Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-390/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-290/22 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 25 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5319/2021 nömrəli, 02.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2018-ci ilin oktyabr ayında Fidan Babayevaya dəyərini nisyə ödəmək şərtilə Lazer Epilyasiya aparatı satmışdır. Həmin aparatın dəyərinin ödənilməsi ilə bağlı sonradan mübahisə başlamış və ona görə iddiaçı pul tələbi ilə bağlı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29400 manatın və cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılan məbləğin Milli Bankın faiz uçot dərəcəsinə uyğun faiz məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müxtəlif dövlətlərdən estetik və digə r tibb avadanlıqları gətirib Bakı şəhərində satışını həyata keçirir. 2018-ci ilin oktyabr ayında «Lazer Epilyasiya» aparatının alınması ilə əlaqədar cavabdeh ona müraciət etmişdir. Onlar razılaşma əldə etmişlər və cavabdehə 43000 manat dəyərində «Lazer Epilyasiya» aparatını alıb aparmışdır. Aparatı alarkən cavabdeh pulun bir hissəsini ödəmiş, qalan hissəsini isə işləyib qazanc əldə edərək verəcəyinə söz vermişdir. Lakin həmin vaxtdan artıq bir il keçməsinə baxmayaraq cavabdeh aldığı aparatla əlaqədar hələ 29400 manat pul borclu qalmışdır. Dəfələrlə həmin borcun ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələr gətirərək borcunu qaytarmır. Bu səbəbdən, əlacsız qalaraq borcun ödənilməsində köməklik göstərilməsi ilə əlaqədar Polis İdarəsinə ərizə ilə mü raciət etmişdir. Polis İdarəsində araşdırma zamanı cavabdeh həqiqətən də ona 29400 borcunun olduğunu etiraf etmiş və yaxın vaxtlarda pulu ona ödəcəyinə söz vermişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.Abbasova) 2(011)1796/2020 nömrəli, 27.02.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehdən 29400 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 386.1, 442.1, 448, 601.1, 600.4-cü maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki işin materialları, iddiaçının izahatı və cavabdehin ibtidai araşdırma orqanında verdiyi ifadəsi ilə təsdiq edilmişir ki, cavabdeh iddiaçıdan Lazer aparatı aldığını və həmin aparata görə 29400 manat pul borclu olduğunu etir af etmişdir. İddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsinin bağlanması, iddiaçı tərəfindən həmin müqavilə əsasında yaranmış öhdəliyin icra edilməsi, cavabdeh tərəfindən pulun ödənilməsi öhdəliyinin icra edilməməsi, cavabdehin iddiaçıya 29400 manat pul borcu olduğu mülki işdə olan sübutlarla təsdiq edilmişdir.
6. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: A.Tanrıverdiyev - sədrlik edən və məruzəçi, T.Səmədov, İ.Şirinov) 2(103)-8075/2020 nömrəli, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1796/2020 nömrəli, 27.02.2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd ed ilmişdir.
8. İddia tələbini rədd edərkən məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində “DL1 prem Diode laser” cihazını 43000 ABŞ dollarına Cavabdeh satdığını qeyd etmişdir. Lakin işin apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və Cavabdeh izahatlarına və müqavilənin surətinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh cihazın alınması prosesində iştirak etsə də, müqavilə əslində İddiaçı ilə alıcı Bəybalayev Qəmbər adlı şəxs arasında bağlanmışdır. Belə olan halda, birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə müqavilənin kimlər arasında bağlanmasını araşdırmamış və nəticədə Cavabdeh hazırki hüquq münasibəti üzrə tərəf olmadığı halda ona qarşı irəli sürülən iddianı qismən təmin etmişdir.
9. Məhkəmə Mülki Məcəllənin 387.3-cü maddəsinə istinad edərək hesab etmişdir ki, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər üçün vəzifələr yaratmadığından, Cavabdeh hazırki mübahisə üzrə müqavilədə tərəf olmaması səbəbindən iddiaçıya münasibətdə hər hansı öhdəlik daşımır.
10. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Nurməmmədov - sədrlik edən və məruzəçi, A.Hüseynov, Z.Əliyev) 01 aprel 2021-ci il tarixli, 2(102)-2328/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8075/2020 nömrəli, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
12. Apellyasiya instansiyası m əhkəməsi iddia tələbini rədd edərkən apellyasiya şikayətinə əlavə edilmiş kserosurət olan fotoşəkilə (iş v. 100) istinad edərək iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanmamasını, iddiaçı ilə müqavilə münasibətlərinin Qəmbər Bəybalayev adlı şəxs arasında yaranmasını qeyd edərək iddia tələbini bu əsasla rədd etmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən prosessual hüquq normalarının tələblərini pozmuş, işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməyərək düzgün olmayan nəticəyə gəlmişdir.
14. İlk növbədə qeyd etmək lazımdır ki, həmin sənəd kserosurət olmaqla apellyasiya instansiyası məhkəməsi həmin sənədin sübut kimi qəbul edilməsinin mümkünlüyünü müzakirə etməmişdir.
15. Digər tərəfdən, iddiaçı iddia tələbində cavabdehə “Lazer Epi lyasiya” aparatı satdığını və cavabdehin həmin aparatın pulunun bir hissəsini ödəmədiyini iddia etmişdir. Cavabdeh Polis orqanlarında verdiyi izahatda bu halları təsdiq etmiş, lakin başqa əsaslarla (malın xarab olması, Ukraynaya getməsi, digər aparatın alınması və s.) pulun qalan hissəsini ödəmədiyini qeyd etmişdir. Eyni zamanda apellyasiya şikayətində də cavabdeh Polis İdarəsində verdiyi izahatlara uyğun olaraq iddiaçıdan həmin aparatı almasını mübahisələndirməmiş, lakin etirazının əsası kimi başqa hallara istinad edərək pulun qalan hissəsinin ödənilmədiyini qeyd etmişdir. Apellyasiya məhkəmə iclasında isə Cavabdeh da “Lazer Epilyasiya” aparatının onun tərəfindən alındığını, aparata görə iddiaçı ilə onun hesablaşdığını göstərmiş, lakin yuxarıda qeyd edilən ksero surət müqavilənin tanışı Q əmbər Bəybalayevlə bağlandığını göstərmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi cavabdehin Polis orqanında, apellyasiya şikayətində, apellyasiya məhkəməsinin iclasında verdiyi izahatında göstərdiyi hallara əhəmiyyət verməmiş, hər iki tərəfin “Lazer Epilyasiya” aparatının nisyə alqı-satqısını həyata keçirdiklərini etiraf etdiklərini nəzərə almamış, cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi kserosurət sənəddə göstərilən Qəmbər Bəybalayevin hazırki iş üzrə tərəflər arasında olan müqavilə münasibətlərinə aidiyyatının olması, onun iddiaya cavab verməli şəxs olması qənatinə gəlmişdir. Lakin tərəflərin izahatları ilə müəyyən edilir ki, həmin sənəd hazırkı iş üzrə tərəflər arasındakı əmlakın nisyə alqı-satqısı ilə bağlı münasibətlərin təsdiqi kimi tərtib olunmuşdur.
17. Məhkəmə kollegi yası hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, zərurət olarsa Qəmbər Bəybalayev adlı şəxs işə cəlb edilməklə onun tərəfindən imzalanmış müqavilə-sifarişin hazırkı mübahisəyə nə dərəcədə aidiyyatının olmasını müəyyən etməli, bundan sonra araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-728/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və V.İbayev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1796/2020 nömrəli, 27.02.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə mövqeyini belə əsaslandırmışdır. AzCosmetics MMC tərəfindən tərtib edilmiş 01.10.2018-ci il tarixli müqavilə-arayışın surətindən məlum olur ki, satıcı MMC alıcı Qəmbər Bəybalayevə DL1 prem. Diode Lazer aparatını 43.000 ABŞ dollarına satmış, həmin pulun 22.000 ABŞ dolları nəğd ödənilmiş, qalan 21.000 ABŞ dollar ının isə 1 il ərzində ödənilməsi razılaşdırılmışdır. Mülki işin materialları, iddiaçının izahatı və cavabdehin ibtidai istintaq orqanında verdiyi ifadəsi ilə təsdiq edilir ki, Cavabdeh İddiaçı 20.000 ABŞ dolları dəyərində Lazer aparatı aldığını və həmin aparata görə 29.400 manat pul borclu olduğunu etiraf etmişdir.
20. Məhkəmə kollegiyası cavabdehin həmin izahatı hamilə vəziyyətdə təzyiq altında olduğu üçün yazmağa məcbur olması barədə dəlilini ağlabatan hesab etməmişdir. Belə ki, onun tərəfindən izahatı bu cür təzyiq altında və ya öz istəyinin əksinə olaraq verməsi ilə bağlı hər hansı orqana müraciət etməmiş, bu barədə yalnız ona qarşı pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırılan zaman yada salmışdır.
21. Cavabdeh tərəfindən lazer epilyasiya cihazının onun tərəfindən deyil, əslində Qəm bər adlı şəxs tərəfindən alınması, pulun da onun tərəfindən verilməsi və bunu təsdiq edən sübut kimi kserosurət olan arayış-müqaviləyə istinad edilməsi ilə bağlı məhkəmə bu qənaətə gəlmişdir ki, həmin sənəd hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilməməlidir.
22. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Göründüyü kimi, cavabdeh həmin sənədin əslini məhkəməyə təqdim edə bilməmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət ver ərək, onları əsassız hesab etmişdir. Belə ki, mübahisələndirilən qətnamə apellyasiya şikayətinin dəlilləri əsasında yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və mübahisə üzrə düzgün nəticəyə gəlmişdir.
24. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin A.Qəhramanovanın iddiasının təmin edilməməsi hissəsində ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır.
28. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq o məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borc lu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə. 601.1. Əşyanın nisyə satılm ası haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqmda müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
33. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 89. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
38. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə
416. Kassasiya instansiyası məhkə məsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakt iki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
44. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin göstərişlərinə riayət etməklə, ətraflı araşdırma aparmış, iş üzrə gəldiyi nəticəni qanunvericiliyin tələblərinə müvafiq əsaslandırmışdır.
45. Ali Məhkəmənin göstərişinə əsasən, apellyasiya instansiyası məhkəməsinin baxış predmeti müqavilənin tərəflərinin kimliyinin müəyyən olunması ilə bağlı idi.
46. Apellyasiya məhkəməsi kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq mülki işin materialları, iddiaçının izahatı və cavabdehin ibtidai istintaq orqanında verdiyi ifadəsinə əsasən müəyyən etmi şdir ki, iş materiallarında olan müqavilə iddiaçı və cavabdeh arasında bağlanmışdır.
47. Cavabdeh müqavilənin Qəmbər Bəybalayev tərəfindən bağlanmasını bildirsə də, apellyasiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş kserosurətə MPM-nin 89.3-cü əsasən qiymət verərək qeyd etmişdir ki, həmin sənəd hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz.
48. Apellyasiya məhkəməsi cavabdehin ibtidai istintaq orqanında verdiyi izahatı hamilə vəziyyətdə təzyiq altında olduğu üçün yazmağa məcbur olması barədə dəlilini onun tərəfindən izahatı bu cür təzyiq altında və ya öz istəyinin əksinə olaraq verməsi ilə bağlı hər hansı orqana müraciət edilmədiyindən ağlabatan hesab etməmişdir.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyə n maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM 88-ci maddə)
51. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5319/2021 nömrəli, 02.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova