Məhkəmə qərarları › İş №2(102)-4913/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4913/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4913/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-4913/2022 (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinin ilkin satış qiyməti ) Bakı şəhəri 13 sentyabr 2022-ci il Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdehlər Cavabdeh və X2 qarşı kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair mülki iş üzrə S umqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-15/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh (bundan sonra borcalan) arasında bağlanmış 29 avqust 2013-cü il tarixli 28 XK saylı kredit müqaviləsinə (bundan sonra - Kredit müqaviləsi) əsasən, Bank borcalana dövriyyə əmtəə mallarının alınması üçün illik 20% dərəcəsi ilə 48 ay müddətinə 70000 manat məbləğində kredit vermişdir. 2. 29 avqust 2013-cü il tarixli ipoteka müqaviləsinə (bundan sonra - İpoteka müqaviləsi) əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə X1 (bundan sonra – İpoteka qoyan) xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Qaraqurtlu kəndində 0.09 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 799.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evi (bundan sonra - ipoteka predmeti və ya ev) bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilə üzrə ipoteka predmeti 177.400 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları )Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, daha sonra isə iddia tələbini dəqiqləşdirərək, borcalandan Bankın xeyrinə 54.718,67 manat məbləğində əsas, müddət sonuna hesablanmış 23.988 manat məbləğində faiz, 8991 manat gecikdirilmiş faiz, ümumilikdə 87.697,67 manat məbləğində kredit borcun tutulması, tutma nın ipoteka predmetinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və borcun hərracdan əldə olunan vəsait hesabına banka ödənilməsi, ev satıldıqdan 1 ay müddətində evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, borcalana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcunu ödəməkdən yayınmışdır.

5. Məhkəmə iclasında izahat verən borcalan iddia tələbini qəbul etməmiş, Bank tərəfindən hesablanmış cərimə borcu məbləğinin çox olduğunu bildirmişdir, bu səbəbdən də, borcun azaldılmasını xahiş etmişdir. Bundan əlavə, maddi vəziyyətinin aşağı olması səbəbindən borcunu vaxtında ödəyə bilmədiyini qeyd etmişdir.

6. Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2016-cı il tarixli rəy inə (bundan sonra – Rəy) əsasən, İpoteka predmetinin həmin tarixə olan bazar dəyərinin 150.000 manat təşkil etdiyi müəyyən edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 may 2018-ci il tarixli 23456 saylı ekspert rəyinə əsasən, borcalanın Banka əsas borc üzrə 54153,95 manat, faiz borcu üzrə 8176,09 manat məbləğində kredit borcu olduğu müəyyən olunmuşdur.

8. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 29 iyun 2018-ci il tarixli, 2(067)-9/2018 nömrəli qətnaməsi ilə (hakim Rövşən Xəlilov) iddia tələbi qismən –kredit müqaviləsindən irəli gələn 54153,95 manat əsas borc, 8176,09 manat məbləğində faiz və 200 manat gecikdirilmiş faiz borcunun borcalandan tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ilkin satış qiyməti nin 150.000 manat qiymətləndirilməsi, satışdan əldə olunan vəsait hesabına kredit borcu məbləğində pul vəsaitinin tutularaq, Banka ödənilməsi hissələrində təmin olunmuş, qalan hissədə isə təmin olunmamışdır.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə təsdiq olunduğu kimi borcalan Bankdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir.

10. İddianın rədd edilmiş hissəsində isə məhkəmə belə qənaətə gəlmişdir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək hesablanmışdır, bu səbəbdən də azaldılmalıdır. Bundan əlavə, evin satıldıqdan sonra 1 ay müddətində boşaldılması tələbi təmin edilə bilməzdi, belə ki, ev satıldıqdan sonra evin mülkiyyətçisi müəyyən olunduqda bu barədə iddia tələbini mülkiyyətçinin qald ırmaq hüququ yaranacaqdır.

11. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 307.1, 307.2, 307.3, 309.1, 317.1, 319.1, 385.1, 425.1, 443.1, 448.1, 449.1, 460, 465.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.2, 36, 39.3.3, 41.2, 47.5, 59.3 və 59.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin olunması hissəsində ləğv edilərək, dəqiqləşdirilmiş iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçının apellyasiya şikayəti işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, Bank tərəfindən 28 i yun 2018-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair növbəti ərizə verilmişdir, lakin birinci instansiya məhkəməsi bu ərizəni nəzərə almamışdır. Bankın dəqiqləşdirilmiş iddia tələbinin tam olaraq təmin edilməməsi hissəsində qətnamə maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Bu səbəbdən də qətnamə qismən ləğv edilməli və iddia tam təmin edilməlidir. Faiz borcunun hansı tarixədək hesablanmalı olmasına dair məsələ Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 424.2 və 424.3-cü maddəsinin tələbləri baxımından həll edilməlidir. Belə ki, faiz borcu kredit öhdəliyinin icra müddətinin son tarixinədək deyil, müqavilənin ləğvi barədə məhkəmə qərarının qüvvəyə minməsi tarixinədək, yəni müqavilənin ləğvi anınadək hesablanmalıdır. Qətn amənin qəbul edildiyi tarixdən onun qanuni qüvvəyə minməsinə qədər keçən müddət üçün tərəflərin kredit müqaviləsi üzrə öhdəlikləri qüvvədə olacağından bank qeyd edilən dövr üçün də kredit faizinin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan başqa, Mülki Məcəllənin 449.4-cü maddəsindən aydın olur ki, kreditin qaytarılma müddətindən asılı olmayaraq kreditdən istifadəyə görə faizlər əsas borcun banka ödənildiyi günədək hesablanmalıdır. İşə baxan birinci instansiya məhkəməsi maddi hüquq pozuntusuna yol verərək, hazırki iş üzrə faizlərin hesablanması ilə bağlı həmin maddələri tətbiq etməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi həmçinin illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 2248 manat faiz borcunu da təmin etməyərək bir daha səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarından görünür ki, bank əsas borca hesablanmış illik 5% məbləğini cavabdehdən tələb edərək öz iddiasında haqlı olmuşdur. Ona görə də müqavilə müddəti bitdikdən sonra, yəni 29 avqust 2017-ci il tarixdən 29 iyun 2018-ci il tarixə illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış 2248 manat faiz borcu da borcalandan alınaraq Bankın xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi ipoteka predmetinin satıldıqdan sonra 1 müddətinə boşaldılması hissəsində də “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinin tələblərinə riayət etməyərək səhv nəticəyə gəlmişdir. Bundan əlavə, ipoteka predmetinin ilkin satış qiymətini 150000 manat kimi qəbul etsə də, evinin ümumi qiyməti 150000 manat dəyərində deyil, təxminən 110000 manat d əyərində olar, çünki həmin fərdi yaşayış evinin yanından qatar yolu keçir və ipoteka müqaviləsinin bağlandığı tarixdən, yəni 2013-cü il tarixdən hazırki vaxtadək 6 il vaxt ərzində fərdi yaşayış evinin yanında olan dəmir yolu ilə hər dəfə qatar keçərkən fərdi yaşayış evi silkələnir, ona görə də ev vaxtından əvvəl köhnəlir, evin ilkin dəyəri artıq 150000 manat deyil, təxminən 110000 manat dəyərində olmuşdur. Bu səbəbdən yenidən qiymətləndirmə ekspertizası təyin olunmalı və dəmir yolunun yanında olan 0,09 ha torpaq sahəsinin və fərdi yaşayış evinin deformasiyaya uğraması nəzərə alınaraq həmin daşınmaz əmlakın ümumi qiyməti yenidən müəyyən olunmalıdır.

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməs ini xahiş etmişdir.

15. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcalanın Banka 30.000 manata yaxın ödəniş etməsinə baxmayaraq, Bank hesablamaları düzgün aparmamışdır. Borcalan mühasibatlıq ekspertizasının keçirilməsi barədə məhkəmə iclasında vəsatət qaldırsa da, məhkəmə onun vəsatətini təmin etməmişdir. Bundan əlavə, Bankın nümayəndələri dəfələrlə ipoteka predmeti olan evdə olmuş, onun real bazar qiymətinin 700.000-800.000 manat olduğunu bilmişlər, lakin evin ilkin satış qiyməti dəyərindən dəfələrlə aşağı qiymətləndirilmişdir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

16. Apellyasiya məhkəməsi iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin ipoteka qoyana ünvanladığı 04 fevral 2019-cu il tarixli, 106 saylı məktubuna əsasə n, mülkiyyətində olan ipoteka predmetinin satış qiymətinin 650000-700000 manat civarında olduğunu müəyyənləşdirmişdir.

17. Apellyasiya icraatı zamanı iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2020-ci il və 3 mart 2021-ci il tarixli qiymətləndirmə hesabatlarına əsasən müəyyənləşdirilmişdir ki, ipoteka predmetinin orta bazar dəyəri 620.000 manat, likvid dəyəri isə 580.000 manat olmuşdur.

18. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 09 iyul 2021-ci il və 16 fevral 2022-ci il tarixli rəylərindən görünür ki, borcalanın 29 avqust 2017-ci il tarixə Banka olan borcu ümumilikdə 80772,46 manat, o cümlədən əsas borc üzrə 54153,95 manat, faiz borcu üzrə 26618,51 manat və 17 mart 2017-ci il tarixə olan borcu isə 75898,61 manat məbləğində müəyyən edilir, o cümlədə n əsas borc üzrə 54153,95 manat, faiz borcu üzrə 21744,66 manat məbləğində müəyyən edilmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 14 aprel 2022-ci il tarixli, 2(105)-15/22 nömrəli qətnaməsi ilə (hakimlər – T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmişdir. Borcalandan 21744,66 manat faiz borcunun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin 580.000 manat məbləğində müəyyən olunması, İpoteka predmeti satıldıqdan sonra evin 1 ay müddətində boşaldılması qət edilmişdir.

20. Apellyasiy a instansiyası məhkəməsi mövqeyini icraat zamanı müəyyənləşdirilmiş hallara istinadən belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, “İpoteka haqqında” Qanununu 59.4-cü maddəsini işə tətbiq edərək, ipoteka predmetinin satıldıqdan 1 ay sonra boşaldılması haqqında tələbi təmin etməli idi. Bundan başqa, Bank Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, faiz borcu hissəsində iddiaçının tələbi haqlı idi. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi borcalandan 29 avqust 2017-ci il tarixindən 29 iyun 2018-ci il tarixədək illik 5 faizlə hesablanmış 2248manat faiz borcunun tutulmasını xahiş edir. Lakin Bank tərəfindən belə bir iddia tələbi irəli sürülmədiyindən apellyasiya şikayətinin bu dəlili əsassız hesab olunmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gə ldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.2, 269.4, 270.1, 295, 317.1, 385.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 449.4, 462.1, 465.2, 467, 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 4.1, 33, 34.1.1, 34.1.2, 39.3.3, “Qiymətləndirmə fəaliyyəti” haqqında Qanunun 3, 5.7, 5.8 və 6.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin bankın xeyrinə tutulmalı olan pul məbləği və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilib, işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilm əsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, əsas borc düzgün hesablanmamış, apellyasiya şikayətində qeyd olunan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə bağlı dəlilə düzgün və hərtərəfli hüquqi qiymət verilməmişdir. Buna baxmayaraq, hər iki ərizədə əsas borc məbləği eyni olduğundan iddia tələbi bu hissədə tam təmin olunmalı idi. Həm də məhkəmə həmin ərizəyə qiymət verməyərək, faiz borcunu da düzgün müəyyənləşdirməmişdir. Bundan əlavə, cərimə borcu da kredit müqaviləsində qeyd olunan şərtlərə uyğun hesablandığından tam təmin edilməli idi. Digər dəlil isə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlıdır. Belə ki, ipoteka müqaviləsində ipoteka predmeti olna da şınmaz əmlakın dəyərinin 177.400 manat məbləğində müəyyən edilməyinə baxmayaraq, həmin əmlakın 5 il sonraki likvid dəyərinin 580.000 manat hesablanmışdır. Ekspert rəyinin məntiqdən kənar olmasına baxmayarq, məhkəmə bu hala formal yanaşmışdır. Prosessual cəhətdən isə məhkəmə ekspert rəyləri arasındaki kifayət qədər ziddiyyətli məqamlar olmasına baxmayaraq, alternativ rəylər almamış, təkrar ekspertiza keçirməmişdir. Əmlakın qiymətləndirilməsi aparılarkən, banka heç bir məlumat verilməmiş, məhkəmə sübutların tədqiqinə formal yanaşmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əş ya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 26. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 27. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

28. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

29. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hə rəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

33. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 34. 445.2 Öhdəliyin onun icrası üçün müəyy ənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

35. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 36. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

37. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul mə bləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

38. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

39. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsü z surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

40. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

41. Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

42. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir.

43. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi.

44. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aş ağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu

45. Maddə

3. Qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir.

46. Maddə 5.7. Məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır.

47. Maddə 5.8. Etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın m əcburi qaydada qiymətləndirilməsi aparılır.

48. Maddə 6.2. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən borcun məbləği və ipoteka predmetinin ilkin satış qiyməti hissələrində mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi borcunun müəyyən edilməsi hissəsində qanuni və əsaslı olsa da, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarını pozulması ilə qəbul olunmuşdur.

58. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi səlahiyyəti çərçivəsində işdə olan sübutları Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə uyğun qiymətləndirmiş və əsaslı olaraq tutulan borcunun məbləğini birinci instansiya məhkəməsinin müəyyən etdiyi həddə deyil, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə tələb olunan tarixə hesablayaraq müəyyən etmişdir. Digər tərəfdən, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.

59. Qeyd edilməlidir ki, iddiaçı kassasiya şikayətində irəli sürülmüş tələb əsasında (növbəti iddianın dəqiqləşdirilməsinə dair ərizə) deyil, əvvəlki ərizə əsasında araşdırma aparılmasını göstərsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının belə ərizəsinin mövcud olması və birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul olunması müəyyən olunmur.

60. O cümlədən iddiaçı borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (ekspert tərəfindən nəzərə almadığı ödənişlərlə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

61. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, birinci instansiyası məhkəməsi Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən səlahiyyətləri çərçivəsində dəbbə pulu borcunu azaltmışdır.

62. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı kassatorun şikayətinin dəlilləri ilə isə məhkəmə kollegiyası razılaşır. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında 29 avqust 2013-cü il tarixdə ipoteka müqaviləs i imzalanarkən ipoteka predmetinin dəyəri 177.400 manat məbləğində müəyyən edilmişdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, 29 avqust 2013-cü il tarixli kredit müqaviləsinin məzmununa görə 70.000 manat məbləğində kredit verilmişdir.

64. Birinci instansiya məhkəməsi əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin 21 fevral 2021-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 150000 manat müəyyən olunmuşdur.

65. Apellyasiya instansiyası məhkəməsi əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin 03 mart 2021-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin likvid dəyəri 580.000 manat müəyyən olunmuşdur.

66. Məhkəmə kollegiyası nəzərə alır ki, ipoteka müqaviləsi bağlandığı tarixdən sonrakı dövrdə daşınmaz əmlak bazarında müəyyən dəyiş ikliklərin baş verməsi mümkündür. Lakin hazırki iş üzrə məhkəmənin istinad etdiyi hesabat ümumi sözlərlə əsaslandırılmış, mütəxəssisin müəyyən etdiyi qiymətin daşınmaz əmlakın yerləşdiyi ərazidə oxşar mənzillərə uyğun müqayisə olunmaqla müəyyən edilməsi qeyd olunmamış, ötən müddət ərzində mənzilin qiymətinin 3 dəfə artması əsaslandırılmamışdır.

67. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

68. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tu tur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

69. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər ca vabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

70. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, t ərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2(105)-15/2022 nömrəli qətnaməsi qismən, yəni ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar