Məhkəmə qərarları › İş №2(102)-4621/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4621/2019

14.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4621/2019 14.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Burcayev, iş № 2(008)-xx/18) iddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddiasıqismən təmin ed ilərək, Cavabdeh 9000 (doqquz min) ABŞ dolları məbləğində pulun ödəniş gününə uyğun olaraq manat məzənnəsi ilə və 30 manat dövlət rüsumunun X1 xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanov və A.Hüseyn, iş № 2(103)xx/19) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Sabunçu Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunm asını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 9000 (doqquz min) ABŞ dolları - manat ekvivalenti ilə 16020 ( on altı min iyirmi) manat maddi ziyan, 3000 (üç min) manat torpaq sahəsinin hasarlanmasma çəkilmiş xərclərə görə, 10000 (on min) manat mənəvi ziyana görə, cəmi 29020 (iyirmi doqquz min iyirmi) manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən İddiaçı ərizə ilə müraciət edərək, iş üzrə iddiaçının əsl iddiaçı, yəni X5 ilə əvəz edilməsini xahiş etdiyindən iddiaçı əsl iddiaçı X5 ilə əvəz edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı C.Məmmədova Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçinidinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Hazırki iş üzrə iddiaçının tələbi cavabdehdən onun xeyrinə 9000 (doqquz min) ABŞ dolları - manat ekvivalenti ilə 16020 ( on altı min iyirmi) manat maddi ziyan, 3000 (üç min) manat torpaq sahəsinin hasarlanmasma çəkilmiş xərclərə görə, 100 00 (on min) manat mənəvi ziyana görə, cəmi 29020 (iyirmi doqquz min iyirmi) manat məbləğində pulun tutulması barədədir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Abşeron rayon X6 üzrə xx xx2000-ci il tarixli 16 nömrəli əmrlə, Abşeron rayon İcra Hakimiyyətinin xx xx 2000-ci il tarixli 171 saylı sərəncamı, X4 xx xx 2000-ci il tarixli 21 saylı protokoluna əsasən sovxozda işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan X3 torpaq sahəsi ayrılmışdır. Abşeron rayon X6 üzrə xx xx 2000-ci il tarixli 16 nömrəli əmrə əsasən Abşeron rayon İcra Hakimiyyətinin xx xx2000-ci il tarixli 171 saylı sərəncamı, X4 xx xx 2000-ci il tarixli 21 saylı protokoluna əsasən sovxozda işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan X2 torpaq sahəsi ayrılmışdır. İşin hallarından da göründüyü kimi, Cav abdeh 9000 ABŞ dolları məbləğində pulu iddiaçıdan torpaq sahəsi alınması üçün almış, əvəzində Abşeron rayon X6 üzrə xx xx2000-ci il tarixli 16 nömrəli əmrdən çıxarış təqdim etməklə Abşeron rayon İcra Hakimiyyətinin xx xx2000-ci il tarixli 171 saylı sərəncamı, X4 xx xx 2000-ci il tarixli 21 saylı protokoluna əsasən sovxozda işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan X3 torpaq sahəsi ayrılmasına dair sənəd təqdim etmişdir. Sonradan iddiaçı cavabdehin onu aldatdığını bilmiş və cavabdehin dələduzluğu barədə şikayətlər etmişdir. İş materiallarında olan 01.09.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işi başlanması cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə rədd edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsi baxışı zamanı izahatında həqiqətən iddiaçıdan qeyd edilən məbləği aldığını, lakin həmin məbləği İsa adlı şəxsə verdiyini etiraf etsə də, həmin şəxsin məhkəmə iclasında iştirakını təmin edə bilməyəcəyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhd əliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdir ilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı üzərinə düşən sübutetmə yükünü yerinə yetirməklə mübahisələndirdiyi məbləğin cavabdehə verildiyini sübut etsə də, cavabdeh həmin məbləği aldığını, lakin İsa adlı şəxsə təqdim etdiyini qeyd etmiş, ancaq bu halı sübut edə b ilməmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsini xahiş etsə də işin halından da görünür ki, tərəflər arasında torpaq alqı-satqısına görə 9000 ABŞ dollarının verilməsi 2000-ci il tarixdə olmasına baxmayaraq cavabdehin iddiaçıya satmış olduğu 20 sot torpaq sahəsi xx xx2017-ci il tarixdə zəbt olunduğundan bu barədə şikayət ərizəsi ilə polis orqanlarına müraciət edilmiş, şikayəti araşdırılan zaman iddiaçı cavabdeh tərəfindən aldadıldığını bilmişdir. Bu hal iddiaçıya məlum olduqdan sonra iddiaçı 07 avqust 2018-ci il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi hazırki iddia üzrə iddia müddəti də ötürülməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyy ən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalı olduğundan, Azərbaycan Respublikasının pul vahidi manat olduğundan, hazırki iddia tələbi xarici valyuta ilə göstərilərsə də, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Birinci instansiya məhkəməsi də haqlı olaraq bu tələblərə riayət etmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xx 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azə rbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər a rasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübut e də bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olun ur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilm əsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar