Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3849/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3774/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 12 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC-nin (bundan sonra “iddiaçı” və ya “Bank”) Mərkəzi filialı ilə Cavabdeh (bundan sonra “cavabdeh” və ya “Borclu”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK9462082A102 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 83 ay müddətinə, illik 20 faizlə 8078.13 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə Əlavə ilə borclu ödəniş qrafiki üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2030-cu il tarixədək hər ay 180,38 manat, sonuncu ay isə 188,35 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclu kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etməmişdir.
2. Bank tərəfindən xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş və 102 gün olmaqla 617.13 manat məbləğində gecikmə yarandığından borcludan gecikmə borcunu ödəməsini 5 təqvim günü ərzində təmin edilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Bankın xeyrinə 8078.13 manat əsas, 745.85 manat faiz borcu olmaqla, cəmi 8823.98 manat borcun və ödənilmiş 108.24 AZN dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bank tərəfindən cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik gö türsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
5. Birinci instansiya məhkəməsi borcun məbləğinin müəyyən edilməsi məqsədilə 28 noyabr 2023-cü tarixli qərardadla mühasibatlıq ekspertizası təyin etmişdir.
6. Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2024-cü il tarixli, 9/9571 №-li ekspert rəyinə əsasən cavabdehin Banka 25 oktyabr 2023-cü il tarixinə (maliyyə arayışının tarixinə) 8078.13 manat əsas, 622.30 manat faiz borcu vardır. 21 fevral 2024-cü il tarixə (rəyin verildiyi tarixə) isə 8078.13 manat əsas, 1062.90 manat faiz borcu vardır.
7. Cavabdeh iddia t ələbini qismən qəbul etdiyini bildirərək faiz və cərimə borcunun silinməsini xahiş etmiş, borcu ayda 70-75 manat olmaqla ödəyə biləcəyini bildirmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-567/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 8078.13 manat əsas, 622.30 manat faiz borcu olmaqla, ümumilikdə, 8700,43 manat borcun və 108,24 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakim Solmaz Ədilova)
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir.
10. Birinci instansiya məhkəməsi iş üzrə mötəbər sübut olan ekspert rəyini əsas götürərək hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı, faiz borcunun tutulması hissəsində isə qismən əsaslıdır.
11. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına görə Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilmə si məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1- ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə m ülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
12. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaş ı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir.
13. Bu baxımdan, xx.xx.2023-cü il tarixli bildirişə əsasən iddiaçı cavabdehdən həmin müddətə mövcud olan gecikmiş borcu tələb etmişdir. Belə olan halda, tərəflər arasındakı müqavilə münasibətlərinə həmin vaxt xitam verilməmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 421.2, 423.2, 442, 443.1,448.1, 739.1, 739.2-ci və Mülki Prosessual Məcəllənin 78.1, 80-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, faiz borcunun silinməsi və əsas borcun hissə-hissə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ödəmələrin gecikməsi səbəbi əvvəl maddi durumun pisləşməsi olmuşdur. Məhkəmə də buna heç bir hüquqi qiymət verməmişdir. Cavabdehin öhdəliyi icra etməməyi ilə bağlı məhkəmənin gəldiyi hüquqi nəticə səhvdir. Çünki Bank hesablamaları öz mülahizəsinə uyğun aparmışdır. Cavabdeh ödəmədən heç vaxt boyun qaçırmamış, maddi vəziyyəti ağır olduğu üçün borcu ödəməmişdir. Həmçinin cavabdeh Qarabağ müharibəsinin iştirakçısı, veteranı və qazisidir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3774/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Babayev)
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, Bankla cavabdeh arasında xx.xx.2023-cü il tarixində, RGTK9462082A102 saylı kredit müqaviləsi bağlanılmış və cavabdehə istehlak məqsədləri üçün 83 ay müddətinə, illik 20 faizlə 8078.13 manat məbləğində kredit verilmişdir.
19. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyi n pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
21. Apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, ekspert rəyindən də məlum olduğu kimi, cavabdehi n 25 oktyabr 2023-cü il tarixə - maliyyə arayışının verildiyi tarixə əsas borcu 8078.13 manat, faiz borcu - 622.30 manat olmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyil. İddiaçı tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
23. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli bildirişdən də göründüyü kimi, 102 gün olmaqla 617.13 manat məbləğində gecikmə yarandığından Bankın cavab dehdən gecikmə borcunu ödəməsini 5 təqvim günü ərzində təmin etməsini xahiş etmişdir.
24. Cavabdehin borcun hissə-hissə ödənilməsi barədə dəlilinə münasibətdə Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borcun hissə-hissə ödənilməsinə qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra mərhələsində borclunun ərizəsinə əsasən baxılır.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 432.4, 442, 443.1, 448.1, 739.1 və 739.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmu nda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir. Apellyasiya instansiyası məhkəməsi 21 fevral 2024-cü il tarixli, 9/9571 nömrəli ekspert rəyini borc məbləğinin müəyyən edilməsi üçün əsas sübut hesab etməməli və iş üzrə təkrar ekspertiza keçirməli olduğu halda bunu etməmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən bo rclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1 (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (münasibətlərin yarandığı zaman qüvvədə olan re daksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansi yası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
30. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əh əmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, şikayətin dəlillərinə tam qiymət vermişdir.
34. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit müqavi ləsi üzrə borcun qaytarılması barədədir.
35. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Bankla cavabdeh arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.
36. İşdən görünür ki, kredit müqaviləsi üzrə cavabdehin borcunun məbləği ekspert rəyi ilə müəyyən edilmiş, ekspertin rəyi də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddəsinə uyğun qiymətləndirilmişdir.
37. İş üzrə təkrar ekspertiza keçirməli olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçir ilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
38. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyi şübhə altına almaq üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
40. Hazırki işdə isə ca vabdeh şikayətində borc məbləği ilə razı olmadığını ümumi sözlərlə ifadə etmişdir.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3774/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.