Məhkəmə qərarları › İş №2(102)-3870/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3870/2019

04.06.2019 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3870/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, iddiaçılar x1nun, x2nın və x3nın Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(004)6196/2018 saylı qətnaməsi ilə (hakim A.Mirzəzadə) iddiaçılar x1, x2 və x3nın cavabdeh x4 qarşı ünvan 1 yerləşən, hər birinə ¼ payla məxsus olan evə 10.000 manat kompensasiya vermək yolu ilə cavabdeh x4 həmin evə olan payına xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-23/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Z.Əliyev, F.Talışinski və Ə.Qasımov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(004)-6196/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir. İddiaçılar x1, x2 və x3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-23/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçılar x1, x2, x3 cavabdeh x4 qarşı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək ünvan 1 ünvanda yerləşən, hər birinə ¼ pay olmaqla məxsus olan evə 10.000 manat kompensasiya vermək yolu ilə x4 həmin evdə olan ¼ payına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, ataları x6 19 may 1995-ci ildə vəfat etdikdən sonra ünvan 1 ünvanda yerləşən ev hərəyə 1/4 pay olmaqla 4 vərəsə - 3 qardaş, 1 bacı tərəfindən vərəsə payı qəbul olunmuşdur. x1, x5, x3 və x4 bərabər hüquqlu vərəsədirlər. Qardaşları x7 vəfat etdiyi üçün onun payını oğlu x4 qəbul etmişdir. x5 18.03.2017-ci ildə vəfat etdiyindən arvadı x2 vərəsəlik şəhadətnaməsi almışdır. Cavabdeh x4 Bakı şəhərində daha 3 ünvanda Yasamal rayonunda, “İran” klinikasının yanında, İnşaatçılar metro stansiyasının yanında və Binəqədi rayonunda iki mərtəbəli həyət evi şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan evlər vardır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-si tərəfindən RX seriyalı ******* saylı çıxarışla atalarından miras qalan, yuxarıda göstərilən evə vərəsələrin adına 1/4 pay olmaqla mülkiyyət hüququnu rəsmiləşdirən çıxarış verilmişdir. Artıq 10 ildir ki, cavabdeh onlarla ən kiçik mübahisəni bəhanə edərək dava salır, onları təhqir edir, nalayiq söyüşlər söyür. Nəyin bahasına olursa olsun onları həyətdən çıxarmağa çalışır, bu barədə dəfələrlə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində araşdırmalar aparılıb və onları münaqişəli ailələr kimi qeydiyyata alıblar. Məhkəmənin 22 fevral 2018-ci il tarixli qətnaməsində göstərilir ki, “Ümumi sahə (1-ci mərtəbə) 93,-+ (2-ci mərtəbə) 96,3+ həyətyanı sahədə ayaqyolu 2,3=192,5:4 hi ssəyə = 48,12 kv.m. Ümumi yaşayış sahəsi 76,0:4 hissəyə = 19,0 kv.m, ümumi köməkçi sahəsi 116,50:4 hissəyə = 29,12 kv.m. Beləliklə, hər bir payçıya 19,0+29,12=48,12 kv.m sahə düşür. Daha sonra həmin qətnamədə göstərilir ki, x4 faktiki istifadəsində olan və texniki pasportda göstərilən sahənin 46,9 kv.m təşkil etdiyini və payına düşən sahənin 40,7 kv.m təşkil etdiyini nəzərə alaraq, cavabdehin (yəni x4) faktiki olaraq istifadə etdiyi sahənin (texniki pasportda göstərilən) ona məxsus faiz hissəyə uyğun olmadığı, bu səbəbdən də həmin hissənin ayrılmasının mümkün olmadığı müəyyən edilir. Beləliklə, ekspert rəyi ilə müəyyən olunur ki, evin naturada bölgüsü (payların ayrılması) qeyri-mümkündür. Ona görə də iddia rədd olunmalıdır. Bu səbəbdən onlar paylarının naturada bölünməsinə dair iddia ərizə si ilə Yasamal Rayon Məhkəməsinə müraciət etsələr də, məhkəmənin 22.02.2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Hal-hazırda cavabdehin yuxarıda göstərdikləri hərəkətləri nəticəsində həyətdə birgə yaşayış mümkünsüz vəziyyətə çatmış, bu vəziyyətin daha ağır nəticələrə səbəb olacağından ehtiyat edərək kompensasiya vermək yolu ilə cavabdeh x4 mülkiyyət hüququna xitam verilməsi barədə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçılar x1, x2 və x3 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-23/ 2019 saylı, 16 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarının izahatları: Cavabdeh x4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş mate rialları ilə müəyyən edilir ki, miras qoyan x6, 19 may 1995-ci ildə vəfat etdikdən sonra miras əmlak - ünvan 1, onun dörd övladı tərəfindən qəbul olunmuşdur (hər biri 1/4 payla). 08.11.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində x1, x5, x3 və x4 (x7 vərəsəsi) həmin ev üzərində bərabər (hər birinin 1/4) paylı mülkiyyət hüququ qeydə alınmışdır. x5, 18 mart 2017-ci ildə vəfat etdiyindən arvadı x2 onun payına vərəsəlik şəhadətnaməsi almışdır. Mülki Məcəllənin 220.1-220.4-cü maddələrinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəl ə bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə v ə ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Göründüyü kimi, paylı mülkiyyətçinin razılığı olmadan digər paydaşların təşəbbüsü (və ya iddiası) əsasında müvafiq kompensasiya ödənilməklə, onun mülkiyyət hüququna xitam verilməsi yolverilməzdir. Başqa sözlə, qanunverici, bu hüququ ümumi mülkiyyətçi vəziyyətində qalmaq istəyən şəxslərə deyil, payını ayırmaq istəyən mülkiyyətçiyə vermişdir. Yəni, ümumi mülkiyyətdən çıxmaq istəyən şəxs, payını ayırmaq barədə iddia qaldırdıqda və naturada ayrılma mümkün olmadıqda, digər paydaşlar ona kompensasiya ödəyə bilərlər. Başqa sözlə, paylı mülkiyyətçinin öz payını ayırmaq razılığı və t ələbi olmadığı halda, digər mülkiyyətçilərin müvafiq kompensasiya ödəməklə, onun payına xitam verilməsini tələb etmək hüquqları yoxdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir....Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən ed ə bilməz....Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil ”. Baxılan işdə isə ümumi mülkiyyət hüququna xitam verilməsi istənilən cavabdeh, payının ayrılması barədə iddia qaldırmamış və kompensasiya tələb etməmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nun, x2nın və x3nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar