Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4548/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2(105)-1341/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı1 və Hacıyev X2 rayonundan məcburi köçkün olaraq Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilində məskunlaşmışlar.
2. Abşeron Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1, İddiaçı2, Hacıyev Qasım Seymur oğlunun və X1 Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilindən çıxarılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15343 manat pul vəsaitinin alınaraq iddiaçılara ödənilməsi, pulun ödənilməsi ilə onların Abşeron rayonu, Xırdala n şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilindən çıxarılmaların eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. İddia belə əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı1, İddiaçı2, Hacıyev Qasım Seymur oğlunun və X1 Cavabdeh mülkiyyətində olan mübahisəli mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər. İddiaçılar Zəngilan rayonunun işğalı ilə əlaqədar Xırdalan şəhərinə gəlmiş, yaşayış yerləri olmadığı üçün məskunlaşmaq məqsədilə yaşayış sahəsi axtarmağa məcbur olmuşlar. Mübahisələndirilən mənzil zibillikdə yerləşmiş və yararsız vəziyyətdə olmuşdur. İddiaçılar evin ətrafını təmizləyərək normal vəziyyətə gətirmiş, evin təmir etmiş, yararlı vəziyyətə gətirmişlər. İddiaçılar uzun illərdir ki, mübahisəli mənzildə fasiləsiz və etirazsız yaşamışlar. Mənzilin təmiri zamanı cavabdeh heç vaxt onlara etiraz etməmiş, həmin vəziyyətlə razılaşmışdır. İddiaçılar mübahisələndirilən mənzildən çıxarıldıqları təqdirdə cavabdehin razılığı ilə mənzilə çəkilən xərclə bağlı onlara ziyan vurulur. Mübahisəli mənzilə çəkdikləri xərcin qiymətləndirilməsi üçün müstəqil ekspertə müraciət olunmuş və müəyyən olunmuşdur ki, mənzilin tikilməsinə 15343 manat məbləğində xərc çəkilmişdir.
5. Birinci instansiya məhkəməsinə təqdim olunan “X3 Mərkəzi” MMC-nin 24 fevral 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilindəki təmir-tikinti xərcləri 10850 manat təşkil edir.
6. Abşeron Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(012)-272/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Abbasova) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar qanunsuz əsaslarla məskunlaşdıqları mübahisəli mənzili müəyyən şəraitlə təmin etmiş və 1993-cü ildən hazırki vaxtadək orada yaşamışlar. Mübahisəli mənzilin mülkiyyətçisinin cavabdeh olması baxımından məhkəmə hesab etmişdir ki, iddiaçıların həmin mənzili, yaşamaları üçün bu və ya digər şəkildə təmir etdirmələri həmin əmlakın mülkiyyətçisinin əsassız varlanmasına səbəb ola bilməz, çünki yerinə yetirilmiş təmirbərpa işləri kommersiya xarakteri daşımamış, iddiaçıların özlərinin orada minimal şəraitdə yaşamalarına yönəlmişdir. Bundan başqa, mübahisəli evin iddiaçılar oranı zəbt etdiklərindən əvvəl ha nsı şəraitdə olması, orada konkret hansı işlərin iddiaçılar tərəfindən görülməsi məlum deyildir. İşdə olan mütəxəssis rəylərinə isə mənzilə çəkilmiş ümumi işlərin dəyəri daxil edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, hazırki mübahisə üzrə cavabdeh ona məxsus mənzilin iddiaçılar tərəfindən 1993-cü ildən yaşamaları məqsədilə təmir etmələri səbəbindən əsassız varlanmadığından, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin edilməməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7, 1091, 1092.1, 1093-cü, Mülki Prosessual Məcəllənin 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(012)-272/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2(105)-1341/2023 nömrəli qətnaməsi ilə (hakim A.M.Süleymanovanın sədrliyi və məruzəsi ilə, hakimlər Z.İ.Məmmədovdan və S.A.Qafaridən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(012)272/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsi qanunvericiliyin verdiyi bütün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
13. İddiaçı1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2(105)-1341/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 157-ci, Mülki Prosessual Məcəllənin 77-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi formal olaraq iddia tələbinin ə saslarını, cavabdehin etirazın və apellyasiya şikayətinin dəlillərini sadalamaqla formal qətnamə qəbul edir. Mənzildə təmir işlərinin iddiaçı tərəfindən aparılması işin mübahisəsiz halıdır. Cavabdeh özü də bunu mübahisələndirmir. Aydın məsələdir ki, mənzilin təmirindən yararlanan şəxs mülkiyyətçidir. Görülən təmir işləri mənzilin dəyərinin artmasına səbəb olur. 2021-2022-ci ilədək cavabdeh, nə də onun qohumları mənzilin ona məxsus olması barədə nə şifahi, nə də yazılı qaydada iddiaçıları məlumatlandırmamışdır. 1993-cü ildə cavabdeh-mülkiyyətçi azyaşlı olmuşdur. Həmin vaxt onun mülkiyyət hüququ və ya gözlənti hüququ da ola bilməzdi. İddiaçılar 1993-cü ildən vicdanlı şəkildə mənzilə qulluq göstərmiş, yaşayış üçün zəruri standartları yaratmış, mənzilə heç bir ziyan vurmamışlar. Cavabdeh mübah isəli mənzilə dair mülkiyyət hüququna dair sənədi 2013-cü ildə, yəni iddiaçılar həmin evdə məskunlaşdıqdan, təmir etdikdən 20 il sonra əldə etmişdir. Odur ki, iddiaçı mənzildə məskunlaşarkən və mənzilin təmirini həyata keçirərkən məlumat verməli olduğu, icazə almalı olduğu bir mülkiyyətçisi olmayıb və belə bir şəxsi tanımayıblar. Mənzil cavabdehə vərəsəlik hüququ əsasında keçmiş, miras qoyan isə həmin mənzili dəyişmə orderi ilə erməni vətəndaşından əldə etmişdir.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
18. Hazırki kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiy indən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsa ssız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərə flərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəy ləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət verm ir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbini sübut edə bilməmişdir.
23. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki i ddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi və bu maddədən irəli gələrək Məcəllənin 1091 və 1092-ci maddələri təşkil edir.
24. Qanunun həmin normalarına əsasən əmlakı mülkiyyətçiyə qaytarmalı olan vicdanlı sahib ayırmaq mümkün olmayan yaxşılaşdırmaların dəyərinin əvəzinin ödənilməsini tələb edə bilər. Belə tələbetmə hüququ isə əsassız varlanmadan irəli gəlir.
25. Hazırki işdə iddiaçılar məcburi köçkün olsalar da, məskunlaşdıqları mənzilin onlara məxsus olmadığını bilmiş və iddiaçının kassasiya şikayətində də göstərildiyi kimi, onlar mənzili özləri üçün yaşamağa yararlı vəziyyətə gətirilməsindən ötrü təmir etməklə, 1993-cü ildən hazıradək orada yaşayırlar. Odur ki, iddiaçı Mülki Məcəllənin 157.7-ci maddəsinə istinad edərək, yaxşılaşmanın əvəzini tələb etmək hüququna mali k deyildir.
26. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ayd ınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kas sasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2(105)-1341/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.