Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3861/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunu gecikdirmə faizinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 09.07.2014-cü il tarixli, 22-M-1-0-1004-14 saylı kredit və zaminlik müqaviləsinə əsasən, İddiaçı KB ASC, Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 24 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə aldığı borcu razılaşdırılmış ödəniş qrafikinə uyğun geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına zamin durmaqla təminat vermişlər.
2. Bank müqavilə üzrə öhdəliyini icra edərək kredit vəsaitini Cavabdeh1 vermişdir.
3. Həmin müqaviləyə 13.03.2015-ci il tarixli əlavə sazişinə əsasən, kreditin müddəti 09.03.2017-ci il tarixədək uzadılmış və tərəflər arasında həmin tarixədək ödəniş qrafiki razılaşdırılmışdır.
4. Buna baxmayaraq Cavabdeh1 öhdəliyin icrasını gecikdirmiş, nəticədə banka borcu yaranmışdır. Ban k 19.06.2020-ci ildə aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 09.07.2014 il tarixli kredit müqaviləsi üzrə 4008.93 ABŞ dolları əsas, 2927.06 ABŞ dolları faiz, 4008.56 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 09.03.2017 il tarixdən 14.05.2020 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1014 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 11.958.55 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsa slandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsini lazımınca icra etməmiş, banka yuxarıda göstərilən məbləğlərdə borcu yaranmışdır. Ona görə də həmin borcun tutulmasını tələb edirlər.
7. Cavabdehlər birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaya qarşı yazılı etiraz təqdim etməmişlər.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim A.Qasımov29 sentyabr 2020-ci il tarixli, 2(010)-2948/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 4008,93 ABŞ dolları əsas, 2927,06 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 7035,99 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) borc və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tu tulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə Mülki Məcəlləsinin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslnadırmışdır ki, borcalan Cavabdeh1 09 iyul 2014-cü il tarixli Kredit müqaviləsi ilə götürdüyü öhdəliyi pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı X2 ASC-yə ödənilməli olan əsas borcu vəəsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh tərəfindən qaytarmalı olduğu pulların qanunsuz saxlamaları, qaytarmaqdan boyun qaçırmaları, ödənilməsini digər şəkildə gecikdirmələri və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplaması sübuta yetirilməmişdir. Digər tərəfdən qeyd edilmi şdir ki, hazırki iddia tələbinin irəli sürülməsi kredit müqaviləsinin müddəti bitdikdən xeyli sonra (3 il 3 ay 10 gün) keçəndən sonra baş vermiş və bu həm cərimə borcunun artırılmasına, həm də əlavə faiz borcunun hesablanmasına səbəb olmuşdur. Məhkəmə Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə istinad edərək, cavabdehlər Cavabdeh2 və X1 qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı qeyd etmişdir ki, İddiaçı KB ASC ilə Cavabdeh1 Yunus qızı arasında bağlanmış 09 iyul 2014-cü il tarixli, 27-M-1-0-1004-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsi və həmin müqavilə ilə bağlı 13 mart 2015-cı il tarixli əlavə sazişdən görünür ki, qeyd olunan kredit müqaviləsinin müddəti 09 mart 2017-ci il tarixinə kimi müəyyən edilsə də, zaminlərin təmin etdikləri öhdəliyin icrası vaxtının çatdığı gündən bir i l ərzində kreditor İddiaçı KB ASC (“Yello Bank) tərəfindən cavabdehlərə qarşı iddia tələbi irəli sürülməmişdir. Bu hal isə yuxarıda qeyd olunan Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət edir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) 10 fevral 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(010)-2498/2020 saylı iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 12. "xxxx" ASC, kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İKB ASC ilə borclu Cavabdeh1, eləcə də zaminləri Cavabdeh2 və Cavabdeh3 ilə 09.07.2014-cii il tarixdə Bank hesab, kredit və zaminlik müqaviləsi 24 ay müddətinə bağlanmışdır. Sonradan həmin müqavilənin uzadılması ilə bağlı 13 mart 2015-ci il tarixdə Əlavə saziş borclu Cavabdeh1 ilə və eləcə də zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsinə əlavə bağlanmşdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsini düzgün tövsif etməyərək, qətnamədə səhv nəticəyə gəlmişdir. Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında 09 iyul 2014-cü il tarixli 22-M-l-0-1004-14 N°-li '‘Bank hesab, kredit və zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilə ilə Zaminlərin Bank qarşısında olan hüquq və vəzifələri, həmçinin də zaminlik üzrə münasibətlərə xitam verilməsi halları aşağıdakı kimi müəyyən edilmişdir: Zaminin məsuliyyətini ağırlaşdıran və ya onun üçün qeyri-qənaətbəxş olan şərtləri bu müqaviləyə əlavə edildikdə. Bu müqaviləyə əsasən Zaminlik icrasını təmin etdiyi kredit məbləği, faizlər və digər ödənişlər Banka tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Belə olan halda, müqavilə ilə nəzərdə tutulan halların zaminə münasibətdə mövcud olmamasına baxmayaraq, həmçinin 09 iyul 2014-cü il tarixli 22-M-1 -0-1004-14 №-li “Bank hesab, kredit və zaminlik müqaviləsində qeyd edilən ş ərtlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 1
7. Maddə 462.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
18. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
19. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
20. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyə ti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
21. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (bor c alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərl əndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. Hazırkı işdə tərəflər arasında borc və zaminlik münasibətləri olduğundan iddia tələblərinin hüquqi əsası kimi Mül ki Məcəllənin 462, 472.1, 739, 741-ci maddələri nəzərdən keçirilə bilər (§ 17, 20, 22-23).
30. İddiaçı ödənilməmiş kredit borcuna görə cərimə məbləğinin tam ödənilməsini tələb etsə də, məhkəmələr əsas borc və müqavilə faizinin cavabdehdən tutulmasını, habelə hər iki tərəfin əsaslı mənafelərini nəzərə alaraq cərimə məbləğini azaltmışlar. Belə bir səlahiyyət qanunda nəzərdə tutulduğu üçün apellyasiya məhkəməsinin cərimə tələbi ilə bağlı mövqeyi maddi hüquq normasına uyğundur (§ 18).
31. Kollegiya, kassasiya şikayətini zaminlərə aid hissədə də əsaslı saymır. Ona görə ki, iddiaçı "xxxx" ASC, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı tələbini onların zamin olması barədə 09.07.2014-cü il tarixli müqaviləyə əsaslanmaqla irəli sürmüşdür.
32. Kollegiya vurğulayır ki, müqavilə dedikdə, tərəflərin a rzu edilən hüquqi nəticə əmələ gətirmək üçün bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Zaminlik də kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və onlar arasındakı hüquqi əlaqənin yeganə əsasıdır. Bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də odur ki, zamin qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsız lığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də onun konkret müddətə bağlı olmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində zaminliyin müddətlərinin yuxarı həddi dəqiq müəyyən edilmişdir (§ 21).
33. MM-in 477.0.4-cü maddəsinin məzmunundan göründüyü kimi, qayda olaraq zaminliyin verildiyi müddət müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdir ildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin kəsici müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur.
34. Baxılan işdə zaminliklə təminat verilən kredit müqaviləsinin icra müddəti dəqiq şəkildə göstərildiyindən, hazırkı işə MM-in 477.0.4-cü maddəsinin ikinci cümləsində göstərilən qaydanın tətbiqi mümkündür. Çünki, tərəflər arasında bağlanmış 13.03.2015-ci il tarixli əlavə sazişə əsasən, borcun qaytarılmasının son tarixi 09.03.2017-ci il olaraq razılaşdırılmışdır. Əsas öhdəliyin icra vaxtını həmin tarixdən hesabladıqda "xxxx" ASC, zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı bir il ərzində - 09.03.2018-ci ilədək iddia i rəli sürməli idi. Lakin "xxxx" ASC, həmin dövrdə zaminlərə qarşı iddia qaldırmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Hazırkı iddia isə qeyd olunan müddətin bitdiyi tarixdən iki il üç aydan artıq vaxt keçdikdən sonra, yəni 19.06.2020-ci il tarixdə irəli sürülmüşdür (§ 4).
35. Bu hal ona dəlalət edir ki, kreditor "xxxx" ASC, zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icra müddəti çatdığı gündən bir il ərzində zaminlərə qarşı iddia qaldırmadığı üçün sonuncunun zaminliyinə 09.03.2018-ci il tarixdə qanuna əsasən xitam verilmişdir. Belə olan halda, Cavabdeh2 və Cavabdeh3 zaminliyi aradan qalxdığı üçün onların iddiaçı qarşısında zamin kimi məsuliyyət daşımamaları barədə məhkəmələrin gəldiyi qənaət əsaslıdır.
36. Məhkəmə kollegiyası, öhdəliklərin bankın xeyrinə tam icra ol unduğu vaxtadək zaminliyin qüvvədə qalması barədə kassatorun mövqeyini əsaslı saymır.
37. Ona görə ki, bu barədə razılaşma zaminə münasibətdə hüquqi qüvvəyə malik ola və hüquqi nəticə yarada bilməz. Çünki, belə bir şərt zaminliyin müddətə görə xətm olmasına dair Mülki Məcəllənin 477.0.4-cü maddəsinə ziddir. Tərəflər öz aralarındakı razılaşma ilə zaminə qanunla verilmiş hüququ aradan qaldıra bilməzlər. Kassatorun istinad etdiyi müqavilə şərti zaminə tətbiq ediləcəyi halda zaminliyə müddətin keçməsinə görə xitam verilməsi institutu ümumiyyətlə tətbiq oluna bilməz və əhəmiyyəti aradan qalxardı.
38. Bununla belə Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi borcun illik 5% məbləğinin ödənilməsi tələbinə münasibətdə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
39. Belə ki, həmi n tələbin hüquqi əsası Mülki Məcəllənin 445.7-ci maddəsidir. Normaya görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (§ 16).
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kr editor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
41. Göründüyü kimi, qanunverici, borclu tərəfindən pul öhdəliyinin vaxtında icra edilməməsi halında kreditorun gecikdirilmiş vaxt üçün azı illik beş faiz tələb etmək hüququnu nəzərdə tutmuş və bunu hər hansı şərtdən asılı etməmişdir. Çünki, borclu müqavilə müddəti ərzində öhdəliyini pozmadan müqavilə faizini ödədiyi təqdirdə, müqavilə müddəti bitdikdən və öhdəliyini pozulduqdan sonra icra edilməmiş əsas borcun ən azı illik 5 faizini ödəməlidir. Hazırkı işdə kreditor bankdır. Nəzərə alınmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər ə ldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, onun faizlərinin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Bu baxımdan, hər hansı obyektiv və ağlabatan əsas olmadan, kredit üzrə qanuna əsasən hesablanan gecikdirmə faizi (illik 5%) azaldıla və ya silinə bilməz.
42. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməklə, qətnamə borcun illik 5% məbləğinin ödənilməsi tələbinə aid hissədə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, həmin tələbin yenidən araşdırılması və müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qalan hissələrdə məhkəmə aktı qüv vəsində saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi borcun illik 5% məbləğinin ödənilməsi tələbinə aid hissədə ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.