Məhkəmə qərarları › İş №2(102)-4444/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4444/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4444/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-942/2021 nömrəli, 04 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 07.07.2006cı il tarixli, 552/06 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 15 % tətbiq edilməklə, 12 ay müddətinə 101025 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. 07.07.2006-cı il tarixli kassa məxaric orderindən də göründüyü kimi, Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Borcalan həmin kredit borcu üzrə öhdəliklərini sonadək yerinə yetirməmişdir. "xxxx" ASC-nin problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-XAC-70 saylı, 19.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Ona görə iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 07.07.2006-cı il tarixli, 552/06 saylı kredit müqaviləsi üzrə 7956,02 ABŞ dolları faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmiş, onun banka hazırda borcu 7956.02 ABŞ dolları təşkil edir. Bank tərəfindən dəfələrlə cavabdehə xəbərdarlıq edilmiş, lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(011)2574/2020 nömrəli qətnaməsi ilə (hakim. S.Mehrəliyev) iddianın təmin edilməməsi qət olunmuşdur.

5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair”03.06.2013-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarı; Mülki Məcəlləsinin 6.2, 372, 373.2, 375.1, 375.2, 380.1, 380.2-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- Ş.Məmmədov (sədrlik e dən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) 04 mart 2021-ci il tarixli, 2(103)-942/21 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(011)2574/2020 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək,işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikay əti onunla əsaslandırılmışdır ki, birinci və apelyasiya məhkəməsi iddia müddətinin keçməsi ilə bağlı normaları düzgün tətbiq etməmişlər. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

12. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələ binə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

13. Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.

14. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

15. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında prosessual müddətlərlə bağlı hü quqi mövqeyini açıqlayaraq göstərmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 1

7. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. A pelyasiya Məhkəməsi müəyyən etmişdir ki, "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 07.07.2006-cı il tarixli, 552/06 saylı kredit müqaviləsinin icra müddəti 07.07.2007-ci il tarixə qədər müəyyən olunmuşdur. Belə olan halda üç illik müddətin axımı həmin tarixdə başlayaraq 07.07.2010-cu il tarixdə başa çatmışdır. Bank tərəfindən iddia ərizəsi iddia müddəti başa çatandan sonra, 25.02.2020-ci il tarixdə verilmişdir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Fiziki və hüquqi şəxslər öz şəxsi və əmlak hüquqlarının, habelə qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır.

21. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydası nda məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə”07.07.2009-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan” hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış” hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna”müddət”şamil edir. İ ddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına” kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

24. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarix li Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

25. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-942/2021 nömrəli, 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar