Məhkəmə qərarları › İş №2(102)-4427/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4427/2023

29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4427/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1445/2023 nömrəl i,12 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 14.09.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə (bundan sonra alqı-satqı müqaviləsi), mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, yaşıl metallik rəngli, **-ES-*** dövlət qeydiyyat nişanlı, “MercedesBenz E230” markalı minik avtomobili (bundan sonra – avtomobil) mülkiyyətçi X3 adından oğlu Cavabdeh tərəfindən İddiaçı satılmışdır.

2. Eyni tarixli nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə ilə, İddiaçı Cavabdeh həmin avtomobili 2 ay müddətində ( xx.xx.2022-ci ilədək) idarə etmək səlahiyyəti vermişdir. İş üzrə qəbul e dilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş zərərə görə 6415 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə münasibətləri yaxşı olduğundan inanıb avtomobilini etibarnamı ilə onun istifadəsinə vermişdir. Cavabdeh isə avtomobildən istifadə etdiyi hər günü üçün ona 20 manat icarə qaydasında pul verməli idi. Razılaşmaya əsasən 2 ay tamam olduqdan sonra cavabdeh ona 13.000 manat pul verməli, avtomobil cavabdehə qalmalı idi. Aralarında olan razılıq bundan ibarət olmuş, əgər cavabdeh pulu verə bilməsə avtomobil qaytarı lmalı idi. Lakin Cavabdeh 1 manat da olsun belə ona pul ödəməmişdir. O, Cavabdeh avtomobili qaytarmasını tələb etmiş, sonuncu isə ona yalan vədlər verərək vaxtı uzatmış, maşını qaytarmamışdır. Aralarında razılaşdıqları 2 ay müddət tamam olmuşdur. Həmin müddətdə yol polisinə müraciət etmişdir ki, avtomobilini saxlasınlar, ona bildirmişlər ki, avtomobili tapa bilmirlər. Sonuncu dəfə bir müddət əvvəl Cavabdeh avtomobilə görə zəng etmiş, lakin cavabdeh onun telefonuna cavab verməmişdir. Dekabr ayının 12-də “turbo.az” internet saytında Cavabdeh avtomobili satışa qoyduğunu görmüş və həmin günü polisə şikayət etmişdir. Məhkəmədə iddia tələbi irəli sürülərkən avtomobil tapılmamışdı. Sonradan avtomobil tapılaraq İmişli RPŞ-yə təhvil verilmişdir, hazırda avtomaşın özündədir. Polis şöbəsində avtomobi lə İmişli "xxxx" MMC mütəxəssisləri tərəfindən baxış keçirilmiş, mütəxəssislər müəyyən etmişlər ki, Cavabdeh tərəfindən avtomaşına 6415 manat zərər vurulmuşdur.

5. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin sonuncudan alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı əvvəl tanımamış, sonradan Nəsir adlı şəxsin vasitəsi ilə tanımışdır. X1 mülkiyyətində olan avtomobili anası tərəfindən verilmiş etibarnamə ilə idarə etmişdir. Həmin maşınla avtoqəza törətdiyindən maşının təmiri üçün ona 2000 manat pul lazım olmuşdur. Ona görə d ə bu barədə Nəsirə bildirmiş, Nəsir ona Sevdimalı adlı şəxsin 10 % sələmi ilə istənilən şəxslərə pul verdiyini bildirmişdir. Sevdimalı ilə danışmış və 2500 manat pul lazım olduğunu ona bildirmişdir. Sevdimalı isə 2500 manatı verə biləcəyini bildirmiş, lakin şərt qoymuşdur ki, gərək avtomaşını pulun qaytarılacağı müddətinə kimi onun adına sənədləşdirsin, maşını sürmək üçün ona etibarnamə verəcək. Sevdimalının dediklərinə inanmış, mübahisə predmeti olan avtomobili adına sənədləşdirmiş və 2500 manatı Sevdimalıdan almışdır. Həmin məbləğdən maşının sənədləşdirilməsinə 600 manat pulu özü vermişdir. Avtomaşını adına sənədləşdirdikdən sonra Sevdimalı avtomaşını idarə etmək üçün ona etibarnamə vermişdir. Aralarında olan razılaşmaya görə Sevdimalıya hər ay sələm formasında 500 manat ödəməli idi. Nəs irin vasitəsi ilə Sevdimalıya 2 ay 500 manatdan olmaqla, yəni 1000 manat ödəmişdir. 1 aydan sonra isə Sevdimalıya bildirmişdir ki, ondan borc aldığı pulu və faizləri ödəmək istəyir, maşını qaytarsın. Lakin Sevdimalı bildirmişdir ki, maşını ona icarəyə verib, maşını qaytarmayacaq, maşın onun mülkiyyətindədir. Bu mübahisədən sonra maşını Sevdimalıya verməmişdir. Bundan sonra Sevdimalı maşının axtarışı ilə bağlı polisə müraciət etmişdir. Sevdimalıya dəfələrlə bildirmişdir ki, aralarında olan razılaşmanı pozmasın, lakin heç bir nəticə olmamış, üstəlik də Sevdimalı ondan maşına vurulmuş zərəri də tələb etməyə başlamış, məhkəməyə müraciət etmişdir. Bunlar barədə Sevdimalı ilə aralarında danışıq səs yazıları, Whatsapp yazıları var.

7. X4 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cəm aləddini tanıyır. Cəmaləddin anasına məxsus və özünün idarə etdiyi maşını ilə 2022-ci ilin yay aylarında avtoqəza törətdiyindən ondan maşının düzəldilməsi üçün borc pul istəmiş, lakin pulu olmadığından Cəmaləddinə pul verə bilməmişdir. Cəmaləddin bundan sonra sələmə pul götürəcəyini bildirərək, haradan isə pul tapıb maşınını qismən düzəltdirmişdir.

8. X2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh onun dayısı oğludur. Cəmaləddin ona bildirmişdir ki Sevdimalı adlı şəxsdən 2500 manat sələmə pul götürmüş, anasının maşınını isə pulun təminatı olaraq Sevdimalının adına keçirmişdir.Hazırda isə Sevdimalı maşını qaytarmır, özünə məxsus olmasını bildirir. Bundan sonra o, Sevdimalıya zəng etmiş, 2 dəfə görüşmüş, Sevdimalı həmin vaxt Cəmaləddinə verdiyi borc pulu və sələmi tələb et miş, əks halda isə maşının ona məxsus olduğunu və maşını verməyəcəyini bildirmişdir. Sevdimalı Cəmaləddinə 3000 manat verdiyini bildirmişdir. Sevdimalı onunla görüşəndə maşını 13.000 manata Cəmaləddindən alması barədə heç bir fikir söyləməyib.

9. Ağdam Rayon Məhkəməsinin 2(013)-575/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Elşad Bayramov), ilk iddianın rədd edilərək, qarşılıqlı iddianın təmin edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, sözügedən alqı-satqı müqaviləsi formal xarakterli olmaqla, Cavabdeh İddiaçı sələm qaydasında aldığı 2500 manat pulun qaytarılmasını təmin etmək üçün bir tərəfin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərə cə əlverişsiz şərtlərlə bağlanmağa məcbur olduğu əqd kimi qiymətləndirilməlidir. Həmin əqd həqiqi alqı-satqı niyyəti ilə aparılmamışdır. Belə ki, məhkəmə iclasında hazırkı tərəflər və işlə bağlı olan qeyri şəxslər aralarında aparılmış whatsapp yazışmaları və telefon danışıqlarına dair səs yazılarından aşkar görünür ki, İddiaçı və Cavabdeh arasında aparılmış alqı-satqı müqaviləsi heç də həqiqi avtomaşın alqı-satqısı aparmaq niyyəti ilə edilməmiş, tərəflər bir-birilərinə avtomaşının dəyərini ödəməmiş, əslində isə həmin alqısatqı Sevdimalının Cəmaləddinə verdiyi 2500 manat pulu pərdələmək məqsədi ilə, İddiaçı təkidi ilə formal olaraq aparılmışdır.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin) 324.1, 324.4, 324.5, 324.6, 328.2, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 339.3, 3 40.1 347.1-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.3, 14.2, 119.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1445/2022 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İ ddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

16. Kassator şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh qarşılıqlı iddia qaldırmaq üçün subyektiv hüququnun olmamasına baxmayaraq, məhkəmələr bu hala qiymət verməmişlər.

17. Kassasiya şikayətinin digər dəlilinə görə, iş materiallarına əlavə olunmuş diskdəki səs yazısında onun Cavabdeh sələmə pul vermədiyi, eləcə də aylıq icarə haqqının və borcun ödənilməməsi ilə bağlı danışıqların aparıldığı görünsə də, məhkəmələr bu hala da düzgün qiymət verməmişlər.

18. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157.2, 164.1, 164.2-ci maddələrinə istinad edərək əsaslan dırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

20. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllə

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 337.2. Əqd barəs ində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

25. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

26. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

27. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıq da isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

28. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

29. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

30. Maddə 340.2 Yalan əqd başqa əqdi pərdələmək məqsədi il ə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

31. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.

32. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satı cı, kassir və i.a.) bəlli ola bilər.

33. Maddə 359.2. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər.

34. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzr ə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı: “... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

47. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmas ını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

48. Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

49. Baxılan iş üzrə qarşılıqlı iddiaçı anasının mülkiyyətində olan və etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsinə dair digər tərəflə bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edir.

50. Yuxarıda qeyd olunan maddi hüquq normalarından görünür ki, etibarnamə təmsilçiliyi üçüncü şəxslər qarşısında rəsmiləşdirən sənəddir. Təmsilçilik isə birtərəfli əqd olmaqla, təmsil edilən şəxs üçün hüquq və vəzifələrinin yaradılmasına, dəyişdirilməsinə və xitam verilməsinə dair təmsilçiyə verilmiş səlahiyyətdir. Yəni qanunun mənasına görə etibarnamə əsasında yalnız təmsil edilənin hüquqi statusunda dəyişikliklər baş verə bilər. Təsadüfü deyil ki, MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

51. İşə baxmış apellyasiya instansiyası məhkəməsi MPM-in 4.1-ci maddəsinə əsasən qarşılıqlı iddiaçının belə bir iddia qal dırmaqla bağlı subyektiv hüququnun olubolmadığına ümumiyyətlə qiymət verməmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsinə nəqliyyat vasitəsinin mülkiyyətçinin müqavilə bağlanmazdan əvvəl kimliyi müqavilə tərəfləri aydın olmuşdur. Bunlarla bağlı sübutlar iş materiallarında olmuşdur. Məhkəmələr həmin sənədlərin surətlərini iş materiallarına əlavə etsələr də, həmin sənədlərə ümumiyyətlə qiymət verməmişlər.

52. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarıla n məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

53. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd e tsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

54. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

55. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

56. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

57. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən qarşılıqlı iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı, bundan sonra ilk və qarşılıqlı iddiaya münasibətdə mübahisəli hüquq münasibətlərinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1445/2023 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar