Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4367/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mövcud borcun etirafı haqqında mücərrəd müqavilə, iddia tələbinin qanuni əsası, məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X12, cavabdehin vəkili X17 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-776/2021 nömrəli i ş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – iddiaçı və ya MMC) ərizə ilə məhkəməyə müraciət edərək, 25 oktyabr 2014-cü il tarixində Bakı şəhəri 38 saylı Notariat Kontorunda Zəngilan rayonu, Rəzdərə kəndində qeydiyyatda olan borclu X8 (bundan sonra – cavabdeh) ilə bağlanmış borc müqaviləsinin icrasının təmin edilməsi və 298.038 manat pulun sonuncudan alınaraq MMC-yə qaytarılması haqqında məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(034)-576/2014 nömrəli iş üzrə 07 noyabr 2014-cü il tarixli məhkəmə əmri ilə ərizə təmin olunmuşdur. Cavabdehin etiraz ərizəsi əsasında məhkəmə əmri həmin Məhkəmənin 25 fevral 2019-cu il tarixli qərardadı ilə ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. Bundan sonra, iddiaçı məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən 303.948 manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC-nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının satışı ilə məşğul olan cavabdehlə müəssisənin məhsullarının satışından əldə edib müəssisəyə ödəmədiyi borcla bağlı 25 oktyab r 2014-cü il tarixində Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontorunda mövcud borcun etirafı haqqında qarşılıqlı razılıq əsasında müqavilə bağlamışlar. Müqavilənin 1-ci və 2-ci bəndində göstərildiyi kimi, cavabdeh MMC-nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının 2013-2014-cu illər ərzində satışından əldə etdiyi və MMC-yə ödəmədiyi, cəmi 298.038 manat borcunun olduğunu etiraf etmiş və borcunu 30 oktyabr 2014-cü il tarixinədək tam həcmdə ödəməyi, müqaviləni gələcəkdə mübahisələndirməməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh hər dəfə yalanlar danışaraq pulu ödəməkdən yayınmışdır, ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Müqavilə bağlandıqdan sonra da bir müddət cavabdeh yenə onları inandıraraq işləməyə davam etmişdir. Çünki evinin sənədlərini təqdim edər ək satıb pulu ödəyəcəyini bildirmişdir. Hazırda onun müəssisəyə 298.038 manat deyil, 303.948 manat borcu qalmışdır. Bu faktı müəssisədə hesabatda iştirak edən cavabdehin atası X2 18 oktyabr 2014-cü il tarixində oğlunun MMC-yə 305.000 manat borcunun olması ilə bağlı məhkəməyə təqdim etdiyi izahatında təsdiq etmişdir. Lakin cüzi ödəniş aparıldığından, bu borc 303.948 manata düşmüşdür. Həmin məbləğdə borcunun olmasını cavabdeh borcun qaytarılması ilə bağlı 01 yanvar 2014-cü il tarixində tərtib olunmuş üzləşmə aktında 23 oktyabr 2014-cu il tarixində öz imzası ilə təsdiq etmişdir. İddiaçı tərəfindən məhkəməyə surəti təqdim olunmuş 25.10.2014-cü il tarixli müqavilədə qeyd olunmuşdur ki, "xxxx" MMC-nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının 2013-2014-cü illər ərzində satışı zaman ı əldə etdiyi və ödəmədiyi ümumi dəyəri 298.038 manat məbləğində olan borcunu X8 30.10.2014-cü il tarixinədək tam həcmdə ödəməyi və bu müqaviləni gələcəkdə də mübahisələndirməməyi öhdəsinə götürür. Surəti təqdim edilmiş 01.01.2014-cü il tarixli üzləşmə aktına əsasən, X8 2013 və 2014-cü illərdə "xxxx" MMC-dən mal götürmüş və ay ərzində həmin malların ödənişini edərək cəmiyyətə cəmi 303.943 manat borcu qalmışdır. Cavabdeh tərəfindən əsli və surəti təqdim edilmiş 01.10.2013-cü il tarixli üzləşmə aktında qeyd olunmuşdur ki, X8 2013 və 2014-cü illərdə "xxxx" MMC-dən mal götürmüş və ay ərzində həmin malların ödənişini edərək cəmiyyətə cəmi 4161.80 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş sənədlərin texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2019-cu il tarixli, 27334 nömrəli rəyinə əsasən, Cavabdeh ilə "xxxx" MMC arasında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı 01 yanvar 2014-cü il tarixli və 01.10.2013-cü il tarixli üzləşmə aktlarının üzərindəki möhur əksləri mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədlərinin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş X8 ilə "xxxx" MMC arasında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı 01 yanvar 2014-cü il tarixli 03 vərəqdən ibarət üzləşmə aktlarının üzərilərində olan “Azərbaycan Respublikası MMC” İddiaçı məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim olunmuş X8 ilə "xxxx" MMC arasında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı 01.01.2014-cü il t arixli və 01.10.2013-cü il tarixli üzləşmə aktlarının üzərilərində möhür əksləri öz aralarında eynilik təşkil etmirlər. Birinci instansiya məhkəməsinin 2(034)-14/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova) iddianın qismən təmin edilməsi, cavabdehdən 4161 manat borcun iddiaçının xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza xərcinin 30,76 manatının MMC-dən, ekspertiza xərcinin qalan 30,76 manatının isə cavabdehdən tutularaq dövlət nəfinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin MMC-yə 303.948 manat borcunun olması iddiaçı tərəfindən təqdim edilmiş 01.01.2014-cü il tarixli üzləşmə aktının surətin də öz əksini tapsa da, cavabdeh borcla bağlı təqdim edilmiş üzləşmə aktının saxta olduğunu bildirərək, iddiaçıya olan borcunu ödədiyini və cəmi 4161,80 manat məbləğində borcunun qalmasını etiraf etmişdir. Cavabdeh bunun sübutu kimi ona 20132014-cü illərdə cəmiyyətdə mühasib işləmiş X5 tərəfindən tərtib edilərək verilmiş 01.10.2013-cü il tarixli üzləşmə aktının əslini və surətini təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X15 öz ifadəsində 01.10.2013-cü il tarixli üzləşmə aktındakı yazı nümunələrinin MMC-də mühasib işləyən X3 aid olduğunu əminliklə bildirmişdir. İddiaçıdan borcla bağlı 01.10.2014-cü il tarixli üzləşmə aktının əslinin təqdim olunması tələb olunsa da, aktın əsli məhkəməyə təqdim olunmamışdır. İddiaçı isə cavabdehə verilmiş 01.10.2013-cü il tarixli üzləşmə aktının s axta olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən xəttşunaslıq ekspertizası təyin edilərək ekspertin vəsatətinə əsasən iddiaçıdan sənədlərin əsli tələb olunmasına baxmayaraq, iddiaçı sənədlərin əslini ekspertə də təqdim etməmişdir. Beləliklə də, 01.10.2013-cü il tarixli üzləşmə aktının saxta olması sübuta yetirilməmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş X21, X9, X18 cavabdehlə ət məhsullarının satışı ilə məşğul olduqlarını, 2014-cü ilin axırlarında MMC-nin mühasibi X1 iştirakı ilə işlədikləri ərazilər (dükanlar) üzrə pulları və depozitləri MMC-yə təhvil verdiklərini bildirmişlər, X9 isə, həmçinin cavabdeh tərəfindən MMC-yə 3 ədəd “Ford” avtomobilinin qaytarıldığını, onların qiymətinin 12000-13000 manat o lduğunu, xxx müəllimə 33000 manat veriləndə şahidi olduğunu, 11000 manat pulu cavabdehin atası xxxxmüəllimə verəndə də orada olduğunu, cavabdehin həqiqətən də borcunun olduğunu, lakin borcunu qaytardığını bildirmişdir. İddiaçı isə şahid ifadələrinin təkzib olunması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə mövcud borcun etirafı haqqında müqavilə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehlə bağlanmış həmin müqaviləyə dair öz tələblərinin əsası kimi istinad etdiyi hallara dair əsas sənədləri, yəni qaimə fakturalarını, 01 yanvar 2014-cü il tarixində tərtib olunmuş üzləşmə aktının əslini dəfələrlə məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən – cavabdehin etiraf etdiyi məbl əğdə təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 135.1, 135.2, 157.2, 385.1, 442, 443.1, 448.1, 739.1, 739.2-ci, MPM-in 14.2, 76.1, 76.2, 77.1, 78.1, 80, 88, 89.1, 97.5, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə qətnaməsinin təsviri və əsaslandırıcı hissələri bir-biri ilə ziddiyyət təşkil edir. Araşdırılmış sübutlar, sənədlər, izahatlar, qaimə fakturaları, müqavilələr iddia tələbinin əsaslı olduğunu sübut etsə də, mə hkəmə qərəzli şəkildə iddia tələbini təmin etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-776/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin olunmuş, həmçinin cavabdehdən keçirilmiş ekspertizanın dəyəri 61,52 manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini ə ks etdirmir, eləcə də maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məhkəmə qeyd etmişdir ki, istər tərəflər arasında bağlanmış mövcud borcun etirafı haqqında müqavilədən, istər 01 yanvar 2014-cü il tarixli üzləşmə aktından, eləcə də cavabdehin özünün müxtəlif vaxtlarda iddiaçıya ünvanladığı ərizələrdən, o cümlədən qardaşı Elmin Cəfərquliyevin yazdığı 17 iyul 2014-cü il tarixli qəbzdən görünür ki, cavabdehin iddiaçıya borcu olmuşdur. Cavabdehin iddiaçıya 303.948 manat borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır, cavabdeh isə bunu inkar edən tutarlı sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə mövqeyini MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X23) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin qismən – 4161 manat pulun tutulması hissəsində təmin edilməsi, 303.948 manat pulun tutulması barədə iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tam əsassız və qanunsuzdur. Məhkəmə işə baxarkən işin faktiki hallarını nəzərə almamış, iş üzrə obyektiv və hərtərəfli araşdirma aparmamış, toplanmış sübutlara obyektiv hüquqi qiymət verməmiş, işin faktiki hall arını təhrif etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni hər hansı maddi hüquq norması ilə əsaslandırmamış, iddiaçının iddia tələbinə dair təqdim etdiyi əsli olmayan sənədi birtərəfli qaydada mötəbər sübut kimi qəbul edərək iddia tələbini təmin etmiş, cavabdehin təqdim etdiyi sübutlara isə heç bir münasibət bildirməmiş, şahidlərin ifadələrinə hüquqi qiymət verməmişdir. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmənin istinad etdiyi müqavilənin və üzləşmə aktının əsli məhkəməyə təqdim olunmamışdır. İddiaçının nümayəndələri X16 və X6 məhkəməyə verdikləri ifadələrində hər ayın sonunda cavabdehlə aldığı mallara və ödədiyi pula görə üzləşmə aparıldığını qeyd etmişlər. Lakin məhkəməyə həmin üzləşmə sənədlərindən heç biri təqdim edilməmişdir. Hər ay üzləşmə aparılmışdı rsa və cavabdehin müəyyən məbləğdə borcu yaranmışdırsa, növbəti aylarda ona yenidən ət məhsulları nəyə görə verilirdi və borc məbləği tələb edilmirdi. İş materiallarında olan qaimə-fakturalardan məlum olur ki, 2013-2014-cü illərdə MMC tərəfindən cavabdehə verilmiş ət məhsullarına görə hər ay ödəniş edilmişdir. Lakin məhkəmə tərəfindən bu ödənişlərin məbləği, həmin ödənişlərə əsasən ona MMC-dən verilmiş ət məhsullarının həcmi, çəkisi, dövriyyəsi və həmin məlumatların cavabdehə yazılmış borc məbləğinə uyğun gəlib-gəlməməsi araşdırılmamışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi 01.10.2013-cü il tarixli üzləşmə aktının həm əslindən, həm də surətindən görünür ki, cavabdehin MMC-yə cəmi 4161 manat borcu qalmışdır. Apellyasiya məhkəməsi aktın saxta olmasını təsdiq edən heç bir sübut olmadığı halda (Dağdagül Kazımovanın ifadəsindən başqa, halbuki bu ifadə də digər şahid X10 ifadəsi ilə inkar edilmişdir) aktı sübut kimi qəbul etməmiş, həmçinin həmin sənəddə olan yazı və imzanın Dağdagül Kazımovaya məxsus olmasını müəyyən etmək üçün məhkəməxəttşünaslıq ekspertizasının keçirilməsini təmin etməmiş və əsassız olaraq sonuncunun ifadəsini sübut kimi qəbul edərək yanlış nəticəyə gəlmişdir. İddiaçı cavabdehin təqdim etdiyi 01.10.2013-cü il tarixli üzləşmə aktının saxta olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir, hətta sənədin saxta və ya həqiqi olmasının müəyyən edilməsi məqsədi ilə təyin olunmuş ekspertizaya maneçilik törədərək ekspertizanın keçirilməsi üçün zəruri sənədləri nə məhkəməyə, nə də ekspertizaya təqdim etməmiş, beləliklə həqiqətin müəyyən edilm əsindən aşıq-aşkar yayınmışdır. Apellyasiya məhkəməsi isə bu dəlilə də obyektiv hüquqi qiymət verməmiş, bununla da MPM-in 97.5-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iş üzrə keçirilmiş texniki ekspertiza rəyindəki ziddiyyətin aradan qaldırılması üçün tədbir görməmiş, mütəxəssis rəyi ilə müəyyən edilməli olan hala öz mülahizəsinə əsasən qiymət vermişdir. Bundan başqa, "xxxx" ASC tərəfindən X7 verilmiş 15812,44 manat məbləğində kreditlə bağlı cavabdehin dəlilinə də hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinə görə, məhkəmə MPM-in 14.2, 88, 89, 97.5, 106, Mülki Məcəllənin 385, 442, 443, 739-cu maddələrinin tələblərini pozmuşdur. Kassasiya şikayətinə əlavədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməs inə göndərilməsi xahiş olunmuş və MPM-in 26.1-ci maddəsinə istinadla qeyd olunmuşdur ki, cavabdeh 17.12.2009-cu il tarixdən “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” Şəhadətnaməyə - ********** nömrəli VÖEN-ə əsasən fərdi sahibkar kimi fəaliyyət göstərmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etirazında iddiaçı şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. İddiaçının vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılma sı barədə qərar qəbul olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkə mə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. Maddə
882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün d ə belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. MPM Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münas ibətinə uyğun əsaslandırılmalıdır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:... 392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin iddianın qismən təmin olunması barədə qətnaməsi ləğv edilməklə, iddia tam təmin olunmuşdur. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apelyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv t ədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı süb utlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (MPM-in 217, 220-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktında işin müəyyən edilmiş halları, məhkəmənin nəticəyə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməli, hansı dəlillərə əsasən qətnaməni ləğv edildiyi və iddianı rədd olunduğu əsaslandırılmalıdır (MPM-in 392.2-ci maddəsi). Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qətnamənin ləğv etdikdən sonra iddianın tam təmin edilməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki, istər tərəflər arasında bağlanmış mövcud borcun etirafı haqqında müqavilədən, istər 01 yanvar 2014cü il tarixli üzləşmə aktından, eləcə də cavabdehin özünün müxtəlif vaxtlarda iddiaçıya ünvanladığı ərizələrdən, o cümlədən qardaşı xxxx yazdığı 17 iyul 2014-cü il tarixli qəbzdən görünür ki, cavabdehin iddiaçıya borcu olmuşdur. Cavabdehin iddiaçıya 303.948 manat borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır, cavabdeh isə bunu inkar edən tutarlı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin məhkəmə iddia tələbinin qanuni əsasının hansı hüquq norması olduğunu və onun dispozisiya əlamətlərinin nədən ibarət olduğunu göstərməmiş, öz qətnaməsində ümumiyyətlə hər hansı maddi hüquq normasına istinad etməmişdir. Belə olan halda qəbul edilmiş məhkəmə aktının qanuniliyini, yəni maddi və prosessual hüq uq normalarına uyğun olub-olmadığını müəyyən etmək mümkün deyildir. Baxılan iş üzrə iddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi ilk ərizəsində cavabdehdən 298038 manat pul tələb etmiş və iddia tələbinin əsası kimi onunla cavabdeh arasında notariat qaydada təsdiq edilmiş mövcud borcun etirafı haqqında 25.10.2014-cü il tarixli müqaviləyə istinad etmişdir. Cavabdeh iddiaya etirazını istinad olunan müqavilənin bağlanmasınadək aralarında tərtib olunmuş müxtəlif üzləşmə aktlarına və maliyyə sənədlərinə istinadla əsaslandırmışdır. İddiaçı sonradan iddia tələbini artıraraq cavabdehdən 303948 manat pul tələb etmiş və bu məbləği əsaslandıran sübut qismində məhkəməyə mövcud borcun etirafı haqqında 25.10.2014-cü il tarixli müqavilənin bağlanmasından təxminən 10 ay əvvəl tərtib olunmuş üzləşmə aktına istinad etmişdir. Nəzərə alınmalıdır ki, mövcud borcun etirafı haqqında müqavilənin bağlanması və həmin tərəflərin müqavilədən irəli gələn hüquq və vəzifələri Mülki Məcəllənin 882-ci maddəsi ilə tənzimlənir. Başqa sözlə belə müqavilədən irəli gələn iddia tələblərinin qanuni əsasını həmin norma təşkil edir. Mülki Məcəllə belə müqavilənin qüvvəsini o halda tanıyır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bununla yanaşı, Məcəllənin 882.2-ci maddəsi bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadığı halda mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etirazların irəli sürülməsinə yol vermir. Çünki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar. Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yo lverilməz sayılır. Mülki Məcəllənin 882.3 və 881.5-ci maddələrinin mənasına görə mövcud borcun etirafı haqqında müqavilənin o zaman qüvvəsi olmur ki, tərəflər həmin müqavilədən irəli gələn vəzifələrini özlərindən asılı olmayan səbəblərlə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilməsinlər. Belə halların mövcud olduğunu sübut etmək vəzifəsi isə onlara istinad edən tərəfin üzərinə düşür. Qeyd olunan hallardan kənar etiraf edən bu müqavilədən irəli gələn tələblərə başlıca əqddən irəli gələn etirazlar verə bilməz. Bu baxımdan mövcud borcun etirafı haqqında etibarlı müqavilədən irəli gələn mübahisələrə baxan məhkəmə həmin borcun məbləğinin yaranması, müqavilənin bağlanmasından əvvəl baş vermiş hərəkətlər nəticəsində onun məbləğinin artması və ya azalması ilə b ağlı müqavilə tərəflərinin sübut və dəlillərini araşdırmaq vəzifəsi daşımır. Lakin apellyasiya instansiyası məhkəməsi tətbiq edilməli olan Mülki Məcəllənin 882ci maddəsini mübahisəyə tətbiq etməmiş, işdə olan sübutları sadəcə sadalayaraq, onlara tətbiq edilməli maddi hüquq normalarına müvafiq olaraq qiymət vermədən iddianı tam təmin etmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və müba hisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 ma y 2006-cı il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar). Məhkəmə kollegiyası hazırkı işin kommersiya mübahisəsi olduğu və aidiyyət qaydalarının pozulması ilə baxıldığı barədə kassasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsinə 05.11.2014-cü il tarixdə daxil olmuşdur. MPM-in 25.1-ci maddəsinin həmin dövrdə qüvvədə olmuş redaksiyası müəyyən edirdi ki, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İşə baxıldığı dövrdə cavabdeh məhkəməyə fərdi sahibkar statusunun olduğu barədə sübu tlar təqdim etməmiş və ya mübahisəli hüququ münasibətinin onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yarandığı barədə etiraz və dəlil irəli sürməmiş, o cümlədən işin aidiyyəti üzrə iqtisad məhkəməsinə göndərilməsi barədə vəsatət verməmişdir. MPM-in 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı işin müəyyən olunmuş hallarına tətbiq edilməli olan hüquq normalar ı əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-776/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.