Məhkəmə qərarları › İş №2(105)-764/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-764/2023

28.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Sair mülki iş - Mənzil münasibətləri üzrə sair mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-764/2023 28.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və X1 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) “fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli e-2(012)-3943/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) «fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin Bank BTB ASC-nin mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 201.5 kv. metr olan fərdi yaşayış evindən çıxarılması, həmin fərdi evinin boşaldılaraq Bank "xxxx" ASC-yə təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı cavabdehdən tutularaq Bank "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli e-2(012)- 3943/2022 nömrəli qərardadı ilə (hakim Cəmilə Səfiyeva) iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı hazırkı iddia tələbinin “Cavabdeh Bank BTB ASCnin mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 201.5 kv. metr olan fərdi yaşayış evindən çıxarılması” hissəsində mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.

3. Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli e-2(012)- 3943/2022 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən ünvan 1ində yerləşən ümumi sahəsi 201.5 kv.m olan fərdi yaşayış evinin boşadılması və həmin evin iddiaçı Bank "xxxx" ASC-yə təhvil verilməsi, Cavabdeh 80 manat məbləğində dövlət rüsumuna görə pulun tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

Apellyasiya instansiya məhkəməsində icraat

4. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-3943/2022 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin sözügedən qətnaməsində qeyd edilmişdir ki, “Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)- 4514/2018 saylı, xx.xx.2018-ci i l tarixli qətnaməsinə əsasən isə iddia qismən təmin olunaraq, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, SMN- 00018/14/16A saylı kredit müqaviləsinin ləğv olunması, cavabdeh X2 iddiaçı Bank "xxxx" ASCnin xeyrinə 32892,39 manat əsas, 6016,13 manat faiz, 100 manat cərimə, cəmi 39008,52 manat borcu, həmçinin 30,40 manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin torpaq sahəsi və onun üzərində yerləşən evin ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan bir ay sonra Cavabdeh ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini tərk etməsi qərara alınmışdır.” Müvafiq məhkəmə eyni mübahisə ilə bağlı, eyni tərəflər arasında məsələnin həll edildiyini etiraf etsə də, yalnız Cavabdeh evdən çıxarılması hissəsində iddiaya xitam verir, evin boşaldılması və təhvil verilməsi hissəsində isə iddianı təmin edir. Halbuki, Abşeron Rayon Məhkəməsi iddianın təmin edilmiş hissəsində də iddiaya xitam verməli idi. Çünki Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-4514/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh sözügedən fərdi yaşayış evini “tərk etməsi” anlayışı ilə “boşaldılması” anlayışı arasında mənaca heç bir fərq mövcud deyildir. Nəticə etibarilə, Abşeron Rayon Məhkəməsi Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4514/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə baxılmış mübahisəyə yenidən baxmış və qətnamə qəbul etmişdir. Halbuki məhkəmələr tərəfindən belə bir addımın atılması birbaşa AR MPM-in 153.2.2-ci maddəsinə əsasən ziddir və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-3943/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Qeyd edir ki, sözügedən iş üzrə xx.xx.2022-ci il tarixidə keçirilmiş iclasın vaxtı və yeri barədə Cavabdeh məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırılmamış, yekun məhkəmə qətnaməsi isə cavabdehin iştirakı və özünü müdafiə hüququ təmin edilmədən qəbul edilmişdir. Çəkişmə prinsipi hər iki tərəfin məhkəmə prosesi zamanı qarşılıqlı şəkildə sübutlar təqdim etməklə mənafeləri hüquqi müdafiə etməsi olduğu halda sözügedən iş üzrə qanunvericiliyin həmin təməl prinsipinə əməl edilməmişdir. Bu səbəbdən də hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-3943/2022 saylı qətnaməsi ləğv edilməli və iddiaçının tələbi rədd edilməlidir.

6. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

7. Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İş üzrə iddiaçı və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

8. Apellyasiya baxışının hədləri

Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsini mübahisələndirərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin fikrini dinləyib, iş materiallarını araşdıraraq bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli e-2(012)-3943/2022 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(006)-4514/2018 saylı qətnaməsinə əsasən iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, SMN-00018-14/16A saylı kredit müqaviləsi ləğv edilməsi, cavabdeh X2 iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 32892 (otuz iki min səkkiz yüz doxsan iki) manat 39 (otuz doqquz) qəpik əsas, 6016 (altı min on altı) manat 13 (on üç) qəpik faiz, 100 (bir yüz) manat cərimə, cəmi 39008 (otuz doqquz min səkkiz) manat 52 (əlli iki) qəpik borcu, həmçinin 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu vəsaiti tutulması, tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin torpaq sahəsi və onun üzərində yerləşən ev ilkin satış qiyməti 70000 (yetmiş min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcu ödənilməsi, ipoteka predmeti satıldıqdan bir ay sonra cavabdeh Quliyev X5 rayonu, Məmmədli kənd ünvanında yerləşən 0,12 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini tərk etməsi, iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Göründüyü kimi həmin məhkəmə qətnaməsi ilə Cavabdeh ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini tərk etməsi qət edilsə də, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti təkrarən hazırkı iddia tələbi ilə müraciət edərək cavabdeh tərəfindən Bank BTB ASC-nin mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 201.5 kv. metr olan fərdi yaşayış evinin boşaldılmasını və Banka təhvil verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış evini tərk etməsi ilə həmin yaşayış sahəsini boşaltması nəticə etibarı ilə eynidir. Göründüyü kimi eyni tərəflər arasında, eyn predmet və eyni əsaslar üzrə mübahisəyə artıq bir dəfə baxılmış və hazırda qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcuddur. İddiaçının cavabdehə qarşı hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması mülkiprosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarxli Qərarında qeyd edilmişdir ki, MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in həmin maddəsində nəzərdə tutulmuş prosessual pozuntuları iki qrupa bölmək olar. Birinci qrupa birinci instansiya məhkəməsinin qətnaməsinin hər bir halda ləğv olunmasına əsas olmuş prosessual pozuntular aiddir. Belə pozuntular kobud pozuntular adlandırılır. Həmin pozuntular MPM-in 387.2.1-387.2.7-ci maddələrində göstərilmiş və bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə şərtsiz əsasdır. Məhkəmə Kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən hesab edir ki, iş üzrə iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməsi və ya icraata xitam verilməsi üçün əsasların mövcud olması halı ümumilikdə mövcud məhkəmə baxışını istisna etdiyi üçün əhəmiyyətli prosessual pozuntu kimi qəbul edilməli və hər bir halda düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan MPM-nin 372.6, 372.7 və 387.1-ci maddələrinin tələbinə əsasən apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, qətnamənin tam ləğvi üçün əsas kimi nəzərdən keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında “ipoteka predmeti olan əmlakın boşaldılması” tələbinə dair qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə qətnaməsi olduğundan, həmin tələbə iddia icraatı qaydasında baxılması istisna edildiyi halda, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqla prosesual hüquq normalarının tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, eyni tərəflər arasında eyni predmet barəsində, eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası MPM-nin 119-cu maddəsinə əsasən hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsümu tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 372, 387, 384-385, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli e-2(012)-3943/2022 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) “fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsümu iddiaçı və cavabdehin özünə aid edilsin. Qərardaddan, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verə bilər. Qərardad, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar