Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4018/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi üzrə pul məbləğinin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2730/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Bakı şəhəri 22 saylı Notariat Kontorunda bağlanmış 21 aprel 2019-cu il tarixli “kredit müqaviləsi”ndən görünür ki, həmin tarixdə Cavabdeh İddiaçı 30.000 manat məbləğində borc pul almış, borcu 21 sentyabr 2019-cu il tarixədək qaytarmağı öhdəliyinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30000 manat məbləğində borcun, habelə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Qasımov) 2(001)-4938/2019 saylı işi üzrə 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında borc müqavilənin bağlanması yazılı qaydada tərtib olunmuş və notariat qaydasında təsdiq olunmuş, müqavilədə göstərilən icra müddətləri (pulun qaytarılması tarixləri) çatmış, lakin cavabdeh tərəfindən borc ödənilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1, 739.1, 427.3-cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı 21 aprel 2019-cu il tarixli müqavilə üzrə 30.000 manat borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır və ona görə də iddia təmin edilməlidir. Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4938/2019 nömrəli işi üzrə 14 avqust 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyanın 60; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 81, 88, 217.1, 385.1.1, 385.1.2 və 385.1.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin faktiki halları düzgün araşdırmamış, pulun cavabdehə borc olaraq verilməməsi bildirilsə də, hakim çəkişmə prinsipini pozmuş, bu halları məhkəmədə iddiaçı tərəf sübut edə bilmədiyi halda ədalətsiz qərar verilmişdir. İş üçün əhəmiyyətli bir çox halların aydınlaşdırılmaması və sübut edilməməsi ilə çıxarılması həmin qətnamənin ləğvi üçün kifayət qədər əsas yaratmışdır. İddiaçının bağladığı kredit müqaviləsi başqa əqdi pərdələmək məqsədilə bağlanmış, bir cinayət işi ilə bağlı başqasının borcuna görə müqavilənin bağlanmış, lakin bağlanmış əqd üzrə notariusun depozitinə heç bir ödənişin edilməmiş, həmin kredit müqaviləsi üzrə cavabdehin heç bir öhdəliyinin olmamışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov və Ziya Şirinov) 01 mart 2021-ci il tarixli 2(103)-2730/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4938/2019 nömrəli işi üzrə 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 21, 324, 385-390, 404-407, 417-420, 882, 739-746; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(103)-2730/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rəd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən tərəflər arasında borc müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə şərtlərinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq pross esual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlili əsassız hesab edir. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2730/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdiri lmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.