Məhkəmə qərarları › İş №2(102)-4068/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4068/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4068/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx-ci il tarixli, xxx saylı qətnaməsindən iddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xxx-cu il t arixli, xxx saylı qətnaməsi ilə (sədrlik edən, məruzəçi Ş.Z.Abdullayev) iddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən iddiaçının xeyrinə xxxx-ci il tarixli kredit müqaviləsi üzrə xxx-cu il tarixə yaranmış 33.618,07 manat əsas borc, 19.750,16 manat faiz borcu, 296,68 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış illik 5 faiz dərəcəsi olmaqla 2.834,69 manat faiz borcu, cəmi 56.530 manat kredit borcunun tutulması qət edilib. Cavabdeh2 qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx-ci il tarixli, xxx saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrli k edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xxx-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilib, Cavabdeh2 LPO “xxxx” ASC xeyrinə 17 sentyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 32.488,89 manat əsas, 20.494,05 manat faiz borcu (kredit üzrə müddət bitəndən sonra hesablanan faiz də nəzərə alınmaqla), 200 manat cərimə borcu, cəmi 53.182,94 manat kredit borcunun tutulması və iddianın qalin hissədə rədd olunması qət edilib. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Cavabdeh2 ilə “xxxx” ASC arasında bağlanmış 17 sentyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən xxx-cu il tarixə cavabdehlərdən 33.618,07 manat əsas, 19.750,16 manat faiz, müqavilə üzrə borcunu gecikdirdiyinə görə hesablanmış və tələb olunan 19.571,96 manat cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 2.834,69 məbləğində faiz, cəmi 75.774,88 manat kredit borcunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kas asiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması və ya iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili xx kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Ka sasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Azər Məmmədovun izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edərkən, iddianın qismən əsaslı olmasına və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 442, 443.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdir ilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xxx-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 60 ay müddətinə, illik 16 faiz ödəmək şərti ilə 41.000 manat kredit verilib. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında eyni tarixli zaminlik müqavilələri bağlanıb və sonuncular Cavabdeh2 iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi halda onunla birgə məsuliyyəti öz üzərilərinə götürmüşlər. İddiaçı tərəfindən verilmiş maliyyə arayışına görə borclu Cavabdeh2 xxx-ci il tarixli kredit müqaviləsi üzrə xxx cu il tarixə 33.618,07 manat əsas, müqavilə müddəti üçün hesablanmış 19.750,16 manat faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 19.571,96 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 2.834,69 manat borc, cəmi 75.774,88 manat kredit borcu vardır. Birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 445.1, 467-ci maddələrinin tələblərini, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarını tətbiq etməklə, Cavabdeh2 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş, iddia tələbi həcmində əsas, faiz, gecikdirilmiş vaxt üçün faiz və azaldılmış 296,68 manat cərimə borcunun cavabdehlərdən müştərək qaydada tutulması barədə nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, mülki qanunvericiliyə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əs as öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (Mülki Məcəllənin 477.0.4-ci maddəsi). Apelyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsində zaminlik müddəti təyin edilməmişdir. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu hallarda zaminliyin bütün öhdəliklər tam ödənilənədək qüvvədə olması barədə müqavilə şərti hüquqi müəyyənlik prinsipinə, mülki qanunvericiliyin zaminliyə xitam verilməsini, ha belə müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün əhəmiyyətsiz olmaqla tərəflər üçün hüquqi nəticələr doğura bilməz. Belə ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən, Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq Banklar tərəfindən təklif olunur. Bu mənada tərəflər arasında bağlanmış zaminlik müqaviləsi üzrə zaminlik onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində qüvvədə olmuşd ur. Hazırki iş üzrə zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtı xxx-cü il tarixdə başa çatmışdır. Lakin iddiaçı həmin vaxtdan sonrakı bir il ərzində zaminlərə qarşı iddia irəli sürməmiş, bununla da cavabdehlər Cavabdeh3 və Cavabdeh1 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Ona görə apelyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının zaminlərə qarşı tələb irəli sürməsi tam əsassızdır. Kredit borcunun borclu Cavabdeh2 tutulması tələbinə münasibətdə apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi 17 sentyabr 2012-ci ildə 60 ay müddətinə bağlanmış, müqavilə üzrə öhdəliyin icrası– kredit məbləğinin qaytarılması müddəti xxx-ci il tarixdə bitm işdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə xxx-cu il tarixdə, yəni pulun qaytarılmalı olduğu müddət bitdikdən sonra müraciət etmiş, əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün faiz borcunu müqavilə müddətinin sonuna deyil, xxx-cu il tarixədək hesablamışdır. İşin apelyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xxx-ci il tarixli rəyi ilə Cavabdeh2 müqavilə müddətinin bitdiyi xxxx-ci il tarixinə 32.488,89 manat əsas, 17.709,93 manat faiz borcunun, xxx-cu il tarixə (müqavilə müddəti bitən tarixdən etibarən 5 faiz dərəcəsi ilə hesablanmaqla) 32.488,89 manat əsas, 20.494,05 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, ekspertiza tədqiqatı ilə cərimə hesablanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mülki Məcəllənin 442-ci maddəsi). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağ a görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 448.1-ci maddəsi). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (Mülki Məcəllənin 462.1-ci maddəsi). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması ist isna edilir (Mülki Məcəllənin 467-ci maddəsi). Mülki Məcəlləyə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.2-ci maddəsi). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (Mülki Məcəllənin 445.7-ci maddəsi). Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməkl ə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (Mülki Məcəllənin 449.1-ci maddəsi). Mülki Məcəllənin 449.3 və 449.4-cü maddələrinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaiti ndən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq Cavabdeh2 qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmış və nəticədə onun iddiaçıya borcu yaranmışdır. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, borclu Cavabdeh2 ekspert rəyi ilə müəyyən edilmiş 32.488,89 manat əsas, 20.494,05 manat faiz borcu (kredit üzrə müddət bi təndən sonra hesablanan faiz də nəzərə alınmaqla), azaldılmış 200 manat cərimə iddiaçının xeyrinə tutulmalıdır. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni mahiyyəti üzrə düzgün həll etdiyindən, kasatorun kasasiya şikayətində göstərdiyi digər formal mülahizələr iş üzrə qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamənin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas sayıla bilməz. Ona görə də kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx-ci il tarixli, xxx saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar