Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4585/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli 2(103)-785/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev, iş № 2(004)-123/2018) İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia sı qismən təmin edilərək Cavabdeh 381.073,35 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh Türkiyə Respublikasının “xxxx” Tarım Qida və Turizm Sənayi və Ticarət Anonim Şirkətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.N.İmanov) tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 17 sentyabr 2018ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni ilk iddianın qismən təmin olunmuş hissəsində və ilk iddiada irəli sürülmüş Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faiz məbləğinin tutulması barədə tələblərin və qarşılıqlı iddianın rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Cavabdeh tərəfindən şirkətə qarşı pul tələbi barədə iddia qaldırılmış və iddianı təmin etmə tədbiri kimi şirkətlə “xxxx” ASC arasında bağlanmış 15 mart 2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında” müqaviləyə əsasən “xxxx” ASC-nin şirkətə 15 yanvar 2015-ci il tarixədək ödəyəcəyi 600.000 manatın üzərinə həbs qoyulması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətin edilməsinin qadağan edilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Abşeron rayon məhkəməsinin 12 avqust 2014-cü il tarixli qərardadı ilə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək “xxxx” ASC ilə şirkət arasında bağlanmış 15 mart 2014-cü il tarixli payların alqı-satqısı müqaviləsinə əsasən “xxxx” ASC-nin 15 yanvar 2015ci il tarixədək şirkətə ödəyəcəyi 600.000 manatın üzərinə həbs qoyulması və həmin pul vəsaiti ilə hər hansı bir hərəkətin edilməsinin cavabdehlərə və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. Şirkət həmin qərardaddan şikayət vermiş, Abşeron rayon məhkəməsinin 29 avqust 2014-cü il tarixli qərardadı ilə müəyyən olunmuş iddianı təmin etmə tədbiri digəri ilə əvəz edilərək mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək şirkətlə “xxxx” ASC arasında bağlanmış müqaviləyə əsasən şirkətə ödəniləcək 600.000 manatın Abşeron rayon məhkəməsinin depozit hesabına keçirilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2014-cü il tarixli qərardadı ilə Abşeron rayon məhkəməsinin 29 avqust 2014-cü i l tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Abşeron rayon məhkəməsinin 03 iyul 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası rədd olunmuş və iddianı təmin etmə tədbirinin qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 yanvar 2016-cı il tarixli qətnaməsi ilə Abşeron rayon məhkəməsinin 03 iyul 2015-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2016-cı il tarixli qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2016-cı ilin noyabr ayında şirkət iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddianı təminetmə tədbiri ba rədə əsassız ərizəsi nəticəsində ona ödənilməli olan 600.000 manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulması nəticəsində həmin pul vəsaitini vaxtında ABŞ dollarına konvertasiya edə bilməməsinə görə ona 383.940 ABŞ dolları məbləğində ziyan dəyməsini, eləcə də, həmin pul vəsaitinin üzərinə həbs qoyulduğu 12 avqust 2014-cü il tarixdən onun icra şöbəsinin depozit hesabına qoyulduğu tarixə - 12 iyun 2016-cı il tarixədək Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq cavabdeh tərəfindən şirkətə 92.152 ABŞ dolları məbləğində cərimənin ödənilməli olmasını əsas göstərməklə cavabdehdən onun xeyrinə cəmi 476.092 ABŞ dollarının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şirkətin ona qarşı 16 5.013 ABŞ dolları məbləğində pul tələbinə dair iddiası ilə əlaqədar iddianı təmin etmə tədbiri barədə ərizəsi əsasında ona məxsus torpaq sahələri və avtomobillərin üzərinə həbs qoyulmasını və nəticədə həmin əmlaklar üzərində sərəncam vermək imkanını itirməklə ona 300.000 manat məbləğində ziyan dəyməsini əsas göstərməklə həmin məbləğin şirkətdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh qətnamə ilə razılaşmayaraq kassasiya şikayəti vermiş və qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin rə dd, qarşılıqlı iddianın isə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda şirkət kassasiya şikayəti verərək qətnamənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3 və 449.1-ci maddələrinin tələblərinə əməl edilməməklə çıxarılmasını əsas göstərməklə qətnamənin qismən, onun iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilərək iddianın tam həcmdə təmin olunmasına, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkils iz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, qətnamə ilkin iddia tələbinin qismən təmin olunmasına dair hissədə ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, şirkətin iddia tələbində 600.000 manatın üzərinə əsassız həbs qoyulması ilə əlaqədar vaxtında həmin məbləğin ABŞ dollarına konvertasiya edilməməsi nəticəsində şirkətə 383.940 ABŞ dolları məbləğində ziyan dəyməsi, eləcə də, həmin pul məbləğinin üzərinə həbs qoyulması ilə əlaqədar şirkətə 22 ay üçün Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq hesablanmalı olan faizlərə görə 92.152 ABŞ dollarının ödənilməli olması iddia olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh şirkətin xeyrinə 381.073,35 ABŞ dolları məbləğində pulun tutulmasını qanuni və əsaslı sayarkən şirkətə məxsus 600.000 manatın üzərinə Cavabdeh ərizəsi əsasında həbs qoyulması nəticəsində şirkətin həmin pul vəsaitindən 2014-cü ilin avqust ayından 2016-cı ilin iyun ayına kimi istifadə edə bilməməklə onun üzərində sərəncam vermək hüququndan məhrum olunmasına və şirkətin Azərbaycan Respublikasında biznes fəaliyyətinin olmam asına və ABŞ dollarının geniş yayılmış valyuta olmasına görə şirkətin həmin 600.000 manatı ABŞ dollarına konvertasiya edəcəyinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəsinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096, 1097-ci maddələrinə və Azərbaycan Respublikası MPM-nin 164-cü maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Apellyasiya instansiyası məhkəməsi həmin normaya iddianın qanuni əsası kimi istinad edərkən iddianın təmin etmə tədb iri barədə ərizənin delikt olmamasını nəzərə almamış və həmin normanın hazırkı mübahisəyə tətbiq edilməsinin mümkünlüyü imkanını əsaslandırmamışdır. Kollegiya hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin 21-ci və Azərbaycan Respublikası MPM-nin 164-cü maddəsinin tələbləri baxımından həll olunmalıdır. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin ş əxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) İşdən görünür ki, şirkət pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, əmlakından məhrum olmamış, eləcə də, şirkətə real zərər dəyməsi işdən görünmür. Kollegiya hesab edir ki, hazırkı vəziyyətdə maddənin dispozisiyası şərtlərindən biri olan “əldən çıxmış fayda” iddianın təmin edilməsi üçün əsas ola bilərdi. Bu şərtlə ki, iddiaçı adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi barədə məhkəməyə mötəbər sübutlar təqdim etmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. (217.1.) Qətnamə iş üzrə m üəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (217.3.) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edil ən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən şirkətin 600.000 manatı ABŞ dollarına konvertasiya edəcəyi barədə istinad etdiyi əsas mülahizə xarakteri daşımaqla müvafiq sübutlarla təsdiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi qanuni əsas kimi MPM-nin 164-cü maddəsinə istinad etsə də, gəldiyi nəticəni həmin normanın tələbləri baxımından əsaslandırmamışdır. Bundan başqa, Cavabdeh şirkətin xeyrinə tutulması qət edilmiş pul vəsaiti “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 10-cu bəndinin ziddinə olaraq xarici valyuta ilə göstərilmişdir. Kollegiya hesab edir ki, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə həmin hissədə ləğv olunmalı, iş yeni apellyasiya baxışına göndərilməlidir. Mərkəzi bankın uçot faiz dərəcəsinə əsaslanmaqla cavabdehdən 92.152 ABŞ dollarının tutulmasına dair hissədə iddianın rədd olunmasını əsaslı sayarkən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə və həmin maddənin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarının tələblərinə əsaslanmışdır. Kollegiya həmin hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh məxsus pul vəsaitinin şirkət tərəfindən qanunsuz saxlanılması və onun qaytarılmasından boyun qaçırılması barədə nəticəyə gəlmək üçün sübutlar və qanuni əsaslar olmadığından, kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbinin rədd olunması da qanuni olmuşdur və qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 30 yanvar 2019-cu il tarixli qət naməsi Cavabdeh şirkətin xeyrinə 381.073,35 ABŞ dollarının tutulmasına dair hissədə ləğv edilsin, həmin hissəyə yenidən baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4585/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4585/2019
10.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver