Məhkəmə qərarları › İş №2(102)-4279/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4279/2019

20.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4279/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, cavabdeh x2 vəkili Əsgərova Əfifə Füzuli qızının iştirakı ilə, cavabdeh x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli, 2(009)1014/2018 saylı qətnaməsi ilə (hakim Z.Əliyev) iddia tələbi təmin edilərək, x1 29 oktyabr 2007-ci il tarixli, KMFŞ ********** saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan x2 borcunun tam ödənilmiş hesab edilməsi, keçirilmiş ekspertizanın dəyəri 145 manatın cavabdehdən tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli 2(103)-1191/2019 saylı qətnaməsi ilə (hakimlər: X.Cəmilova, İ.Xəlilov və İ.Kərimli) Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1014/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli 2(103)-1191/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh x2 ilə onun arasında bağlanmış 29 oktyabr 2007-ci i l tarixli, ********** saylı kredit müqaviləsi üzrə 4.584,44 manat əsas borcun ödənilməsi və 17.277,39 manat məbləğində faiz və cərimə dərəcələrinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan x1 iddia tələbinin dəqiqləşdirilməsinə dair 28 iyun 2018-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək 29 oktyabr 12007-ci il tarixli kredit müqaviləsi üzrə onun QSC “Bank Standart” KВ-yə olan borcunun tam ödənilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019cu il tarixli 2(103)-1191/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x2 vəkili Əsgərova Əfifə Füzuli qızı kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi x3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında öhdəliyin yaranma əsası qismində 29 oktyabr 2007-ci il tarixli kredit müqaviləsi çıxış etmişdir. Bank həmin müqavilə üzrə x1 15.000 manat məbləğində kredit verməyi öhdəsinə götürsə də, sonuncuya faktiki olaraq 7596 manat məbləğində pul vermişdir. Bu hal məhkəmə-mühasibatlıq ekspertizasının 29 may 2018-ci il tarixli 7850 saylı rəyi ilə təsdiqlənir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 may 2018-ci il tarixli 7850 saylı rəyindən görünür ki, x1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış və 29.10.2007-ci il tarixli KMFŞ ********** saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə faktiki verilmiş kredit məbləği üzrə x1 19 avqust 2010-cu il tarixədək banka olan borcu tam ödənilmiş və 8215,60 manat məbləğində artıq ödəmə müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi x1 tərəfindən kredit borcunun tam ödənilməsinə və onun hər hansı bir borcunun qalması barədə, habelə onun hazırki cavabdehlə 07 fevral 2007-ci il tarixli kredit müqaviləsi bağlaması və belə bir müqavilə üzrə banka hər hansı borcu qalması barədə cavabdehin dəlillərinin sübut edilməməsinə əsaslanaraq hesab etmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməklə mübahisənin fakti ki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 may 2018-ci il tarixli, 7850 saylı rəyindən də müəyyən olunduğu kimi, x1 29.10.2007-ci il tarixli KMFŞ ********** saylı kredit müqaviləsi üzrə 19 avqust 2010-cu il tarixədək banka olan borcu tam ödənilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə gö türür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar