Məhkəmə qərarları › İş №2(102)-4367/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4367/2023

12.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4367/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4367/2023 (Açar sözlər: dəymiş maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3980/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayət inə 12 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Paylayıcı İddiaçı Birliyinin Bakı Regional Qazın Satışı Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə T/17686 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməlidir.

2. Abonentin saldosuna əsasən, verilən qaz xətti üzrə **********30000 sayla qeydiyyata alınmış abonent koduna (abonent Cəbrayılov Balakərim) 2022-ci ilin avqust ayınadək aktlar üzrə ümumilikdə cəmi 11.826,20 (10.827,10 manat aktlar əsasında hesablanmış borc, 999,10 manat sənədi olmayan dövr üzrə) manat zərər hesablanmışdır.

3. Təbii X1nın pozulması haqqında tərtib edilmiş aktlara əsasən, cavabdeh olan abonent Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyinə görə dəymiş ziyan hesablanıb ödənilməlidir.

4. Təbii X1nın pozulması haqqında tərtib edilmiş xx.xx.2018 tarixli ******* saylı akt əsasında, 974,40 manat; xx.xx.2018 tarixli ******* saylı akt əsasında 259,40 manat; xx.xx.2018 tarixli ******* saylı akt əsasında 256,20 manat; xx.xx.2018 tarixli ******* saylı akt əsasında 203 manat; xx.xx.2018 tarixli ******* saylı akt əsasında 115,20 manat; xx.xx.2018 tarixli ******* saylı akt əsasında 266,40 manat; xx.xx.2018 tarixli ** ***** saylı akt əsasında 142,20 manat; xx.xx.2018 tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019 tarixli ******* saylı akt əsasında 517,50 manat; xx.xx.2019 tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2020 tarixli ******* saylı akt əsasında 388,80 manat; xx.xx.2020 tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020 tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020 tarixli ******* saylı akt əsasında 489,60 manat; xx.xx.2020 tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2021 tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2021 tarixli ******* saylı akt əsasında 590,40 manat; xx.xx.2021 tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2021 tarixli ******* saylı akt əsasında 583,20 manat; xx.xx.2022 tarixli ******* saylı akt əsası nda 1.944 manat; xx.xx.2022 tarixli ******* saylı akt əsasında 648 manat; xx.xx.2022 tarixli ******* saylı akt əsasında 669,60 manat; xx.xx.2022 tarixli ******* saylı akt əsasında 2.008,80 manat olmaqla 10.827,10 manat borcu yaranmışdır. Aktların tərtibi zamanı istehlakçı Cavabdeh aktları imzalamaqdan imtina etməsi qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 10.827,10 (on min səkkiz yüz iyirmi yeddi manat 10 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 999,10 (doqquz yüz doxsan doqquz manat 10 qəpik) manat və 125,4 8 (bir yüz iyirmi beş manat 48 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 11.951,68 (on bir min doqquz yüz əlli bir manat 68 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində T17686 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə aid fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilm iş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfind ən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında cəmi 10.827,10 (on min səkkiz yüz iyirmi yeddi manat 10 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmçinin, cavabdehin ödənilməmiş 2011-ci ildən qalıq borc 72 manat, 2012-ci ildən qalıq 300 manat, 2016-cı ildə qalıq 333,80 manat sərfiyyat borcu v ə 2018-ci ildən qalıq 293,30 manat sərfiyyat borcu, cəmi 999,10 manat sərfiyyat borcu qalmışdır. 2011-ci ildən 2022-ci ilin avqust ayına qədər cavabdeh ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 999,10 (doqquz yüz doxsan doqquz manat 10 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin “saldo” və “Gazper” üzrə ümumi 1.826,20 (on bir min səkkiz yüz iyirmi altı manat 20 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, qeyd olunan ünvanda yaşayış olmamışdır. O, qeyd olunan ünvanda 2021-ci ilin mart-aprel aylarında sayğacdan kənar qaz xəttindən istifadə etmiş, lakin sonradan bunu etməmişdir. xx.xx.2021 tarixli ******* saylı akt əsasında 590,40 manat; xx.xx.2021 tarixli ******* saylı akt əsasında yazılmış 295,20 manat borcu qəbul edir. Belə ki, həmin dövrdə həqiqətən təbii qazdan qeyri-qanuni istifadə etmişdir. İddianın qalan hissəsini qəbul etmir. Göstərilənlərə əsasən iddianın qismən təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-649/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 885,6 manat pul və 10,0 manat dövlət rüsumu olmaqla, cəmi 895,6 (səkkiz yüz doxsan beş manat, altmış qəpik) tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi tərəfindən təqdim olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək aktlar tərtib edilmiş, cavabdehə ümumilikdə aktlar əsasında (2018-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək) 10.827,10 manat məbləğində borc hesablanmışdır. Bundan sonra iddiaçı təşkilatın əməkdaşları mütəmadi olaraq cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə aktlar tərtib etmişlər. Hazırda iddiaçı tərəf həmin aktlara görə, habelə onlardan əvvəl hesablanmış borcun ödənilməsini tələb edir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbayc an Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

11. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmu ş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir.

12. İddiaçı təşkilat qaz sayğacına müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Cavabdeh tələb olunan borcun yaranmasına dair əsaslı və mötəbər sübutlar ı məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz.

14. Məhkəmə iddiaçının sayğacdan kənar qaz xəttindən qanunsuz istifadəyə görə hesablanmış borc məbləğindən əlavə cavabdehdən 999,10 manat məbləğində qalıq borc tələb etməsi ilə bağlı hissəsinə dair qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin aktlarla hesablanmış borc məbləğindən əlavə 999,10 manat qalıq borcunun olduğunu qeyd etsə də, həmin məbləğin hansı dövrə və hansı səbəbə hesablanmış borc olduğuna dair məhkəməyə sübutlar təqdim etməmişdir. İş materiallarına əlavə olunmuş abonentin saldosunda göründüyü kimi, cavabdehin hər-hansı debitor borcu mövcud deyil.

15. Birinci instansiya məəhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21-ci maddəsinə, “Qaz təchizatı haqqında” Qanunun 11.6-cı maddəsinə, Azərbaycan Respublikasl Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X1”nın 1.1., 1.4., 2.5., 2.12., 3.4., 3.4.1., 3.1.7., 6.5., 6.6., 6.7.-ci bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində lə ğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İstinad etdikləri müvafiq maddəyə əsasən qeyd olunmalıdır ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Tərətib edilmiş apellyasiya şikayətinə əlavə edilmiş saldodan görünür ki, aktların tərtib edildiyi tarixlərdə abonent tərəfindən heç bir qaz sərfiyyatı olmamışdır. Bununla da aktların doğruluğu və həqiqət ə uyğun olduğu öz təsdiqini tapmasına baxmayaraq, məhkəmə qətnaməsində bu halları nəzərə almayaraq yalnızca cavabdehin ifadəsinə söykənmişdir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Aktlar təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Məhkəmə, aktların abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir. Lakin qeyd olunmalıdır ki, İddiaçı əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və abonentin həmin aktları imza etməkdən imtinası aktların qanunsuz olduğuna dəlalət etmir, bununla yanaşı “qüsurlu” sübut kimi dəyərləndirilməs inə əsas vermir. Əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3980/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6390/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni iddianın aktlara görə zərərin tutulmasının təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, Cavabdeh aktlara görə 1.084 manat (378+302.4+403.6=1.084 manat) zərər tutularaq İddiaçı İB-nin x eyrinə tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamaqla qeyd etmişdir ki, iş materiallarında olan abonent saldosundan görünür ki, abonent tərəfindən aktlar tərtib edilən illər üzrə istifadə edilən qaz sərfiyyatına görə ümumiyyətlə hər hansı bir ödəniş edilməmişdir. Lakin işin faktiki hallarından, eləcə də cavabdehin özünün birinci instansiya məhkəməsində izahatından görünür ki, təbii qazdan istifadə etmişdir. Bunun müqabilində isə hər hansı məbləğdə ödəniş həyata keçirməmişdir. Bu isə ağlabatan görünməməklə həqiqəti əks etdirə bilməz. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən yalnız cavabdehin qəbul etdiyi aktlar üzrə zərərin tutulması qalan bütün aktlar üzrə tam olaraq təmin edilməməsi əsaslı hesab edilə bilməz. Belə ki, sözügedən illər ərzində abonent tərəfindən hər hansı bir ödəniş edilməməsi X1nı pozmaqla ondan qeyri-qanuni istifadə edilməsi halını daha da barizləşdirir. Bununla bağlı təqdim edilən fotoşəkillərdə mövcuddur.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, zərər iddia ərizəsində tələb edilən məbləğdə tutula bilməz. Belə ki, tərtib edilən aktlarda hesablanması müəyyən edilən aktlar üzrə sərfiyyat və ona görə hesablanan məbləğ reallığı əks etdirmir. Nəzərə alınsa ki, 2018ci ildən 2022-ci ilin aprel ayınadək keçən müddət bəzi illərdə ardıcıl bəzi illərdə aramla aktlar tərtib edilmişdir ki, ümumi likdə 24 aktdan ibarət olmaqla 2 il müddət edir. Ümumilikdə isə məhkəmə iddiaçı tərəfindən qəbul edilən 2018-2022-ci illər arasında olan aktların doğruluğunu qəbul etsə də, digər aktlar üzrə hesablamaların düzgün aparılmamasına qeyd edilən prizmadan yanaşmaqla əsaslandırmamışdır. Uzun müddət ərzində cavabdeh tərəfin heç bir ödənişinin olmaması X1nın pozulması barədə aktlarda göstərilən səbəblərin baş verməsinin doğruluğunu daha qəbul edilən olmasına əsas verir.

21. Məhkəmə kollegiyası bununla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən aktlara münasibətdə qətnamədə qeyd edilən məbləğin tutulması düzgün hesab edilməsə də, iddiaçı tərəfindən həmin aktlar üzrə tələb edilən məbləğlərin orada qeyd edilən məbləğdə tutulması qanuni və əsaslı hesab edilə bilməz.

22. Belə ki, id diaçı tərəfindən tərtib edilən aktlarda bir çox hallarda qazla işləyən əşylar üç sayda, dəmir soba, QP-4, QSSQ kimi, bəzi aktlarda isə iki sayda qeyd edilmişdir. Eyni zamanda təxminən 2018-ci ildən götürülməklə son aktın tərtib edilməsinə 23 akt tərtib edilmişdir. Lakin həmin aktlardan ikisi cavabdeh tərəfindən qəbul edildiyindən onlara münasibət bildirilmir. Digər aktlarda nəzərə alındığından 2 ilə yaxın müddət edir. Həmin keçən müddətin təxmini 9 ayı yay aylarına 12 ayı isə qış aylarına təsadüf edir. Eyni zamanda aktlarda qazla işləyən alətlərin işləmə saatları böyük əksəriyyət aktlarda 18, 24 saat işləməklə hesablamalar aparılmışdır. Bu isə nə qış aylarında, nə də yay aylarında reallığa uyğun olmamaqla həqiqəti əks etdirmir. Bəzi aktlarda isə müqavilədə göstərilməməsinə baxmayaraq həm dəmir soba, həm də radiator göstərilmişdir. Bəzi aktlarda isə soyuq olmayan aylarda dəmir soba üçün hesablamalar aparılmışdır.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bəzi aktlar üzrə isə aylıq zərər qismində hesablama aparılarkən 1 aylıq müddətə görə 648, 669, hətta 2.008 manat zərər hesablanmışdır. Bu isə özlüyündə həmin aktlar üzrə hesablanan məbləğlərin reallıqdan kənar olduğunu təsdiq edir. Fərdi yaşayış evi üzrə aylıq bu məbləğdə qaz sərfiyyatının olması həm reallıq baxımından uyğun gəlmir, həm də əvvəlki illər üzrə də aylıq sərfiyyata baxıldığı zaman tam uyğunsuzluq yaratmaqla həqiqəti əks etdirə bilməz.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin aktlar üzrə zərərin hesablanması aparılarkən dəmir soba ilə bağlı hissə 12 ay (qış ayları) götürülməklə hesablanmalıdır və dəymiş zərərin məbləği də bu həddə nəzərə alınmalıdır. (1,4 m3/saat x 8 saat iş rejimi x 30 gün=336 m3, 336 m3 x 12 ay (4032 m3) x 0,10=403,6 manat).

25. Bundan əlavə əksəriyyət aktlarda göstərilən digər qaz işlədiciləri kimi göstərilən QP-4, QSSQ-yə münasibətdə isə gündəlik iş rejimi kimi 18, 24 saat hesablanma aparılmışdır ki, məhkəmə kollegiyası bunu da mümkün hesab etməməklə həqiqəti əks dirməməsi qənaətinə gəlir. Belə ki, 4 gözlü qazın təyinatı nəzərə alındığından 24 saat istifadə edilməsi ağlabatan deyil. Eyni zamanda su qızdırıcısı funksiyasını yerinə yetirən qaz işlədicisinin də gündəlik 24 saat işlədilməsi ağlabatan görünmür. Belə olan halda həmin işlədicilər üzrə 21 ay ərzində aylıq işləmə saatları və maksimal saatlıq qaz sərfi ağlabatan saat götürülməklə hesablanmalı və dəymiş zərərin məbləği də bu həddə nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, bu iki işlədiciyə münasibətdə fəsil nəzərə alınmadan 21 ay müddətində hesablanma aparılmalıdır (QP-4 (1,2 m3/saat x 4 saat iş rejimi x 30 gün=144 m3, 144 m3 x 21 ay (3024 m3) x 0,10=302,4 manat). (QSSQ (1.5 m3/saat x 4 saat iş rejimi x 30 gün=180 m3, 180 m3 x 21 ay (3780 m3) x 0.10=378 manat).

26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-ci bəndinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.3 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və o na etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

27. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasınıxahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi qətnaməsində istinad etdiyi hüquq normalarını düzgün tətbiq etməmiş, qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Qaz sayğacından kənar cavabdeh tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qanunvericiliyin tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. İddiaçıya maddi zərərin vurulması ilə bağlı halı sübut edən mötəbər sənədlər iş materiallarına əlavə edilmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş abonent saldosu və “Gaspep” çı xarışından da məlum olur ki, təbii X1nın pozulmasına dair aktların tərtib olunduğu dövrdə cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə heç bir ödəniş edilməmişdir. Bu hal da sübut edir ki, göstərilən dövrdə cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. Göstərilənlərdən də məlum olur ki, iddia tələbi tam əsaslı olduğu və iddiaçı tərəfindən tam sübuta yetirildiyi halda, həmçinin cavabdeh tərəfin öz etirazları ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi hər hansı bir əsas olmadan şikayəti qismən təmin etmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq qismən əsassız qətnamə qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarını t anımış, lakin həmin aktlar üzrə iddiaçının mütəxəssisləri tərəfindən aparılmış hesabatı qəbul etməmişdir. Apellyasiya instansiya Məhkəməsinin qətnaməsindən o da məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə iddiaçıya vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə səhv nəticəyə gəlməklə iddiaçının qanunla qorunan hüquqlarının qismən pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Cavabdehin qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktları apellyasiya instansiya məhkəmə tərəfindən qəbul edildiyi üçün iddiaçıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün Məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozu ntuya yol verilmiş və qanunsuz qətnamə qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

32. M addə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

33. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.

35. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”.

36. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

37. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

38. Bənd 2.12. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

39. Bənd 3.1.7. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçir ilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

40. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

41. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

42. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstərici sinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

43. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

44. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

45. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə b ilməz.

46. Bənd 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alğı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).

47. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

48. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlə r Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi Şərtlərini təyin edən” Qaydaları.

49. Bənd 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıra n halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

52. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r.

55. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti t əmin etmədən saxlaya bilər.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlən dirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məh kəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

64. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı ). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 66. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq n ormalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

67. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

68. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

69. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsi qətnamənin giriş hissəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-649/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxdığını qeyd etsədə, qətnamənin əsaslandırıcı və nəticə hissələrində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6390/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə nəticəyə gəlməklə, həmin hissələrdə yanlışlıqlara yol vermişdir. Kassasiya şikayətində həmin məsələ mübahisələndirilməmişdir. Odur k i, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iş materialları apellyasiya məhkəməsinə qaytarıldıqdan sonra həmin yanlışlıq apellyasiya məhkəməsi tərəfindən aradan qaldırılmalıdır.

70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

71. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3980/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar