Məhkəmə qərarları › İş №2(102)-4246/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4246/2019

24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4246/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, Cavabdeh1 tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)634/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Göyçay rаyоn məhkəməsinin (hakim Zəfər Quliyev) 11 oktyabr 2018-ci il tarixli, 2(046)262/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, əsas borc üzrə 11714,80 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, faiz borcu üzrə 2992,31 ABŞ dolları, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 3192,31 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 4 manatının İddiaçı QSC-yə aid edilməsi, 26 manatının cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, 145 manat ekspertiza xərcinin 25 manatının İddiaçı QSC-dən, 120 manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, İnşallah Quliyev, Mahir Əsədli) 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Göyçay rаyоn məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12154,02 ABŞ dolları əsas, 3028,95 ABŞ dolları faiz, 4649,30 ABŞ dolları cərimə olmaqla, cəmi 19832,27 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, 12154,02 ABŞ dolları əsas, 3028,95 ABŞ dolları faiz, 4649,30 ABŞ dolları cərimə olmaqla, cəmi 19832,27 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 aprel 2010-cu il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 15L000001190 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 60 ay müddətinə 20000 ABŞ dolları kredit xətti açılmışdır. 29 avqust 2014-cü il tarixli 1190 saylı sazişə əsa sən kredit xətti müqaviləsinin müddəti 172 ay və məbləği 30000 ABŞ dolları müəyyən edilmişdir. 06 aprel 2015-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 026R********** saylı kredit razılaşması əsasında Cavabdeh1 18 ay müddətinə, aylıq 2,1667 faiz olmaqla 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 20.11.2015-ci il tarixli 026R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla X2 arasında 06 aprel 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya 12154,02 ABŞ dolları əsas, 3028,95 ABŞ dolları faiz, 4649,30 ABŞ dolları cərimə olmaqla, cəmi 19832,27 ABŞ dolları borcu qalmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişlər. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutları, tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Ekspertin rəyi kifayət qədər aydın deyil. Bank ödənilmiş borcları əsas borca deyil, faiz borcuna silmiş, məhkəmə bu hala əhəmiyyət verməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkə məsi mülki kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit xətti və kredit razılaşması, zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Tərəflər arasında bağlanmış 06 aprel 2010-cu il tarixli kredit xətti müqaviləsinə əsasən borc verən borc alana 20000 ABŞ dolları məbləğində 60 ay müddətinə, bu Müqavilə çərçivəsində kredit razılaşmaları bağlanılmaqla kredit verməyi, borc alan isə həmin krediti müəyyən edilmiş müddətdə faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinə əsasən zamin də borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, bu Müqavilə üzrə müəyyən edilmiş əsas borc, faiz borcları, dəbbə pulu, vurulmuş zərərin əvəzi, məhkəmə və digər xərclərin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 06 aprel 2015-ci il tarixli kredit razılaşmasına əsasən borc verənə 18 ay müddətinə aylıq 2,1667 faiz ödəmək 15000 ABŞ dolları məbləğdə krediti Borcalanın mülkiyyətinə verir, borcalan isə müəyyən edilmiş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqaviləyə əsasən borc alan öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə dəbbə pulu ödəməlidir. Cavabdeh-borc alan krediti alsa da, yəni iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra et sə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun 18.11.2016-cı il tarixli maliyyə arayışına əsasən 12154,02 ABŞ dolları əsas, 3028,95 ABŞ dolları faiz borcu, 4649,30 ABŞ dolları cərimə olmaqla, cəmi 19832,27 ABŞ dolları borcu yaranmışdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən banka ödənilməli pulun məbləğinin sübutu kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini iddianın əsas və faiz borcu tələbinə dair hissədə mötəbər hesab etmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gələrkən həm də onu nəzərə almışdır ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi bu ekspert rəyinə etiraz etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əsas borc məbləğinə münasibətdə 200 ABŞ dolları mə bləğində cərimə daha ədalətlidir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehborc alanın kredit razılaşması müqaviləsindən irəli gələn öhdəliyi tərəflər arasında bağlanmış 06 aprel 2010-cu il tarixli kredit xətti müqaviləsi ilə təmin olunmuşdur. Zaminlik müqaviləsinə əsasən digər cavabdeh – zamin də borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, bu Müqavilə üzrə müəyyən edilmiş əsas borc, faiz borcları, dəbbə pulu, vurulmuş zərərin əvəzi, məhkəmə və digər xərclərin ödənilməsini öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış ed irlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunu müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də MM-nin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Lakin bu zaman cavabdeh-zaminin sonradan əmələ gələcək öhdəliyə görə mə suliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar əsas kredit müqaviləsində dəqiq göstərilməlidir. Tərəflər arasında bağlanmış 06 aprel 2015-ci il tarixli zaminlik müqaviləsində isə faiz dərəcəsi və cərimə faizinə dair müddəalar göstərilməmiş, bağlanan kredit müqavilələrində bunlar barədə cavabdeh-zamin Cavabdeh3 razılığı alınmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda cavabdeh-zamin Cavabdeh3 yalnız əsas borca görə cavabdehborc alanla eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, əsas borc üzrə 11714,80 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı, 2992,31 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə isə Cavabdeh1 tutularaq İddiaçı QSCyə ödənilməli, qalan hissədə iddia təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin aşağıda göstərilən maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya M əhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli qərarına istinad etmişdir. Cavabdeh1 apellyasiya şikayətinə əsasən iş materiallarını apellyasiya qaydasında yoxlayan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ekspert rəyinin kifayət qədər aydın olmadığını qeyd etmiş, lakin bu etirazını əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən ödənilmiş ödənişlərin ilk növbədə faiz borcuna silinməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-634/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar