Məhkəmə qərarları › İş №2(102)-4618/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4618/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4618/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2323/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim S.Miriyeva) xx.xx.2019-cu il tarixli, 2(005)-4437/ 2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 6000 manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, A.İmanov, V.Sadıqov) xx.xx.2020-ci il tarixli, 2(103)-2323/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-4437/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək, cavabdehin üçüncü şəxsdən qəbul edərək ona çatdırmaq üzrə üzərində düşən öhdəlikləri yerinə yetirmədiyi üçün 6000 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manatın, cəmi 6030 manat pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki,işə baxan apelyasiya instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, bilavasitə qətnamədən göründüyü kimi iddiaçının cavabdehlə aralarında olan danışıqları səs yazısı şəklində pulun verildiyini isbatı kimi təqdim edəcəyini bildirmiş, lakin səs yazısının işdə olmamasına rəğmən məhkəmə olmuş kimi hesab edərək qiymət vermiş, amma qətnamədə göstərməmişdir. Bununla da iş üzrə düzgün olmayan nəticəyə gələrək, apelyasiya şikayətinin təmin edilməməsinə dair qətnamə qəbul etmişdir.Ümumiyyətlə apelyasiya instansiyasının qətnaməsindən də göründüyü kimi məhkəmə kollegiyası öz qətnaməsini əsaslandırmaq üçün heç bir maddi və prosessual norma tətbiq etməmiş və ya onu təfsir etməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2323/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayəti n təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, baxılan iş üzrə cavabdehin qohumu tərəfindən iddiaçıya çatdırmaq üçün 6000 manat pulun göndəriliyi və cavabdehin həmin məbləği qəbul etdiyi işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tələb olunan pulu iddiaçıya vermək üçün aldığını etiraf etdiyindən (bu işin mübahisəsiz halı olduğundan) pulu iddiaçıya verdiyi barədə etirazı sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Cavabdeh mübahisəli məbləği məhz iddiaçıya çatdırmaq üçün üçüncü şəxsdən aldığını birinci və apellyasiya baxışı iclaslarında verdiyi izahatlarında şifahi, habelə apelyasiya şikayətində yazılı etiraf etmişdir. Buna baxmayaraq cavabdeh tələb olunan məbləği iddiaçıya verdiyini barədə etirazını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 1091 və 1092.1-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının pulunu ona verməkdən imtina etməklə əsassız varlanmış, iddiaçı isə ona çatası pulu almayaraq öz pulundan məhrum olmuşdur. Bu səbəbdən iddia əsaslıdır və təmin olunmalıdır. Apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynidir və yuxarıda qeyd olunanlara müvafiq olaraq əsassızdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, kasasiya yoxlaması zamanı da kasasiya şikayətinin dəlillərinin formal xarakterli olması öz təsdiqini tapır. Belə ki, iş materiallarından da görünür ki, cavabdeh iddiaya etirazında tələb olunan pulu iddiaçıya vermək üçün aldığını etiraf etsə də, həmin məbləğin iddiaçıya ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Kasasiya yoxlaması zamanı həmçinin müəyyən edilmişdir ki, apelyasiya kollegiyası qət namə qəbul edərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən ləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası m əhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)2323/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar