Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4157/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(107)33/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən veril miş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh 27 may 2018-ci il tarixdə saat 13:40 radələrində etibarnamə əsasında idarə etdiyi “Howo yük” markalı, 99MN871 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq Hacıqabul-Horadiz yolunun 49-cu kilometrliyində quraşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus sürətölçən radar nöqtəsi ilə toqquşmuş və hadisə yerindən yayınmışdır. Həmin hərəkətinə görə Abbasov X1 tənbeh vermə haqqında 22 iyun 2018-ci il tarixli qərarla Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinmişdir. İş üzrə qəbul edilmiş məh kəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus radar qurğusunu yararsız hala salmaqla vurduğu ziyana görə 14134 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyan cavabdeh tərəfindən ödənilməmişdir. “Ekin Texnoloji ASC” şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən tərtib olunmuş 31 may 2018-ci il tarixli akt dəymiş ziyanın məbləğini təsdiq edir.
4. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 oktyabr 2020-ci il tarixli rəyinə görə "xxxx" ASC ş irkəti tərəfindən tərtib edilmiş 31 may 2018-ci il tarixli akta əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş videomüşahidə nöqtəsinə (radar) dəyən zərərin məbləğinin təxminən 14134 manat təşkil edir.
5. Zərdab Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(035)-400/2020 nömrəli qətnaməsi ilə (hakim T.M.Qubadov) iddia tələbi təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyana görə 14134 manat pulun alınaraq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ödənilməsi, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə, 100 manat ekspertiza tədqiqatının dəyərinin isə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci, Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 76.2, 101.3, 106.1, 217.4, 218.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək, Zərdab Rayon Məhkəməsinin 24 noyabr 2020ci il tarixli, 2(035)-400/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 fevral 2022-ci il tarixli rəyinə görə “Ekin” Texnoloji A.Ş şirkəti tərəfindən tərtib edilmiş 31 may 2018-ci il tarixli Akta əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş videomüşahidə nöqtəsinə (radar) dəymiş zərərin məbləğinin təxminən 14134 manat olduğu müəyyən olunmuşdur.
9. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(107)33/2022 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və A.A.Mahmudovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(035)-400/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
10. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, o, ekspert rəyi ilə razı olmadığını və yenidən ekspertiza keçirilməsi barədə vəsatətinin təmin edilmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən proses gedişində işin ob yektiv araşdırılmasının təmin edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertiza təyin edilmişdir. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli ekspert rəyindən də görünür ki, “Ekin” Texnoloji A.Ş şirkəti tərəfindən tərtib edilmiş 31 may 2018-ci il tarixli Akta əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş videomüşahidə nöqtəsinə dəymiş zərərin məbləği təxminən 14134 manat müəyyən olunmuşdur. Göründüyü kimi hər iki ekspertizanın rəyində məbləğlər eyni olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etməmişdir. Cavabdeh tərəf qeyd edilən məbləğlə razılaşmadığını bildirsə də, sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
11. Cavabdeh kassasiya şikayət i verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(107)-33/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin mülkiyyət hüququ pozulmuşdur. Həmçinin məhkəmə Mülki Prosessual Məcəllənin 376-cı maddəsinin tələbini pozaraq, cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş, keçirilmiş ekspertiza rəylərinin əsassız olmasını, ekspertizanın predmeti olan əmlakın naturada ekspertə təqdim edilməməsini nəzərə almamışdır. Cavabdeh ekspertizada iştirak edərək həmin görüntülərə baxmaq istəsə də, buna imkan verilməmişdir. 13.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
14. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi kassasiya şikayətinə qarşı yazılı etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Etiraz onunla əsaslandırılmışdır ki, kassator ekspertiza prosesində iştirakının hansı səbəbdən zəruri olduğunu və onun iştirakı olmadan ekspertizanın keçirilməsinin mümkün olmadığını əsaslandırmamış, ekspert rəylərinin qeyri-mötəbərliyinə dair sübut təqdim etməmişdir. Kassasiya baxışının hədləri:
16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
17. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiy a baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsind ə fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qan unla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasl a (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətlə ndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq y oxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İlk olaraq qeyd olunmalıdır ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulm uş ziyana görə cavabdehin mülki məsuliyyət daşıması aşağı instansiya məhkəmələrinin müəyyən etdiyi halıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh 28 may 2018-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş DYP İdarəsində izahat verərək, diqqətsizlik edib avtomobili radara vurduğunu və yararsız hala saldığını etiraf etmişdir.
22. Hazırki kassasiya şikayətinin dəlilləri isə əsas etibarı ilə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlıdır.
23. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə uyğun təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və iş üzrə verilən ekspert rəylərini əsas götürülməklə apellyasiya şikayəti rədd edilmişdir.
24. İzah edilməlidir ki, eksp ert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
25. İş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı iş materialları əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh iddiaçıya vurulmuş ziyanın daha aşağı olmasını təsdiq edən hər hansı sübutu (alternativ mütəxəssis və ya ekspert rəyi və s.) işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
26. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş zərərin dəyərini ekspert rəyi əsasında müəyy ən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
27. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara ald ı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(107)-33/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.