Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3966/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs Cavabdeh1) qarşı iş üzrə QƏRARİ 2(102)-3966/22 (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Bakı şəhəri, 4 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs Cavabdeh1) qarşı yaşayış sahəsindən çıxarılma, mülkün və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 2(105)-1116/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qərardadından üçüncü şəxs Cavabdeh1 verdiyi kassasiya şikayətinə 04 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən ev xx.xx.2017-ci ildə alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən X1 alınmış, xx.xx.2017-ci il tarixdə iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. 2. 25.07.2017-ci il bağlanmış icarə müqaviləsi əsasında sözügedən mənzil, həmin mənzilin altındakı kafe və təndirxana iddiaçı tərəfindən Cavabdeh1 hər ay 1500 manat ödəmək şərti ilə icarəyə verilmiş, xx.xx.2018-ci il tarixdə müqaviləyə xitam verilmişdir.
3. İddiaçı Cavabdeh1 qarşı iddia qaldıraraq onun və ailə üzvlərinin iddiaçıya məxsus olan mübahisəli evdən çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5555/2018 nömrəli iş üzrə 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, cavabdehin və ailə üzvlərinin iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-169/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin ailə üzvlərinin mübahisəli fərdi yaşayış evindən çıxarılmasının təmin edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3164/2021 saylı mülki iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-169/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ailə üzvüləri olan Cavabdeh3, Cavabdeh2 və onun soyadı və adını bilmədiyi həyat yoldaşının, azyaşlı uşaqları ilə birlikdə ona məxsus ünvan 2 ünvanda olan evdən və mülkdən çıxarılması, həmin evin və mülkün boşaldılaraq ona təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Daha sonra, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh1 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 cava bdehlər siyahısından çıxarılaraq iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
8. İddiaçı tələbini işin yuxarıda göstərilən halına istinad etməklə, onunla əsaslandırmışdır ki, icarə müqaviləsinin ləğv edilməsinə və münasibətlərinin pozulmasına baxmayaraq Cavabdeh1 mülkiyyətində olan yaşayış sahəsindən yuxarıda qeyd edilən ailə üzvləri ilə yaşamaqda davam edir və mənzildən çıxmır. Bu da onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. İş üzrə çıxarılmış qətnamə icraya yönəlsə də məhkəmə icraçısı qətnamənin yalnız cavabdeh X3 dair hissədə icra edilə biləcəyini bildirmişdir.
9. Abşeron Rayon Məhkəməsinin(hakim C.İ.Səfiyeva) xx.xx.2021-ci il tarixli, 2(012)-6878/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 İddiaçı məxsus ünvan 2 ünvanda olan evdən çıxarılması, həmin evin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Qətnamədən narazı qalan üçüncü şəxs Cavabdeh1 apellyasiya şikayəti vermişdir
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1116/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər – T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) üçüncü şəxs Cavabdeh1 apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, apellyasiya şikayəti üçüncü şəxs Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Vəkil2 Noruz oğlu tərəfindən imzalanmış, lakin Vəkil2 Noruz oğlunun hazırki iş üzrə vəkil olmasını təsdiq edən order apellyasiya şikayətinə əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən yuxarıda qeyd edilən hala əhəmiyyət verməmiş, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir
13. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Prosessual Məcəllənin 361.2, 363.1.1, 364, 366.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
14. Üçüncü şəxs (nümayəndəsi və vəkili Vəkil2 Noruz oğlu) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
15. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin hazırlanması və imzalanması mərhələsi üçün orderin təqdim edilməsi qanunda göstərilməmişdir. Prosessual qanunvericiliyin mənasına ğörə vəkilin səlahiyyətinə dair order yalnız məhkəmə iclası zamanı təqdim edilir. MPM-nin 363-cü maddəsinin heç bir bəndində vəkilin orderinin olmadığına görə sənədlərin geri qaytarılması nəzərdə tutulmamışdır.Çünki etibarnamə təqdim edilmiş və imza səlahiyyətləri olan nümayəndəsi tərəfindən sənədlər imzalanaraq məhkəməyə göndərilmişdir.
16. Kassator şikayətində MPM-in 66, 67.1, 361.2-ci maddələrinin tələblərinin pozulması və düzgün tətbiq edilməməsinə istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hü quq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.
19. Maddə 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
20. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şika yətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiya sı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Qərardaddan kassasiya şikayəti verən üçüncü şəxs onu tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 361.2-ci maddəsinin tələbinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndən in, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.
28. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətini etibarnamə üzrə imzalayan şəxs vəkil olduğundan yuxarıda qeyd edilən maddənin tələbinə görə o imzaladığı apellyasiya şikayətinə həm etibarnamə, həm də vəkil kimi order əlavə etməlidir. Bu sənədlərin əlavə edilməməsi həmin şəxsin imza səlahiyyətinin olmaması deməkdir. Bu isə həmin apellyasiya şikayətinin qaytarılması üçün əsasdır.
30. Vəkil orderinin yalnız m əhkəmə iclasında təqdim edilməli olması barədə kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddələrin tələbləri baxımından əsassız hesab edir.
31. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1116/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qərardadıdəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.