Məhkəmə qərarları › İş №2(102)-405/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-405/2021

15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-405/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh xxx qızına qarşı “tikiliyə sərf olunmuş materialın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: tikintiyə sərf olunmuş vəsaitin qaytarılması, ziyan, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı1 vəkili xxxnun, Cavabdehin vəkili Vəkil iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020 -ci il tarixli, 2(104)900/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 – ana-oğul, cavabdeh xxx qızı isə birinci iddiaçının baldızı (əri X4 bacısıdır). X6 2011-ci ildə vəfat etmişdir. ünvan 1sində yerləşən 0.045 ha torpaq sahəsi X5 (X4 və xxx qızının anası) mülkiyyətində olmuş və sonuncu xx xxx 2016-cı il tarixdə qeyd olunan torpaq sahəsini xxx qızına bağışlamışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən, X3 ilkin iddiası təmin edilmiş, həmin tələb üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ünvan 1sində yerləşən 0.045 ha torpaq sahəsi və üzərindəki tikil idən çıxarılmaları, “pul” tələbinə dair qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı xxx qızının cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “torpağın qanunsuz zəbtdən azad olunması və mülkdən çıxarılma” tələbinə dair ilk və iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh xxx qızına qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə xxx qızının kasasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi iddia tələbinin rədd edilm əsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə birinci instansiya məhkəməsində təyin edilərək keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının xx xxxxx 2019-cu il tarixli rəyinə əsasən ünvan 1sində 0,45 ha torpaq sahəsində yerləşən cavabdeh xxx qızına məxsus fərdi yaşayış evinin inşası üçün aparılmış tikinti-təmir işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 47270 manat məbləğində müəyyən olunur. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunm uş materialların və əmək haqqının ayrıayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Həmin smetaya əsasən, mübahisəli tikintinin inşasına sərf olunmuş materialların ümumilikdə qiyməti 30764 manat, əmək haqqı və digər xərclərin dəyəri isə 16506 manat olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh xxx qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xxx qızının mülkiyyətində olan ünvan 1sində 0.045 ha torpaq sahəsində yerləşən evin tikintisinə sərf olunmuş materialların dəyərini təşkil edən 80000 manat pulun cavabdehdən tutularaq iddiaçılara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1sində yerləşən 0.045 ha torpa q sahəsi onun mərhum həyat yoldaşı X4 anası mərhum X5 adına olmuşdur. İddiaçılar və X2 Federasiyasında işləmiş və həmin torpaq sahəsində öz vəsaitləri hesabına ev tikdirmiş, buna 80000 manat məbləğində pul xərcləmişlər. X1 2011-ci ildə vəfatından sonra mərhum X8 və sonuncunun qızı xxx qızının iddiaçılarla Gədəbəy rayonunda yerləşən evlə bağlı mübahisə yaranmış və onların həmin evə köçürülmələri barədə qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur. xx xxx 2016-cı il tarixdə X8 0,045 ha torpaq sahəsini qızı xxx qızına bağışlamışdır. Cavabdeh qisas almaq üçün iddiaçıların Gəncə şəhərində tikdirdikləri evdən çıxarılmaları barədə iddia qaldırmış və iddia təmin edilmişdir. İddiaçılar isə ünvan 1sində yerləşən mübahisəli tikiliyə mülkiyyət hüquqlarının tanınması və ya həmin tikilinin dəyərinin ödənilməsinə dair qarşılıqlı iddia qaldırmış, qarşılıqlı iddia tələbi rədd edilmişdir. İş üzrə apelyasiya və kasasiya məhkəmələrinin qərarı ilə izah edilmişdir ki, onların mübahisəli tikiliyə mülkiyyət hüququnun tanınmasını, əks təqdirdə tikilinin dəyərinin ödənilməsini tələb etmək hüququ olmasa da, həmin tikintiyə sərf olunmuş materialların dəyərini tələb etmək hüququ vardır. O da bu hüququndan istifadə edərək, mübahisəli tikintiyə sərf olunmuş materialların dəyərini cavabdehdən tələb edir. Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(042)-51/2019 nömrəli qətnaməsi ilə (hakim M.S.Kazımov) iddia qismən təmin edilərək, ünvan 1sində cavabdeh xxx qızına məxsus 0,045 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikintisinə sərf olunmuş materialların dəyəri olaraq 30764 ma nat məbləğində pul vəsaitinin cavabdeh xxx qızından alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə istinad edərək göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı və Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, ünvan 1sində yerləşən, xxx qızının xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən yaşayış evi (tikili) qanuni əsaslarla inşa olunmadığından və hüquqi statusu olmadığından həmin tikiliyə İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququnun tanınması, əks təqdirdə tikilinin dəyərinin ödənilməsi tələbi əsaslı hesab oluna bilməz. Lakin tikintinin inşasına sərf olunm uş materialların İddiaçı1 və İddiaçı2 mülkiyyətində olması müəyyən edilərsə, onların həmin materialların özü və ya onun dəyəri ilə bağlı məhkəmədə iddia qaldırmaq hüquqları vardır, yəni onların statusu olmayan tikilinin dəyərini deyil, tikinti materiallarının özünü və yaxud razılaşmaya əsasən dəyərini tələb edə bilərlər. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli tikili ünvan 1sində yerləşən cavabdehin xüsusi mülkiyyətində olan 0,45 ha torpaq sahəsində yerləşir. Tikinti 2005-ci ildə aparılmış və həmin zaman torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, anası mərhum X5 mülkiyyətində olmuşdur. Ona görə də, tikintinin cavabdeh tərəfindən aparılması ağlabatan deyildir. Həmin tikinti iddiaçılar və X6 tərəfindən aparılmışdır. Bunu məhkəmə iclasında ifadə vermiş şahidlər də təsdiq etmişlər. Bu da on u göstərir ki, tikintinin inşasına sərf olunmuş materiallar iddiaçıların vəsaiti hesabına alınmışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, həmin tikintinin inşasına sərf olunmuş materiallara münasibətdə iddiaçıların mülkiyyət hüquqları olduğundan onlar tikinti materiallarının özünü və ya dəyərini tələb etməkdə haqlıdırlar. Daha sonra məhkəmə müəyyən etmişdir ki, mübahisəli tikintinin inşasına sərf olunmuş materialların özünü geri qaytarmaq həmin əşyalara tənasübsüz zərər vurmadan mümkün deyildir, ona görə də iddiaçılar materialların dəyərini cavabdehdən tələb etməkdə haqlıdırlar. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçılar tikintiyə 80000 manat xərclədiklərini bildirsələr də, iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli tikintinin inşasına sərf olunmuş materialların ümumilikdə qiyməti 30764 manat təşkil etmişdir. Həmin məbləğdən yuxarı olan hissənin nədən ibarət olması barədə məhkəmə heç bir mötəbər sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçılar iddia tələbini qismən, yəni 30764 manat həddində təmin edilməlidir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh xxx qızı apelyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(042)-51/2019 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi, mülki iş üzrə icraata xitam verilməsi və ya iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-900/2020 qətnaməsi ilə (hakim Ş.M.Əliyevın sədr liyi və məruzəsi ilə, hakimlər Ş.R.Muradovdan və Ç.B.Məmmədovdan ibarət tərkibdə) cavabdeh xxx qızının apelyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(042)-51/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşmış və hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri ancaq formal mülahizələrdən ibarətdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh xxx qızı kasasiya şikayəti və sonradan kasasiya şikayətinə əlavə verərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-900/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə Gəncə Apelyasiya Məhkəməsində baxılarkən cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə hazırki iş üzrə iddiaçılara qarşı qanunsuz tikilinin sökülməsi tələbi ilə müraciət etmiş və iddia icraata qəbul edilmişdir. Həmin işin nəticəsində hazırki iş üzrə mübahisə predmeti aradan qalxacağından, apelyasiya instansiyası məhkəməsinə icraatın dayandırılmasına dair vəsatət verilmiş, lakin məhkəmə vəsatəti təmin etməmişdir. Həmçinin cavabdehin iddiaçıların qarşısında hər hansı öhdəliyinin yaranması üçün əsas olmamışdır. Məhkəmə iş üçün xüsusi əhəmiyyətli olan bu hala qiymət verməmiş və nəticədə yanlış hüquq normasını tətbiq etməklə, qanunsuz qətnamə qəbul etmişdir. Bund an əlavə iddiaçıların iddiası yolverilməz olaraq icraata qəbul olunmamalı idi, lakin birinci instansiya məhkəməsi bununla bağlı cavabdehin vəsatətini təmin etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının vəkili xxx kasasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, qətnamə iddiaçılar tər əfindən mübahisələndirilməmişdir. Bu səbəbdən apelyasiya məhkəməsi qətnaməni cavabdehin apelyasiya şikayətinin dəlillərinə uyğun, iddianın təmin olunmuş hissəsində yoxlamışdır. Kasasiya şikayətini həmin cavabdeh eyni dəlillərlə bağlı verdiyindən kasasiya baxışının hədlərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülki yyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını ö zündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə ke çirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsa slar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasın dakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, ilk olaraq m əhkəmə kollegiyası iddianın mümkünlüyünə dair kasasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, onu əsassız hesab edir. Müəyyən olunur ki, hazırki iş üzrə iddiaçılar əvvəllər də pul tələbi ilə bağlı cavabdehə qarşı iddia versələr də, həmin işdə tələbin əsasını iddiaçıların mülkiyyətləri olduğunu iddia etdikləri evin dəyəri təşkil etmişdir. Hazırda isə iddiaçılar tərəflər arasında mövcud olmuş həmin məhkəmə mübahisələri üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına istinad etməklə, evin tikintisinə sərf olunmuş materialların dəyərini tələb etməkdədirlər. Belə olan halda, iddianın yolverilməzliyinə görə işin icraata qəbul etməkdən imtina və ya iş üzrə icraata xitam verilməsi üçün Azərbaycan Respublikası MPM-in 153.2.2 və 261.0.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. M əhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr əsaslı olaraq MPM-in 82.3-cü maddəsinə istinad edərək, iddiaçıların mübahisələndirilən tikiliyə sərf olunmuş materialları tələb etmək hüququnun olması, həmin materiallarının özünü geri qaytarılmasının onlara tənasübsüz zərər vurmadan mümkün olmadığı üçün dəyərinin cavabdehdən tutulmalı olması qənaətinə gəlmişlər. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəm əsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 41 7, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxx qızı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-900/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar