Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4794/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(108)-27/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Naxçıvan şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.H.Hüseynov, iş № 2(078)-312/2019) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fon dunun Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 10.000 manat, faiz borcu üzrə 12.550 manat, cərimə borcu üzrə 7330 manat, cəmi 29.880 manat borc, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.M.Xıdırov, S.M.Qarayev və F.M.Abbasov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Naxçıvan şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. İşin halları: xx xxxxxx 2011-ci il tarixdə bankla cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ban k tərəfindən cavabdehə illik istifadə dərəcəsi 18 faiz olmaqla 12 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2019-cu il tarixdə bankın ləğvedicisi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi səbəbindən banka cəmi 29.880 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək bankla cavabdeh arasında borc müqaviləsinin bağlanmasını, Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş iddia müddətinin borc münasibətlərinə şamil olunmamasını, göstərilən vəziyyətdə hazırkı mübahisə üzrə iddia müddətinin tətbiqinin qanunsuz olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqda n sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, kredit müqaviləsi 12 ay müddətinə bağlanmış və onun icra müddəti xx xxxxxx 2012-ci il tarixdə bitmişdir. Həmin müqavilə üzrə iddia müddətinin axımı xx xxxxxx 2012-ci il tarixdən başlamışdır. Bankın ləğvedicisi isə, müəyyən olunduğu kimi borcun tutulması tələbi ilə məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə, qanunda müəyyən olunmuş iddia müddəti ötdükdən sonra müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müq avilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bi tdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Müəyyən olunduğu kimi bankın ləğvedicisi iddia müddətinin axımının kəsildiyi vaxtdan 3 ildən çox müddət keçdikdən sonra borcun tutulması barədə məhkəmədə iddia qaldırmış və cavabdeh iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir. Göstərilənlərlə əlaqədar kolle giya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, hazırkı mübahisə üzrə iddia müddətinin tətbiqinə yol verilməməsinə dair kassasiya şikayətinin dəlili əsassızdır. Qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4794/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4794/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver