə yaratmadığını bəyan edir. Bu baxımdan edilən aldadıcı davranışın müqavilənin predmetinə, yoxsa tərəflərinə aid olmasının əhəmiyyəti yoxdur.

56. Odur ki, tərəflərin müqavilənin predmeti ilə yanaşı, şəxsə görə də yalan əqd bağlamaları mümkündür. Bu halda əqdin əsl tərəfləri müəyyən bir hüquqi nəticə əmələ gətirmək barəsində anlaşırlar, lakin müqavilənin onlar arasında rəsmiləşdirilməsini hansısa səbəbə görə arzu etmirlər və bu faktı gizlətməyə çalışırlar. Başqa sözlə, əsl (gizlədilən) müqavilənin tərəfləri, üçüncü şəxsləri aldatmaq (xarici aləmə başqa cür görünmək) niyyəti ilə başqa bir şəxsi əqdin tərəfi kimi göstərirlər və bu davranışlar onların qəsdi ilə əhatə olunur.

57. Konstitusiya Məhkəməsi qeyd edilən qərarında göstərmişdir ki, “Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir”.

58. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi qənaətdən belə görünür ki, kreditor İddiaçı ilə borclu Cavabdeh arasında rəsmiləşdirilmiş kredit müqaviləsi həm şəxsə, həm də predmetə görə yalan əqd olmaqla, əslində Rübabə Əsgərova ilə Cavabdeh arasında bağlanmış əmək münasibətlərini pərdələmişdir. Apellyasiya kollegiyası kredit müqaviləsini yalan (əhəmiyyətsiz) əqd saymaqla araşdırmanı dayandırmış və iddianı rədd etmişdir.

59. Halbuki, pərdələyən müqavilə yalan əqd kimi əhəmiyyətsiz olsa da, pərdələnən müqavilə müvafiq forma tələblərinə cavab verməzsə etibarsız hesab edilir. Əgər pərdələnən müqavilə Mülki Məcəllənin 405.1-ci və 406.1-ci maddələrində nəzərdə tutulan forma tələblərinə uyğun gəlirsə əsl əqdin qaydaları tətbiq edilməlidir. Başqa sözlə, pərdələyən əqd yalan olduqda, məhkəmə bunu təsbit etməklə işini bitmiş hesab etməməli, araşdırmanı davam etdirərək pərdələnən əqdin də etibarlı olub-olmadığını araşdırmalıdır. Həmin əqd etibarlı olduqda tərəflərin ondan irəli gələn öhdəlikləri çərçivəsində iddia həll olunmalıdır.

60. Bu səbəbdən Mülki Məcəllənin 340.2-ci maddəsinin üçüncü cümləsində göstərilmişdir ki, “yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir” (§ 35).

61. Konstitusiya Məhkəməsi 18 mart 2022-ci il tarixli qərarında bu xüsusatla bağlı qeyd etmişdir ki, “Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır... Yalan ə qdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir”.

62. Məlum olduğu kimi, qanunvericiliklə nəzərdə tutulmuş forma şərtinə cavab verən müqavilə əsl tərəflər arasında arzu olunan hüquqi nəticələrə səbəb olur, yəni onların qarşılıqlı hüquq və öhdəliklərini meydana gətirir. Belə olan halda, müqavilənin tərəflərinin əsl əqddən irəli gələn öhdəliklərini pozub-pozmadığına ümumi qaydada hüquqi qiymət verilməlidir.

63. Baxılan işdə isə kredit müqaviləsini yalan əqd sayan apellyasiya məhkəməsi bu hallar üzrə araşdırma aparmamış, hüquq münasibətlərinin tərəflərinin əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiqi imkanlarını müzakirə etməmiş, be ləliklə Mülki Məcəllənin 340.2-ci maddəsinin üçüncü cümləsi işə tətbiq olunmamışdır.

64. Bu hallar həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına və nəticə etibarilə iş üzrə düzgün olmayan qətnamə çıxarıldığına dəlalət edir (§ 41, 45).

65. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

66. Odur ki, iş üzrə əhəmiyyət kəsb edən halları işdəki sübutlarla müəyyən etmədən, iddia tələblərinə aidiyyəti maddi hüquq normalarının dispozisiya şərtləri əsasında qiymət vermədən çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

67. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X5 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 30-31).

68. Konstitusiya Məhkəməsi qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanu nları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

69. Göstərilənləri nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

70. Təkrar apellyasiya baxışında iş üzrə yalan əqd nəticəsinə gəlinməsi ilə bağlı sübutlara düzgün qiymət verilmədiyinə dair iddiaçının dəlilləri, eləcə də cavabdehin etirazları təqdim olunmuş sübutlar araşdırılmalı, borc tələbinin əsaslandığı əqdin etibarlı olub-olmaması yoxlanılarkən yalnız müqavilədəki söz və ifadələrin hərfi mənası deyil, tərəflərin əsl iradələrinin nəyə yönəldiyi, hansısa hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, bağlanmış kredit müqaviləsinin bu niyyətləri ifadə edib-etmədiyi, əgər həmin əqdlə başqa bir razılaşmanı pərdələmişlərsə, tərəflərin həqiqi iradələrini gizli tutaraq, üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda əldə etmək istədikləri mənfəətin, habelə gizlədilən əqdin tərəflərinin kimlər və predmetinin nədən ibarət olması, bu kontekstdə 40/60 nisbətində gəlir bölgüsü barədə razılaşmanın tər əflər arasında hansı növ hüquq münasibətinə dəlalət etməsi, xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən müddət bitdikdən sonra cavabdehin faktiki olaraq salonda işləməyə davam etməsinin, sonradan müqavilə müddətinin uzadılmasının səbəbləri, bu halların əsl əqd üzrə öhdəliklərin yerinə yetirilməsi üçün əhəmiyyəti, nəticə etibarilə cavabdehin həmin öhdəlikləri icra edib-etməməsi, habelə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tam və hərtərəfli araşdırılmaqla mübahisəyə yekun hüquqi qiymət verilməlidir.

71. Bu zaman məhkəmə əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər (Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı).

72. Məhkəmə tərkibi onu da qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılması nəticəsində yalan əqdin vergidən yayınma, faktiki əmək münasibətlərinin dövlət orqanından gizlədilməsi və digər bu kimi qanunsuz məqsədlərlə bağlandığı təsbit edildiyi halda aidiyyəti qurumlara rəsmi məlumat verilməsi və ya xüsusi qərardad çıxarılması məsələləri də müzakirə olunmalıdır.

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 iyun 2023-cü il tarixli, 2(103)2389/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar