Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4930/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şahverdiyev Ümüd Nadir oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(106)111/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 29 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binas ında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Astara rayon Ərçivan bələdiyyəsinin mülkiyyətində olan 4 və 12 hektar (ha) torpaq sahələrini ayrı-ayrılıqda 30 oktyabr 2007-ci il tarixli torpaq sahəsinin icarə müqaviləsinə əsasən 99 il müddətinə icarəyə götürmüşdür və 16 ha torpaq sahəsində feyxoa ağaclarını əkmişdir. 2.Bu torpaq sahəsinə bitişik olan 10 ha torpaq sahəsi də Cavabdeh icarəsindədir və orada maldarlıqla məşğuldur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus iri və xırda buynuzlu ev heyvanlarının ona məxsus feyxoa tinglərini məhv etməsi nəticəsində vurulan 37.440 manat maddi zərərin əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, icarəyə götürdüyü 16 ha torpaq sahəsinin hər hektarında aqrotexniki normaya əsasən 650 ədəd feyxoa tingi olmaqla cəmi 10400 feyxoa tingi əkmişdir. Bu işlər görüldükdən sonra Cavabdeh çoxlu sayda iri və xırda buynuzlu mal-qarası feyxoa bağına girmiş və 60 faiz feyxoa ağaclarını sıradan çıxarmışdır. Bu da 6240 ədəd feyxoa ağacının məhv olması deməkdir. Bir ədəd feyxoa ağacının maya dəyəri 6 manat olduğu üçün ona 37440 manat (6 x 6240 = 37440) maddi ziyan dəymişdir. Bu barədə Astara rayon İcra Hakimiyyətinə, Astara rayon Kənd Təsərrüfatı İdarəsinə, Astara rayon Ərçivan Bələdiyyəsinə və Astara rayon İcra Hakimiyyəti Başçısının (RİHBnin) Ərçivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayənd əliyinə (İƏDN-ə) ərizə ilə müraciət etmişdir. Onun ərizəsi əsasında komissiya təşkil edilmiş və 25.12.2017-ci il tarixində komissiya üzvləri tərəfindən əkin sahəsinə baxış keçirilmişdir. Cavabdehin malqarasının feyxoa bağına girməsi və ona külli miqdarda maddi ziyanın vurulması aşkar edilərək akt tərtib edilmişdir. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh heyvanlarının nəzarət altında saxlanması üçün heç bir tədbir görməmişdir.
5. Cavabdeh X1 birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş və iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
6. Astara Rayon Məhkəməsinin 2(018)-741/18 saylı, 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Rəsulov) İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbinə dair” iddiası təmin edilərək 37.440 manat məbləğində dəymiş ma ddi ziyanın və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışında mütəxəssis rəyləri, Astara rayonu Ərçivan kənd İƏD üzrə nümayəndəsinin, kənd bələdiyyəsi işçisinin iştirakı ilə tərtib olunmuş aktla və digər sənədlərlə cavabdehin çoxlu sayda iri və zırda buynuzlu mal-qarasının iddiaçının feyxoa tingləri əkilən bağ sahəsinə girməklə feyxoa tinglərinin sıradan çıxarması və iddiaçıya 37.440 manat məbləğində maddi ziyan vurması müəyyən edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Şirvan Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-253/19 saylı, 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), N.Mirzəyev və Q.Kərimov) apellyasiya şikayəti qismən təmin edilərək, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyana görə 14.016 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 14.046 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona dəymiş zərərin 37.440 manat təşkil etməsi barədə aqrokimyaçı-torpaqşünasın 25 may 2018-ci il tarixli mütəxəssis rəyini təqdim etsə də, iddiaçıya dəymiş zərərin məbləği mütəxəssis tərəfindən tərtib edilmiş rəyə əsaslanmaqla müəyyən edilə bilməz. Odur ki, iddia çıya dəymiş zərərin məbləğinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuş 14.016 manat müəyyən edilməsi daha düzgün və ədalətlidir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat 11.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2020-ci il tarixli, 2(102)-1715/20 saylı qərarı ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 12.Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər iki tərəf apellyasiya instansiyası məhkəməsinin mötəbər sübut kimi ist inad etdiyi ekspert rəyini ziddiyyətli, natamam və yarımçıq hesab edirlər. Mübahisələndirilən ekspert rəyində həm 8832 ədəd feyxoa ağacının yararsız hala düşərək məhv olduğu, həm də 1168 ədəd feyxoa ağacının zədələndiyi, inkişafdan geri qaldığı və bu vəziyyətdə həmin tinglərdən istifadənin məqsədəmüvafiq olmadığı göstərilmişdir. Məhkəmə də 8832 ədəd ağaca görə deyil, 1168 ədəd ağaca görə vurulmuş ziyanı hesablayaraq cavabdehdən iddiaçının xeyrinə tutmuşdur. 13.Məhkəmə kollegiyası hesab etmişdir ki, işə apelyasiya qaydasında yenidən baxılarkən kifayət qədər aydın və tam ekspert rəyinin əldə olunması üçün təkrar ekspertizanın keçirilməsi məsələsi müzakirə olunmalı və qiymət verilməlidir. 14.Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, işə yenidən baxılarkən tərəflərin fərdi sahibkar, verg i ödəyicisi olub-olmadıqları, hazırkı mübahisənin onların sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranıb-yaranmadığı və nəticə etibarilə ilə işin məhkəmə aidiyyətinə düzgün əməl olunub-olunmadığı da aydınlaşdırılmalı və nəticəsindən asılı olaraq qiymət verilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat 15.Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən təkrar kompleks məhkəmə-bioloji (botaniki) və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək, 21 avqust 2020-ci il tarixli, 7/449-9/2553 nömrəli rəy almış, həmin rəydə də 1168 ədəd feyxoa ağaclarının məhv olmasına görə vurulmuş ziyan hesablanmışdır. 16.Həm iddiaçı, həm də cavabdeh bu ekspert rəyi il razı olmadıqlarına görə məhkəmə kollegiyası tərəfindən əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert in 04 fevral 2021-ci il tarixli, 7/44 və 9/6075 nömrəli rəyinə görə iddiaçıya məxsus 16 ha torpaq sahəsində 10.000 ədəd feyxoa tingi olmuşdur. Həmin tinglərin məhv olması hesablanarkən 1 ədəd feyxoa ağacının bərpasına çəkilən xərc 7 manat müəyyən edilmişdir. 17.Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-111/2021 saylı, 16 mart 2021-ci tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), R.Cəfərov və Z.Zeynalov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 14016 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, 650 manat məbləğdə ekspertiza xərcləri Cavabdeh aid edilmişdir. Kassasiya şikayətlərinin və onlara etirazlqın dəlillə ri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdiur.
19. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun tələb etdiyi 37.440 manat ziyan tələbini, nümayəndəsi X2 ərizəsi əsasında azaldaraq 14.016 manat həddində təmin etmişdir. Lakin məhkəmədə təmsil olunmaq üçün X3 verdiyi etibarnamənin müddəti 2020-ci ilin dekabr ayında qurtarmışdı. Həmçinin iddia tələbinin azaldılmasının tərəfdarı olmamış, nümayəndənin tələbin miqdarını azaltmasından onun xəbəri olmamışdır. Həmçinin işə baxmış məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosess ual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır.
20. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Cavabdeh kassasiya şikayətini onunla əsaslandımışdır ki, az sayda olan malqarası iddiaçıya heç bir ziyan vurmamışdır. Əgər ziyan çox vurulmuş olsaydı, iddiaçının nümayəndəsi ilkin iddianı müdafiə etmək əvəzinə iddianı qismən – 14.016 manat hissədə təmin edilməsini tələb etməzdi. Onun yerli baxış keçirilməsi barədə vəsatəti məhkəmə tərəfindən təmin edilməmişdir. Baxış keçirilsəydi, iddiaçının feyxoa açaclarının zədələnmədiyi, və bar verdiyi müəyyən olunard ı. Məhkəmə həmçinin müəyyən etməmişdir ki, malların bağa girməsi təsadüf nəticəsində baş verib, yoxsa cavabdeh qəsd və ya ehtiyatsızlıqdan buna yol verib. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
22. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbi barədə məlumat vermədiyinə görə məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vur ulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anla yışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxış ının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əla qədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
27. MPM-ə əsasən k assasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olun muş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsi aktının iddianın təmin olunmayan hissəsində, cavabdeh isə iddianın təmin olunan hissəsində ləğvini xahiş etdiyinə görə, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. 31.Belə ki, iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 17 mart 2020-ci il tarixli qərarında əsasən iki məsələ ilə bağlı göstərişlər əksini tapmışdır:
1. İşə apelyasiya qaydasında yenidən baxılarkən kifayət qədər aydın və tam ekspert rəyinin əldə olunması üçün təkrar ekspertizanın keçirilməsi məsələsinin müzakirə olunması və qiymət verilməsi;
2. Tərəflərin fərdi sahibkar, vergi ödəyicisi olub-olmadıqları, hazırkı mübahisənin onların sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranıb-yaranmadığı və nəticə etibarilə ilə işin məhkəmə aidiyyətinə düzgün əməl olunub-olunmadığının aydınlaşdırılması və nəticəsindən asılı olaraq qiymət verilməsi. 32.İşə yenidən baxan məhkəmə təkrar ekspertiza, daha sonra əlavə ekspertiza təyin edərək rəylər almış, həmçinin tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını müəyyən etmək üçün vergi orqanına sorğu edərək cavab almışdır. Həmin cavablardan müəyyən edilir ki, tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kimi vergi ödəyicisidirlər. 33.Lakin apellyasiya məhkəməsi məhkəmə aidiyyətinin müəyyən olunması barədə kassasiya məhkəməsinin göstərişlərini sonadək icra etməmiş, tərəflərin hər birinin fərdi sahibkar statusuna malik olması barədə məlumat əldə etdiyi halda, işin kommersiya məhkəməsinə və ya ümumi məhkəməyə aid olmasını müəyyən etməmişdir. 34.Halbuki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 35.Aidiyyətlə bağlı məsələnin həlli eyni zamanda ona görə əhəmiyyətli idi ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiy yət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. 36.Çünki «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. 37.Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. 38.Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafi ə və təmin edir. 39.Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. 40.MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 41.MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. 42.Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 43.Məhkəmə aidiyyəti ilə bağlı məsələnin qəti həll olunmadığı halda işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan halların araşdırılması əhəmiyyətsizdir. Buna görə də məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərini araşdırmır.
44. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmalı, məhkəmə aidiyyəti ilə bağlı prosessual araşdırmanı davam etdirməli, işin prosessual hallarına MPM-nin İİİ fəslinin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaran an fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli qərarı əsasında qiymət verməli, sonrakı prosessual hərəkətləri etməlidir.
45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(106)-111/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.