Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4418/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, faizin və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2(104)1591/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 08 iyun 2021-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 19% faiz dərəcəsi ilə 30 ay müddətinə 17000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün 28 iyun 2021-cu il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 3908 0***-*******01 saylı 08 iyun 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 12618,48 manat məbləğində əsas kredit borcu, 1169,11 manat məbləğində hesablanmış faiz borcu, 201,09 cərimə olmaqla, cəmi 13988,68 manatın, həmçinin iddia qaldırılması üçün ödənilmiş 131,97 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, borcalan kredit razılaşmasının tələbini pozaraq, ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır.
5. Tovuz Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(062)-495/2023 nömrəli qətnaməsi ilə (hakim H.N.Əliyev) iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmı ş 08 iyun 2021-ci il tarixli, 39080***-*******01 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12618,48 manat məbləğində əsas, 1169,11 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 13807,59 manat pulun, habelə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 131,97 manat pulun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 6, 14.2.1, 385, 386.1, 390.1, 421.2, 425.1, 442, 448.1, 449, 453, 460.1, 462.1, 463.2, 467, 470.1, 472.1, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Cavabdeh1 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(062)-495/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə müvafiq ekspertiza rəyi alınaraq onun əsasında qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2(104)-1591/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Q.Rzaquliyevin sədrliyi və məruzəsi ilə, hakimlər L.S.Süleymanovdan və A.H.Hüseynzadədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(062)-495/2023 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. A pellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir, birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu, əsas borca hesablanmış faiz borcu hissəsində tam təmin etməkdə, cavabdehdən tutulmalı olan dəbbə pulunu azaltmaqda isə haqlı olmuşdur.
10. Apellyasiya şikayətinin ekspertizanın təyin edilməli olmasına dair dəlili ilə bağlı apellyasiya məhkəməsi razılaşmamış və qeyd etmişdir ki, hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən edilmiş bütün ödənişlər nəzərə alınmış, apellyator iddiaçı tərəfindən kredit müqaviləsi üzrə qalıq borcun düzgün hesablanmamasına dəlalət e dən mötəbər sübut təqdim etməmişdir.
11. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyinə görə ödədiyi məbləğlərin bank tərəfindən faiz və cəriməyə silindiyini məhkəmədə deyə bilməməsi dəlili ilə bağlı qeyd etmişdir ki, kredit verənlə borcalan arasında bağlanmış kredit müqaviləsinin 2.04-cü bəndinə əsasən vəsaitlər hesaba mədaxil edildikdən sonra kredit verən tərəfindən cərimə, xərclər (əgər varsa), faiz və əsas borcun ödənilməsi məqsədi ilə silinir. Göründüyü kimi borcalan tərəfindən kredit müqaviləsi üzrə edilmiş ödənişlər əvvəlcə cərimə, sonra faiz borcu, daha sonra isə əsas borca silinir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
12. Cavabdeh1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyu n 2023-cü il tarixli, 2(104)-1591/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.1, 445.2, 48.1, 448.2, 449.1, 475, 462.3, 467, 793-cu, Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1-ci maddələrini pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallardan biri olan, banka ödədiyi məbləğlərin bank tərəfindən faiz və cəriməyə silindiyinə, bank tərəfindən irəli sürülmüş iddiada tələb olunan məbləğin həddən artıq şişirdildiyinə, ödədiyi məbləğlərin əsas borcdan ümumiyyətlə silinmədiyinə formal yanaşmış, həmin dəlillərin əsassız olduğu barədə qənaətə gəlməkdə haqlı olmamışdır. Apellyasiya şikayətində cavabdeh bank tərəfindən məbləğin düzgün hesablanmadığını, məbləğin həddindən artıq şişirdildiyini göstərərək, iş üzrə ekspertizanın təyin olunmasını da xahiş etsə də, vəsatəti təmin edilməmişdir.
14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
15. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəmə si tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
17. Hazırki kassasiya baxışının predmetini kassatorun şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zə rərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə lidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfin dən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasi ya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi hazırki kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinə hüquqi qiymət vermiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır.
22. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməsi və yaxud, iddiaçı tərəfindən borcun düzgün hesablanmaması ilə bağlı hər hansı bir sübutu (ödəniş qəbzləri, maliyyə sənədləri və s.) təqdim etmədiyindən apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiya şikayətinin dəlillərinə həmin hissədə mövcud sübutlara, o cümlədən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən hüquqi qiymət vermişdir.
23. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 21 iyun 2023-cü il tarixli, 2(104)-1591/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.