Məhkəmə qərarları › İş №2(102)-4373/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4373/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4373/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1151/2021 nömrəli iş üzrə 16 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı 1. 25 aprel 2014-cü il tarixli, 25A000013585 saylı kredit razılaşmasına əsasən, Cavabdeh1 24 ay müddətinə, aylıq faiz 2,0833 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7700 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə bankla cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında 25 aprel 2014-cü il tarixli, 25A000013585 (A) saylı zaminlik müqavilələri bağlanmışdır.

3. Buna baxmayaraq, Cavabdeh1 borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq etmişdir.

4. Bank 25.08.2020-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəm ə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı QSC, bankla Cavabdeh1 arasında bağlanmış 25 aprel 2014-cü il tarixli 25A000013585 saylı kredit müqaviləsi üzrə 4486,27 (dörd min dörd yüz səksən altı) ABŞ dolları məbləğində əsas borcun, 5510 (beş min beş yüz on) ABŞ dolları məbləğində faiz borcu, 7849,19 (yeddi min səkkiz yüz qırx doqquz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 17.845,46 (on yeddi min səkkiz yüz qırx beş) ABŞ dolları borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-3) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq müqavilə öhdəlik lərinin icrasını gecikdirmişlər.

7. Cavabdehlər birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişlər.

8. Şuşa Rayon Məhkəməsinin (hakim A.Həsənov) 12 noyabr 2020-ci il tarixli, 2(077)-217/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2014-cü il tarixli, 25A000013585 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 4486,27 (dörd min dörd yüz səksən altı) ABŞ dolları məbləğində əsas borc, 907,96 (doqquz yüz yeddi) ABŞ dolları məbləğində faiz borcu, 41(qırx bir) ABŞ dolları məbləğində cərimə borcu olmaqla,cəmi 5435,23 (beş min dörd yüz otuz beş) ABŞ dolları borcun ödənilən vaxtı manata məzənnəsi ilə tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddianın zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibə tdə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh kredit razılaşma müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onun bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Həmçinin Məhkəmə qeyd etmişdir ki, 25 aprel 2014-cü il tarixli, 25A000013585 saylı kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir. Buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-L.Məmmədova (sədrlik edən və m əruzəçi), T.Quliyev və G.Tağızadə) 16 mart 2021-ci il tarixli, 2(105)-1151/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şuşa Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(077)-217/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı QSC kassasiya şikayəti verərək qətnamənin qismən-iddia tələbinin zaminlərə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin olunmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti onunl a əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 477.0.4-cü maddələrinə istinad edilməsinə baxmayaraq, həmin maddi hüquq normaları düzgün tətbiq edilməmiş və bununla da pozuntuya yol verilmişdir. Belə ki, AR MM-nin 375-ci maddəsinə (iddia müddətinin tətbiqi) əsasən “hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məlum olduğu kimi, Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli qərarı ilə kəsici və iddia müddətlərinin anlayışı və fərqləri izah edilmişdir. Həmin qərara əsasən “iddia müddəti tələb hüququ üçün xarakterikdir,... Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir”. Həmin hissədə də iddia müddətinə misal olaraq, AR MM-nin 477.0.4-cü maddəsi göstərilmişdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarında AR MM-nin 477.0.4-cü maddəsində nəzərdə tutulan müddət kəsici müddət deyil, iddia müddəti kimi qiymətləndirilmişdir. İstinad olu nan qərarda qeyd edilmişdir ki, “iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.Odur ki, məhkəmə tərəfindən iddia müddəti tətbiq edilən zaman AR MM-nin 375.2-ci maddəsinin pozuntusuna yol verilmişdir. Belə ki, cavabdehlər iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizəsi məhkəməyə təqdim etməmişdirlər. Əlavə olaraq, AR MM-si ilə “kəsici“müddətin deyil, “iddia“müddətinin axımının başlanması, dayandırılması və kəsilməsi hallan tənzimlənir. (AR MM-nin 377-ci, 379-cu və 380-ci maddələr). Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən AR MM-nin 375.2 və 477.0.4-cü maddəsinin pozuntusuna yol verilmiş və gəlinən nəticə Plenumun 12.03.2020-ci il tarixli qərarına zidd olmuşdur. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, məhkəmə hazırkı iş üzrə mübahisəyə Mülki Məcəllənin 477.0.4-cü maddəsini tətbiq edib iddianı zaminə münasibətdə rədd etməkdə haqlı olmamışdır. Bununla da, məhkəmə tərəfindən maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

17. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

18. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtın ın çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Hazırkı kassasiya şikayət ində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

25. İddiaçı QSC ilə Cavabdeh1 arasında 25 aprel 2014-cü il tarixli, 25A000013585 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə 7700 ABŞ dolları məbləğində borc pulun verilməsi, kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir.

26. Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 7700 ABŞ dolları məbləğində almış olduğu krediti 02.06.2014-cü ildən başlayaraq hər ay 414,40 ABŞ dolları ödəniş etməklə 02.05.2016-cı il tarixədək ödəməli idi.

27. İddiaçı QSC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında 25 aprel 2014-cü il tarixli, 25A000013585 (A) saylı zaminlik müqavilələrindən görünür ki, cavabdehlər bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar.

28. Kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı QSC Cavabdeh1 arasında 25 aprel 2014-cü il tarixli, 25A000013585 saylı kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək, sonuncuya 25.04.2014-cü il tarixdə 7700 ABŞ dolları məbləğində nağd kredit vermişdir.

29. İddiaçı QSC-nin 26.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 arasında 25 aprel 2014-cü il tarixli, 25A000013585 saylı kredit müqaviləsi üzrə 25.06.2016-cı il tarixinə İddiaçı QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi 4486,27 ABŞ dolları məbləğində əsas borc, 907,96 ABŞ dolları məbləğində faiz borcu və 1041,50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6435,73 ABŞ dolları təşkil edir.

30. İddiaçı QSC tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıqlardan görünür ki, cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır.

31. Müvafiq ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı QSC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 25 aprel 2014-cü il tarixli 25A000013585(A) saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər.

33. İş materiallarından görünür ki, 25 aprel 2014-cü il tarixli, 25A000013585 saylı kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir. Buna görə də AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir.

34. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2014 -cü il tarixli, 25A000013585 saylı kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş 02.06.2014-cü il tarixdə, sonuncu ödəniş 02 may 2016-ci il tarixdə həyata keçirilməli idi. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci 02.05.2016-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar.

35. İddiaçı zaminə qarşı 02.05.2017-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bilavasitə qanundan irəli gəldiyi, eləcə də, bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Bundan başqa zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyil. Buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaət ə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Kollegiya, kassatorun Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə 12.03.2020-ci il tarixli qərarına istinadən MM-nin 477.0.4-cü maddəsindəki müddətin kəsici müddət olmasına dair mövqeyini əsaslı saymır. Ona görə ki, həmin qərarda iddia müddətinin tələb hüququ üçün xarakterik olduğu qeyd edilərkən bu qaydadan istisnaların olduğu vurğulanmış və misal kimi MM-nin 477.0. 4-cü maddəsindəki müddət göstərilmişdir. Odur ki, həmin normadakı müddətin kəsici müddət olması barədə apellyasiya məhkəməsinin gəldiyi qənaət maddi hüquq normalarına uyğundur.

40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1151/2021 nömrəli iş üzrə 16 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar