Məhkəmə qərarları › İş №2(102)-381/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-381/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-381/2023 06.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi, sübutetmə yükü, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-93/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 06 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında 26 aprel 2018-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda iddiaçı tərəfindən cavabdehə 26 oktyabr 2019-cu il tarixədək qaytarmaq şərti ilə 40.000 manat məbləğində borc verilməsi barədə müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40.000 manat borcun və 210 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ilin əvvəllərində uzun müddətdir tanıdığı və dostluq etdiyi Eyvazla söhbət edərkən son uncunun dayısı olan iş üzrə cavabdehin ticarətlə məşğul olduğunu, hazırda pula ehtiyacının olduğunu bildirərək, ona borc pul verməsini xahiş etmiş, Eyvazla uzun müddət dostluq etdiyinə görə ona yox deyə bilmədiyi üçün razılaşmışdır. Sonra Eyvazla birlikdə cavabdehlə görüşmüş, aralarındakı razılaşmaya əsasən xx.xx.2018-ci il tarixdə notariat kontorunda cavabdehlə bir il müddətinə qaytarmaq şərti ilə kredit müqaviləsi bağlayaraq ona 40.000 manat vermişdir. Müqavilədə müəyyən olunmuş müddət başa çatdıqdan sonra borcu tələb etmiş, cavabdeh hər dəfə yaxın vaxtlarda borcunu ödəyəcəyini bildirsə də, ödəməmişdir.

4. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, əslində borc 2014cü ildə 20.000 ABŞ dolları olaraq verilib. İddiaçı onun uzaqdan tanıdığı bir tanışıdır, Bir gün söhbət z amanı bir az pulu olduğunu, dövriyyə verib əlavə gəlir əldə etmək istədiyini bildirmiş, o da razılaşmışdır. Həmin vaxtlar Bakıdan Ukrayna Respublikası və Rusiya Federasiyası ilə əlaqəli alveri edib. İddiaçı ona 20.000 ABŞ dolları pul vermiş, həmin vaxt dolların manata olan məzənnəsi 0.78 manat təşkil edib. Bundan sonra Həştərxana satış məqsədilə çay məhsulu göndərmiş, birinci dəfə həmin alverdən 5000 manat qazanc əldə etmiş, onun yarısı, yəni 2500 manatı iddiaçının payına düşmüş, bu barədə xəbər verəndə iddiaçı verdiyi pulun üzərinə qalmasını, daha sonra alacağını bildirmişdir. Lakin sonradan həmin ticarətdə iflasa uğramış, xeyli ziyana düşmüş və bu barədə iddiaçıya məlumat vermişdir. Bu hadisə 2016-cı ildə baş vermişdir. Bundan sonra iddiaçı ondan pulunu dollar məzənnəsi ilə tələb etmiş, bir dəfə iddiaçıya Bakı şəhərində başqa şəxs vasitəsilə 2000 manat vermişdir. O, həmin şəxsi tanımamış, iddiaçı etibar etdiyi adam olduğunu, pulu ona verməsini demişdir. İddiaçı pulla bağlı onu çox narahat etdiyindən onunla razılaşaraq notariusda borc müqaviləsi bağlamışdır. Həmin vaxt iddiaçıya hazırda borcunun 18500 manat olduğunu demiş, o isə dolların bahalaşdığını, 40000 manat borcunun olduğunu bildirmişdir. Lakin hesabladığı qədər ilə 18500 manat borcu olmuş, əlavə 2000 manat göndərmiş, 16500 manat borcu qalmışdır.

5. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, suala cavab olaraq bildirmişdir ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra cavabdeh iddiaçıya 2000 manat pul göndərmişdir.

6. Naxçıvan Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(078)-370/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Səfərəliyeva) iddia qismən təmin edilərək, cavabdehdən 38000 manatın və ödənilmiş 210 manat dövlət rüsumunun 200 manat hissəsinin alınıb iddiaçıya verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı müqavilə təqdim etməklə pulun cavabdehə verilməsini sübuta yetirmiş, həmin müqavilə həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmışdır. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmiş, cavabdeh isə iddiaçı tərəfindən ona 2014-cü il tarixdə 20.000 ABŞ dolları verilməsini qeyd etsə də, bunu sübuta yetirə bilməmiş, 2018-ci il tarixli kredit müqaviləsinin onun tərəfindən imzalanma sını təsdiq etmiş, reallıqda mövcud olmayan, sadəcə görünüş üçün bağlanan müqavilə olmasına dair heç bir sübut təqdim etməmişdir.

8. Cavabdeh iddiaçıya olan borcundan 2000 manat ödədiyini bildirmiş, iddiaçının nümayəndəsi və vəkili bu halı təsdiq etmişdir. Belə olan halda, iddia qismən təmin edilərək, 2000 manat ümumi borc məbləğindən çıxılmalı, qalan 38.000 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir.

9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 739.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismə n ləğv edilməsini, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, həqiqətdə onun borcu 18500 manat olmuş, müqavilə bağladıqdan sonra 2000 manat qaytarmış və 16500 manat borcu qalmışdır. Məhkəmə dönəmində isə ayrı-ayrı vaxtlarda 700 manat, 200 manat və 900 manat ödəmiş, hazırda 15.600 manat borcu qalmışdır. İştirakı mümkünsüz olduğundan məhkəmə iclasının tarixinin dəyişdirilməsni şifahi şəkildə xahiş etsə də, məhkəmə buna məhəl qoymadan, həmçinin iddiaçının da iştirakı olmadan, məhkəmə çəkişməsini təmin etmədən yekun qərar qəbul etmişdir.

12. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edə rək, bildirmişdir ki, şikayətdə göstərilənlər tamamilə yalan və cavabdehin fərziyyəsi olmaqla, cavabdehin məqsədi vaxtı uzatmaqdan ibarətdir. Bu müddətdə cavabdehə dəfələrlə xəbərdalıq olunmasına baxmayaraq, yalan vədlər verərək pulu qaytaracağını bildirmiş, lakin bununla bağlı real heç bir hərəkət etməmişdir.

13. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(108)-93/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Allahverdiyev (sədrlik edən və məruzəçi), V.Kuimova və Y.Qurbanov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, cavabdeh istər birinci instansiya məhkəməsinə, istərsə də apellyasiya baxışında apellyasiya şikayətində göstərdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin etibarlılığının şübhə altına alınması üçün heç bir hal müəyyən edilməmiş, müqavilə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə yalnız müqavilənin varlığına əsaslanmaqla düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçı tərəfindən müqaviləd ə göstərilən borc məbləğinin cavabdehə verilməsi və ya hansısa hesaba daxil olması barədə bank qəbzləri, hər hansı sübut təqdim edilməmiş, notarial heç bir hərəkət edilməmişdir ki, bu da, müqavilənin sadəcə formal olmasını sübuta yetirən amildir. Eyni zamanda, cavabdehin israrla iddiaçı ilə aralarında 2014-cü ildən etibarən iş münasibətlərinin olması, iddiaçının təsiri və təzyiqi nəticəsində çıxılmaz vəziyyət qarşılığında borc müqaviləsi bağlaması barədə bildirdiklərini nəzərə alınmamış, bu halı araşdırılmamışdır.

17. Məhkəmə sadəcə borc müqaviləsinin varlığını qəbul etmiş, ona əvvəlcədən qiymət vermiş, cavabdehin ifadələrini və sonradan məhkəmə iclasında iştirakını məhdudlaşdıraraq təqdim etdiyi heç bir sübutu qəbul etməmiş, bununla da çəkişmə prinsipini pozmuşdur. b) Kassasiya şikayəti nə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

21. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəf lərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

22. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya e yni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

26. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.

1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual h üquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

37. Kassasiya şikayətinin dəlillərinə münasibətdə, Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, kredit müqaviləsi bağlanarkən əslində pul vəsaitinin alınmadığı, bununla mövcud borcun etiraf edildiyi barədə cavabdehin dəlilləri sübuta yetirilmiş olsa belə, bu hal özü-özlüyündə əqdin etibarsız sayılmasına əsas ola bilməzdi. Belə ki, tərəfl ər arasında mövcud borcun etirafı kredit müqaviləsi kimi rəsmiləşdirildiyi halda yaranmış münasibətin həqiqi xarakteri əsas götürülməklə həmin müqavilə mücərrəd borcun etirafı kimi qiymətləndirilə bilər. Məlum olduğu kimi, müqavilə təfsir edilərkən təkcə söz və ifadələrin hərfi mənası deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, habelə müqaviləyə qədərki və ondan sonrakı danışıqlar, hərəkətlər, qarşılıqlı münasibətlərdə yaranmış praktika və işgüzar adətlər nəzərə alınır (§ 20-21).

38. Qeyd olunmalıdır ki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Başqa sözlə, tərəflər borcun et irafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar. Bununla da tərəflər aralarında daha əvvəl yaranmış münasibətləri nizama salmaq üçün yeni razılaşmanı əsas götürürlər və borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur (§ 25-26).

39. Beləliklə, borcun etirafına dair əqdə istinad edən kreditor(lar) müqavilədəki məbləğdə alacağının olmasını sübut etmək yükündən azaddır. Borcunu etiraf ed ən borclu isə mübahisə halında öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-93/2022 nömrəli mülki iş üzrə 12 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar