Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4533/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 may 2023-cü il tarixli, 2(103)3227/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kas sasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” 08 oktyabr 2012-ci il tarixli qarışıq müqavilə ilə “X1 Azərbaycan” QSC Ömərov Eldar Sədrəddin oğluna 5 il müddətinə 5000 manat məbləğində kredit kartı limiti (kredit xətti) açmış, sonuncu isə müəyyənləşdirilmiş şərtlərlə və müddətdə kredit borcunu geri qaytarmağı öhdəsinə götürmüşdür.
2. Ömərov Eldar Sədrəddin oğlu 19 noyabr 2016-cı il tarixdə ölmüşdür.
3. Bank tərəfindən Ömərov Eldar Sədrəddin oğluna 12 may 2017-ci il tarixdə borcun qaytarılması ilə bağlı bildiriş (pretenziya) ünvanlanmış, bildiriş 16 iyul 2017-ci il tarixdə Ömərov Eldar Sədrə ddin oğlunun ünvanına təqdim olunarkən “alan şəxs vəfat edib, məktubu qəbul etmədilər” qeydi ilə banka geri qaytarılmışdır.
4. Cavabdeh Ömərov Eldar Sədrəddin oğlunun vərəsəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1758,85 manat əsas kredit borcunun, 169,40 manat əsas məbləğə hesablanmış faiz borcunun, 4225,70 manat cərimənin, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, habelə 5,50 manat cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərclərinin, yəni cəmi 6161,45 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmas ı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Ömərov Eldar Sədrəddin oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Sənədlərə əsasən Ömərov Eldar Sədrəddin oğlunun 19 noyabr 2016-cı il tarixində vəfat etməsi müəyyən edilmiş, vərəsəliyin müəyyən edilməsi ilə bağlı sorğu verilmiş və 3 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisinin cavabına əsasən Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi məlum olmuşdur.
7. Birinci instansiya məhkəməsində Cavabdeh ərizə verərək, iddia müddəti ötürüldüyünə görə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəm əsinin 11 may 2023-cü il tarixli, e-2(002)539/23 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Hüseynov) iddia tələbi rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdehin atası Ömərov Eldar Sədrəddin oğlu arasında 08 oktyabr 2012-ci il tarixdə 5 il müddətinə kredit müqaviləsi bağlanmış, müqavilənin icra müddəti 08 oktyabr 2017-ci il tarixdə başa çatmış, borcalan Ömərov Eldar Sədrəddin oğlu 19 noyabr 2016-cı il tarixdə vəfat etmiş, Cavabdeh 23 may 2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehin izahatı ilə yanaşı iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş 12 may 2017-ci il tarixli 091653 saylı yol qaiməsinin surətindən aydın olur ki, həmin vaxtdan iddiaçı bankın borcalanın vəfatından məlumatı olmuşdur. İddiaçının id dia ərizəsi 11 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etmişdir. İddiaçı tərəf müqavilə üzrə icra müddətinin bitməsindən 5 (beş) ildən çox (eyni zamanda borcalanın vəfatından və mirasın açılmasından məlumatlı olduğu halda altı ildən çox) vaxt keçdikdən sonra iddia qaldırdığından və iddia müddətini ötürdüyündən, habelə cavabdeh tərəf məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etdiyindən iddia tələbi təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 372.1, 373.2, 375.2, 377.1, 378, 560.1, 1145, 1146-ci, Mülki Prosessual M əcəllənin 14.2, 77.1 78.1, 217.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı “X1 Azərbaycan” QSC apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, e-2(002)-539/23 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmini barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 may 2023-cü il tarixli, 2(103)-3227/2023 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və S.X.Bəhrəmzadədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, e2(002)-539/23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, 08 oktyabr 2012-ci il tarixli müqavilə üzrə kredit 5 il müddətinə verilmiş, borclu Eldar Ömərov 19 noyabr 2016-cı il tarixdə vəfat etmiş, onun vərəsəsi olan Cavabdeh 23 may 2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, iddiaçı isə məhkəməyə 11 yanvar 2023-cü il tarixdə müraciət etmişdir.
14. İddiaçı bankın özü tərəfindən təqdim olunan sənədlərdən aydın olur ki, Eldar Ömərovun vəfat etmiş olması 2017-ci ilin iyul ayında banka məlum olmuşdur.
15. Azərbaycan Respublikası Konstitu siya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarlarına istinad edən apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır.
16. Peşəkar hüquqşünaslarla təmsil olunan bir kredit təşkilatının ötürdüyü müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin. Bu zaman həm də nəzərə alınmalıdır ki, qanunvericilikdə iddia müddətinin bərpa edilməsi üçün üzrlü hesab edilən hallar hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. İddiaçı “X1 Azərbaycan” QSC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 may 2023-cü il tarixli, 2(103)-3227/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 377.1-ci, Mülki Prosessual Məcəllənin 81-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, vərəsələr mirasın açılması barədə banka məlumat verməmiş, borcalanın ölməsi barədə banka rə smi sorğuya 3 saylı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin 25 oktyabr 2022-ci il tarixli məktubu ilə məlum olmuşdur. Belə olan halda, məhkəmə tərəfindən iddia müddətinin hansı tarixdən başlanması məsələsinə düzgün münasibət bildirilməmişdir.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası M ülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdi rilir. 377.2-ci maddələrinə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 24. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri -mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edil ən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırki kassasiya şikayətinin dəlillərinə oxşar olan apellyasiya şikayətinə ətraflı hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razıdır.
29. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında irəli sürdüyü mövqeyə uyğun olaraq borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra etmədiyini və onun kredit müqaviləsi üzrə borcunun yaranmasını, yəni iddiaçının subyektiv hüququnun pozulmasını müəyyən etmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarına istinad etməklə iddia müddətini tətbiq etmişdir. Bu zaman məhkəmə iddia müddətinin axımı nın əvvəlini düzgün müəyyən etmiş və iddia verilən tarixədək 3 illik iddia müddəti keçdiyindən Mülki Məcəllənin 373.2 və 375.2-ci maddələrinə əsasən iddiadan imtina edilməli olması barədə nəticəyə gəlmişdir.
30. Borcalanın ölümündən yalnız notariat ofisinin cavab məktubunu aldığı tarixdən məlumatlı olması və iddia müddətinin axımının həmin tarixdən hesablanmalı olması barədə iddiaçının dəlili əsassızdır. İlk olaraq bu səbəbdən ki, işin faktiki hallarını araşdıran məhkəmələrin müəyyən etdiyi hala görə, iddiaçı bu halı azı 2017-ci ilin may ayından bilmiş və ya bilməli olmuşdur.
31. Hər bir halda, iddiaçı borcalanın ölməsi barədə məlumatlı olmadığı halda da, iddia müddətini ötürmədən borcun tutulması ilə bağlı iddia verməli idi. Lakin iddiaçı belə iddianın verməsi, həmin iddiaya baxılarkən borcalanın ölməsi barədə məlumatlandırılması barədə dəlil irəli sürməmiş və bununla bağlı sübutları təqdim etməmişdir.
32. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “ X1 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 may 2023-cü il tarixli, 2(103)-3227/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.