Məhkəmə qərarları › İş №2(102)-4593/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4593/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4593/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Həsənli Murad Vahid oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1671/2021 nömrəli, 02 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 20.11.2015-ci il tarixli, 1125 nömrəli krediti müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 27% ödəmək şərti ilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq bankla digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə 20.11.20 15-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla Cavabdeh1 arasında 07.01.2011-ci il tarixdə bağlanmış 1125 №-li “Kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 994,57 ABŞ dolları, “Kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 312,83 ABŞ dolları, müqavilə müddəti bitdiyi tarixdən sonrakı müddət üçün əsas kredit borcuna illik 5 faiz hesabı ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 153,30 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.066,11 AB Ş dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və Kredit müqaviləsi üzrə onun Bank qarşısında üzərinə götürdükləri öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehlər – Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Banka ödənilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, onunla iddiaçı Bank arasında bağlanmış 20.11.2015-ci il tarixli, 1125 nömrəli Kredit müqaviləsinə” əsasən Bankdan 18 ay müddətinə illik 27% dərəcəsi ilə 3.000 ABŞ dolları məbləğində borc almış və həmin müqavilə ilə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, aldığı borc məbləğini, həmin məbləğə hesablanacaq faizlər ilə birlikdə aybaay, hissə-hissə, yəni müqavilədə və müqavilənin tərkib hissəsi olan Ödəniş qrafikində” nəzərdə tutulmuş qaydada Banka ödəyəcək. İş üzrə digər cavabdehlər isə borcalan Cavabdeh1 ilə bilikdə 24.11.2015-ci il tarixdə Bank ilə Zaminlik müqavilələri” bağlayaraq Cavabdeh1 “Kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasına təminat vermişlər. Buna baxmayaraq cavabdehlər qeyd edilən müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, Banka olan borcu ödəməmişlər. Bunun nəticəsində cavabdehlərin iddiaçı Banka iddia ərizəsində göstərilən növdə və məbləğdə borcları yaranmışdır. Bank borcun ödənilməsini cavabdehlərdən tələb etsə də, cavabdehlər borcu ödəməmişlər. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır.

4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3985/2021 saylı 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: N.Nəbizadə) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və Z.Şirinov) 2(103)-1671/2021 nömrəli, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəti cə və əsaslandırma ilə razılaşmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı ASC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddia tələbinin tam təmin edilməsi və ya yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci və apelyasiya məhkəməsi iddia müddətinin keçməsi ilə bağlı normaları düzgün tətbiq etməmişlər. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Həsənli Murad Vahid oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

14. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

15. Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.

16. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

17. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqe yini açıqlayaraq göstərmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Apelyasiy a Məhkəməsi müəyyən etmişdir ki, 20.11.2015-ci il tarixli, 1125 nömrəli krediti müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 27% ödəmək şərti ilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq bankla digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə 20.11.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə borcalanların son ödənişi 20.05.2017-ci il tarixdə aparılmalı idi. İddiaçı müqavilənin müddəti bitəndən sonra üç illik iddia müddətini buraxmaqla 15.07.2020-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşdə iddia müddətini kəsən hərhansı bir hal aşkar edilməmişdir.

22. İddiaçı bank iddia ərizəsini vaxtında verməməsini onunla əsaslandırır ki, COVİD-19 pandemiyası ilə bağlı işə çıxmam aları səbəbindən iddia ərizəsinin verilməsində gecikmələr yaranmışdır. Lakin, iddiaçı həmin dövrlərdə banklar və onların əməkdaşlarının fəaliyyətinə məhdudiyyət qoyulması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Ona görə qeyd olunan dəlil keçərli deyil.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Fiziki və hüquqi şəxslər öz şəxsi və əmlak hüquqlarının, habelə qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imk anıdır.

24. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün müst əqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə 07.07.2009-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, m üqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

27. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüqu q münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

28. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1671/2021 nömrəli, 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar