Məhkəmə qərarları › İş №2(102)-3944/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3944/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3944/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-64/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsindən iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 19 aprel 2014-cü il tarixdə "xxxx" MMC ilə (satıcı) Cavabdeh (alıcı) arasında torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən satıcı öz üzərinə N kompleksində inşa edilən 10 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 76,1 kv.metr olan 2 otaqdan ibarət 11 saylı mənzilini alıcıya satmaq barədə, alıcı isə həmin mənzilin dəyərini təşkil edən 45.660 manat məbləğində pul vəsaitinin birdəfəlik ödəniş şəklində və ya 30 ay müddətində ödəniş cədvəli üzrə satıcıya ödəmək barədə üzərlərinə öhdəlik götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin yanvar ayında "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh alqı-satqı müqavi ləsinə əsasən MMC-yə 45.660 manat ödəməli olduğu halda cəmi 37.080 manat ödəməsini və müqavilə üzrə MMC-yə ödənilməmiş 8580 manat məbləğində borcunun qalmasını əsas göstərməklə həmin məbləğin, eləcə də borcun qaytarılmasını gecikdirməyə görə müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış 13.698 manat məbləğində cərimənin Cavabdeh MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək "xxxx" MMC-nin 19 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ona ümumi sahəsi 76,1 kv.metr olan yaşayış sahəsi verməli olduğu halda 62 kv.metr ümumi sahəsi olan mənzil verməklə öhdəliyinə əməl etməməsini və həmin fərqin mənzilin sahəsinin çöldən-çölə və eləcə də yan divarların mənzilin sahəsinə hesablanması səbəbindən yaranma sını əsas göstərməklə müqavilənin 2.1-ci bəndində göstərilən mənzilin dəyərinin mənzilin faktiki ölçüsünə uyğun azaldılması, müvafiq maliyyə arayışının verilməsi və mənzilin təmirinə icazə verilməsi barədə MMC-nin üzərinə öhdəlik qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-415/2019 saylı, 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim: F.Nəsibov) iddia qismən təmin edilərək Cavabdeh "xxxx" MMC-nin xeyrinə əsas borca görə 753,60 manatın, dəbbə puluna görə 10 manatın tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə qarşılıqlı iddia təmin edilərək alqı-satqı müqaviləsinin 2.1-ci bəndində göstərilən mənzilin dəyərinin onun faktiki ölçüsünə uyğun azaldılması, müvafiq maliyyə arayışının verilməsi və mənzilin təmirinə icazə verilməsi barədə MMC-nin üzərinə öhdəlik qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iş üzrə müvafiq araşdırma aparılmadan, sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə MMC-nin iddia tələbinin təmin edilməmiş hissəsində və qarşılıqlı iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi, iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-64/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) apellyasiya şikayəti qismən təmin edilərək Ağdaş Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2(014)-415/2019 saylı qətnaməsi ləğv edilmiş, MMC-nin iddiasının qismən təmin edilib Cavabdeh əsas borca görə 8520 manat, cərimə borcuna görə 1000 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 9550 manatın tutulub "xxxx" MMC-yə ödənilməsi, ilkin iddianın qalan hissəsinin və Cavabdeh qarşılıqlı iddiasının təmin olunmaması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə qarşılıqlı iddiaçı Cavabdeh kassasiya şikayəti verərək MMC-nin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbinə zidd olaraq mənzilin sahəsini müəyyən etməsini, müqavilədə nəzərdə tutulmuş 76.1 kv.metr əvəzinə ona 63,05 kv.metr ölçüdə yaşayı ş sahəsinin verilməsini, lakin işə baxan apellyasiya instansiyası məhkəməsinin işin həmin halına düzgün qiymət vermədən maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsinin xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin i ştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 44 2 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiy a şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi mənzilin ümumi sahəsinin ölçüsünə aid hissədə tərəflər arasında olan fikir ayrılıqlarını araşdırarkən müqavilənin tərəflərin iradəsinə uyğun bağlanmasını və həmin dövrdə yaşayış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması ilə bağlı (mənzilə daxil olan bütün sahələrin: divaraltı, sanitar qo vşağı, balkon, şaxta daxil olmaqla) formalaşmış işgüzar adətləri nəzərə alaraq mübahisəli mənzilin ümumi sahəsinin 76,1 kv.metr olması barədə nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə birtərəfli qiymətləndirilmiş sübutlar əsasında gəldiyindən, eləcə də qətnamə qanunun tələblərinə uyğun əsaslandırılmadığından qanuni və əsaslı sayıla bilməz. Müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış 19 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsində MMC Cavabdeh ümumi sahəsi 76,1 kv.metr təşkil edən mənzillə təmin etmək barədə üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh iddia ərizəsindən və iş üzrə aparılmış ekspertiza tədqiqatlarının nəticələri barədə verilmiş rəylərdən görünür ki, iddiaçıya faktiki olaraq ümumi sahəsi cəmi 63,056 kv.metr təşkil edən yaşayış sahəsi verilmişdir. Mənzilin ölçüsü hər iki iddia tələbi üzrə mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən, kollegiya hesab edir ki, mənzilin ölçüsü həmin məsələni tənzimləyən qanunun normasına istinad olunmaqla müəyyən olunmalı idi. Tərəflər arasında bağlanmış müqavilədə mənzilin ölçüsünün müəyyən olunması qaydası, başqa sözlə hansı parametrlər əsasında müəyyən olunması göstərilməmişdir. Müqaviləni imzalayarkən Cavabdeh ona daxili ölçüləri 76,1 kv.metr təşkil edəcək mənzil veriləcəyini güman etmiş və onun dəyərini ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. Hazırkı vəziyyətdə isə mübahisəli mənzilin daxili ölçüləri alqı-satqı müqaviləsində müəyyən olunmuş sahədən azdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətlər i mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qanunun həmin normasından görünür ki, mübahisə edilən münasibət mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə, onda işgüzar adətlərə aid qaydalar tətbiq edilir. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. (10.1) Apellyasiya instansiyası məhkəməsi bir tərəfdən mübahisəli hüquq münasibətini tənzimləyən qanunun müvafiq maddəsinə istinad edib, digər tərəfdən podrat müqaviləsi üzrə mövcud olan işgüzar adətlərə istinad etməklə qanunun tətbiqində ziddiyyətə yol vermişdir. Bundan başqa, məhkəmə kollegiyası mübahisəni işgüzar adətlər əsasında həll edərkən belə bir işgüzar adətin formalaşmasını təsdiq edən heç bir sübuta və qaydaya əsaslanmamış və onun qanunvericiliyə uyğun olub-olmamasına qiymət verməmişdir. Göstərilən vəziyyətdə kollegiya hesab edir ki, qətnamə ləğv edilməli, işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İş üzrə qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-64/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar