Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-389/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və X4 ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov), iş № 2(006)-xx/19) İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı «yaşayış sahəsinə is tifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov-sədrlik edən və məruzəçi, Z.Əliyev və F.Talışinski, iş № 2(103)xx/19)apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ə rizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 24, mənzil 120-də yerləşən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 24, mənzil 120-də yerləşən mənzili 1990-cı il tarixdə almış, adına ******* saylı çıxarış verilmişdir. O, Cavabdeh ilə 1990-cı il tarixdə tanış olmuş, lakin uzun illərdir ki, ayrı yaşayırlar. Hazırda onun adına olan evdə cavabdeh övladı ilə yaşayır. O, cavabdehlə bir yerdə yaşamaq istəmir. Bu səbəbdən də, mənzilə olan hüquqlarına xitam verilməsini istəyir. Belə ki, özünün başqa yaşamağa mənzili və hər hansı evi yoxdur. O, c avabdehlərin qeydiyyatdan çıxarılması üçün Nəsimi rayon Polis İdarəsinə müraciət etmiş, lakin ona istifadə hüquqlarına xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. O, cavabdehlərin mənzilə qeydiyyatına düşməyinə razılıq verməmiş, onların necə qeydiyyata düşdükləri ona məlum deyildir. Özünün xəstəliyi ilə əlaqədar pul lazımdır, lakin cavabdehlərin üzündən mənzili sata bilmir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması və həmin no rmaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı və vəkili Q.Rzayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdehlər Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən onların izahatları dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 24, mənzil 120-də yerləşən yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədədir. İddia tələbini əsassız sayaraq rədd edən birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh Ofeliya İmanova 1990-cı ildən etibarən ailə münasibətindədirlər və hər iki cavabdeh mübahisəli Bakışəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, ev 24, mənzil 120yaşamaqdadırlar. Cavabdehlər daimi yaşayış üçün mübahisəli mənzildən baş qa yerə getməmiş, onların həmin mənzildə qeydiyyatları formal xarakter daşımamışdır. Cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsi və həmin mənzildən çıxarılmaları üçün qanuni əsaslar mövcud deyildir. Mülkiyyətçinin razılığı ilə evə köçürülmüş və orada yaşayan ailə üzvləri olaraq cavabdehlər həmin evdə yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək ixtiyarına malikdirlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəsin sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək və Azərbaycan Respu blikasının ərazisindən kənara getmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüququ vardır. İşdə olan sübutlardan və işin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh 1990-cı ildə tanış olmuş və qarşılıqlı razılığa əsasən cavabdeh mübahisə predmeti olan yaşayış sahəsinə köçürülmüş, uzun müddət daimi əsaslarla orada yaşamaqla, təsərrüfatı birgə idarə etmişlər. Qeyd edilənlər, həmçinin təqdim edilmiş müxtəlif illərdə tərəflərin çəkdirdiyi fotoşəkillərdən də tam aydın görünür. Həmçinin, işdə olan doğum haqqında şəhadətnamədən də aydın olur ki, digər cavabdeh 30 aprel 1995-ci il təvəllüdlüX7 qızının atası X6, anası isə Cavabdehdır. Tərəflər arasında münasibətlərin yarandığı dövrdə (1990-cı illər) qüvvədə olmuş Mənzil Məcəlləsinin istər 53, 54, istərsə də 123-cü maddələrinə əsasən cavabdehlər mübahisəli mənzildən istifadə hüququ əldə etmişlər. Cavabdehlər hazırda da mübahisəli mənzildə yaşamaqla, oradan təyinatı üzrə istifadə edirlər, başqa yaşayış məntəqəsinə köçməmişlər. Göründüyü kimi, cavabdehlər mübahisəli yaşayış sahəsindən kifayət qədər davamlı əlaqələrə malik olmuş, 30 ilə yaxındır ki oradan istifadə edirlər və yaşayış yeri üzrə də qeydiyyata alınmışlar. Bu hal, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi üzrə Avropa Məhkəməsinin president təcrübəsindən irəli gəlir. Beləki, Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamış lar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin 12.01.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)». Mövcud vəziyyət də isə cavabdehlərin istifadə hüququna mülkiyyətçi tərəfindən müvafiq kompensasiya ödənilməklə xitam verilə bilər. İddiaçı isə iddia tələbində kompensasiya təklif etməmişdir. Belə olan halda isə, cavabdehlərin qanuni əsaslarla yaşadıqları mənzildən çıxarılması sonuncunun hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Halbuki, Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquql arı istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçının X2 ilə rəsmi nikahda olması, nikahlarının 2007-ci ildə pozulması ilə bağlı dəlilinə də hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının başqa qadınla nikahda olması faktı hazırki iddianın qanuni həlli baxımından vəziyyəti dəyişdirmir. Yuxarıda qeyd edildiyi kimi, cavabdehlərin mübahisəli mənzildə uzun müddət ərzində yaşaması və oradan istifadə etmək hüquqlarının mövcudluğu iddianın rədd olunması üçün əsasdır. İddiaçı keçən müddət ərzində mübahisəli mənzildə başqa qadınla ailə olaraq yaşaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, cavabdeh həmin məsələyə münasibətində (apellyasiya şikayətinə etirazda) göstərmişdir ki, iddi açı ev almaq məqsədilə formal olaraq X2 ilə nikah bağlamış, lakin faktiki ailə münasibətlərində olmamışdır. Yəni, mübahisəli mənzil əvvəllər həmin qadına məxsus olmuş, iddiaçı formal nikah bağlamış və mənzilə qeydiyyata düşmüşdür. Sonradan isə atası 12000 manat pulu X2 ödəyərək evi almış, iddiaçı isə evi onun adına rəsmiləşdirməsinə söz versə də, vədinə əməl etməmişdir. Eyni zamanda, təqdim olunmuş iddia ərizəsindən də görünür ki, iddiaçı 2007-ci ildə X2 ilə nikahlarının pozulması barədə məhkəməyə müraciət edərkən, ərizədə sonuncunun 1991-ci ildən evdən çıxıb getməsini və harada yaşaması barədə məlumatının olmamasını, nikahlarının formal xarakter daşımasını göstərmişdir. Beləliklə, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. MPM-in 77.1 -ci maddəsinə əsasən isəhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrə əsaslanmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən sa xlanılmalıdır. MM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlı ğı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyas iya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-389/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-389/2020
21.01.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver