Məhkəmə qərarları › İş №2(102)-4987/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4987/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4987/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4987/2021 (Açar sözlər: pul tələbi, borc müqaviləsi) Bakı şəhəri, 04 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1 03)-1840/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 oğlunun kassasiya şikayəti üzrə işə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçılə Cavabdeh1 arasında 27.02.2019-cu il tarixli, ** AQ ***2770 nömrəli borc müqaviləsi bağlanmışdır.

2. Borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 dörd dəfəyə qaytarmaq şərtilə 200 min ABŞ dollarının ekvivalentinə uyğun olan 13.124.000 rubl borc vermişdir.

3. Pulun qaytarılması: 1-ci ödəniş - 27 may 2019-cu il tarixindən gec olmamaqla, 2ci ödəniş - 27 avqust 2019-cu il tarixindən gec olmamaqla, 3-cü ödəniş - 27 noyabr 2019cu il tarixindən gec olmamaqla, 4-cü ödəniş - 27 fevral 2020-ci il tarixindən gec olmamaqla müəyyən edilmişdir.

4. Mübahisə cavabdehin pulu qaytarmamasından yaranmışdır. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi və iddia ərizəsinə qəqiqləşmə barədə ərizələrlə Səbail Rayon Məhkəməsinə müraciət edərək, 200000 (iki yüz min) ABŞ dolları məbləğində olan borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 27.02.2019-cu il tarixdə Cavabdeh1 iddiaçıdan 200.000 (iki yüz min) ABŞ dolları məbləğində iş görmək adı ilə borc pul alaraq bir il ərzində qaytarmağa söz vermişdir. Həmin vaxt cavabdehin qardaşı Cavabdeh2 də cavabdehlə olmuşdur.

7. Aralarında bağlanmış 27.02.2019-cu il tarixli ** AQ ***2770 saylı borc müqavilə sinə əsasən cavabdehlər iddiaçıdan 200000 (iki yüz min) ABŞ dolları məbləğində aldıqları borc pulu bərabər hissələrlə 4 dəfəyə qaytaracaqlarını öhdələrinə götürmüşlər.

8. İddiaçı borc müqaviləsinin 1-ci bəndində qeyd olunan pulları həmin müqavilə imzalanmamışdan əvvəl Cavabdeh1 vermişdir.

9. Müqavilə bağlandıqdan sonra cavabdehlər ona söz vermişlər ki, aldıqları borcu müqavilədə göstərilən tarixdən də tez qaytaracaqlar, Lakin hal-hazırki vaxtadək borc qaytarılmamışdır.

10. Cavabdeh1 iddiya etiraz edib. Etirazın dəlilləri: - iddiaçıya 200000 ABŞ dolları məbləğində pul qaytarmalıdır. Lakin onun bu borcu İddiaçılə onun arasında bağlanmış 27.02.2019-cu il tarixli borc müqaviləsinə əsasən yaranmamışdır. Həmin müqavilə sonradan formal olaraq bağlanmışdır. Belə ki, o və iddiaçı şərikli iş qurmaq qərarına gəlmiş, təxminən 2018-ci ilin oktyabr ayında iddiaçı ona iş qurmaq üçün pul vermişdir, lakin həmin iş baş tutmamış və onlar qazanc əldə edə bilməmişlər. Nəticədə o, iddiaçıya 200000 ABŞ məbləğində pul vəsaitini qaytarmalıdır; - həmin pul məbləğini ödəməkdən yayınmır, lakin onun bu məbləği birdəfəyə qaytarmaq imkanı yoxdur. Pulu qaytara bilmədiyindən sonradan iddiaçının təkidi ilə 27.02.2019-cu il tarixdə borc muqaviləsi bağlamışlar; - borcun 27.02.2019-cu il tarixli borc muqaviləsinə əsasən alınmadığını nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir.

11. Cavabdeh2 iddiaya etiraz edərək göstərib ki, onunla iddiaçı arasında hər hansı bir borc müqaviləsi bağlanmayıb, iddiaçı qarşısında hər hansı bir öhdəliyi yoxdur.

12. Səbail Rayon Məhkəməsinin 2(009)-775/2020 nömrəli, 29 sentyab r 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 200000 (iki yüz min) ABŞ dolları məbləğində borc pulun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Rəna Qafarova)

13. Birinci instansiya məhkəməsi İddiaçılə Cavabdeh1 arasında 27.02.2019-cu il tarixli, ** AQ ***2770 nömrəli borc müqaviləsinə istinadən iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir.

14. Birinci instansiya məhkəməsi Cavabdeh1 borc müqaviləsinin formal olaraq bağlanması, 200000 ABŞ dolları məbləğində pul vəsaitinin şərikli iş qurmaq üçün iddia çı tərəfindən həmin borc müqaviləsi bağlanmamışdan əvvəl ona verilməsi barədə dəlilini qiymət veərərk qeyd edib ki, tərəflər arasında bağlanmış 27.02.2019-cu il tarixli borc muqaviləsi hazıradək cavabddeh tərəfindən mübahisələndirilməyib və həmin müqavilə hazırda qüvvədədir. Həmçinin Cavabdeh1 iddianın rədd edilməsini xahiş etməsi ilə yanaşı, izahatında iddiaçıya 200000 ABŞ dolları məbləğində pul vəsaitini qaytarmalı olduğunu, həmin pul məbləğini ödəməkdən yayınmadığını, lakin onun bu məbləği birdəfəyə qaytarmaq imkanının olmadığını göstərərək faktiki olaraq iddiaçıya 200000 ABŞ dolları məbləğində borcu olmasını etiraf etmişdir.

15. Bununla yanaşı, birinci instansiya məhkəməsi Cavabdeh2 qarşı iddia tələbi üzrə qeyd edib ki, iddiaçı ilə Cavabdeh2 arasında müqavilə hüquq münasibətlərindən ir əli gələn hər hansı bir öhdəlik münasibətlərinin yaranmadığı üçün iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz

16. Birinci instansiya məhkəməsi öz mövqeyini iddianın təmin edilən hissəsində mpvqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 739.1, 740.1-ci, Mülki Prossesual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə baxışı zamanı qeyd olunan borc öhdəliyinin həmin müqavilədən irəli gəlmədiyini, hələ müqaviləni bağlanmasından 3-4 ay öncə şərikli iş qurmaq üçün iddiaçının həmin məbləğdə yatırım etdiyini və bunun təsdiqi kimi məhkəməyə iddiaçı ilə olan “votsap” mobil tətbiqi vasitəs i ilə danışıqlarını təqdim etsə də işə baxan məhkəmə iddianı qismən təmin etmişdir; - qətnamə qanunsuzdur. məhkəmə baxışı zamanı bir neçə dəfə bildirmişdir ki, 27.02.2019-cu il tarixli borc müqaviləsini bağlamaq üçün zorla, silah təhdidi altında notarial kontora gətirilərək müqaviləyə imza etmişdir; - həmin tarixdə İddiaçı borca pul almamışdır; - hələ 2018-ci ilin payız aylarında onlar şərik biznes üçün yatırım etmişlər, lakin işiləri alınmadığı üçün iddiaçının yatırımı sərf edilmişdir. Məhkəmə baxışında söylədiklərini yazılı sübutlarla da təsdiq etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1840/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(009) -775/2020 nömrəli qətnaməsi “Cavabdeh1 200000 (iki yüz min) ABŞ dolları məbləğində borc pulun tutulması” hissəsində dəyişdirilmiş, Cavabdeh1 13124000 (on üç milyon yüz iyirmi dörd min) Rusiya rublu məbləğində borc pulun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) tutularaq İddiaçı ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Şərafət Məmmədova)

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəlikləri yerinə yetirilmədiyinə və borcu etiraf edildiyinə görə borcun Cavabdeh1 tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan pul vəsaitinin valyutasını düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə dəyişdirilməlidir.

21. Apellyasiya instansiya məhkəməsinin borc müqaviləsində verilən pulun 13124000 (on üç milyon yüz iyirmi dörd min) Rusiya rublu məbləğində olmasını, nəzərə alaraq, hesab etmişdir ki, cavabdehdən iddiaçının xseyrinə 13124000 (on üç milyon yüz iyirmi dörd min) Rusiya rublu məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) tutularaq İddiaçı ödənilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh1 kassasiya şikayəti verib, şikayətində apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsini xahiş etmişdi r.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 27.02.2019-cu il tarixli borc müqaviləsini bağlamaq üçün zorla, silah tərbiqi altında notarial kontora gətirilərək imza etrmiş, həmin tarixdə iddiaçıdan borc pul almamışdır. 2018-ci ilin payız aylarında şərikli biznes üçün yatırım edilmiş, lakin işləri alınmamışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

24. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrin in səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqavi ləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansi yası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğvin xahiş etdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyə n maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

31. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, tərəflər arasında borc müqaviləsinə əsaslanır.

32. İşin müəyyən edilmiş mübahisəsiz hallarından da görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında 27.02.2019-cu il tarixli, ** AQ ***2770 nömrəli borc müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə əsasında cavabdehə dörd dəfəyə qaytarmaq şərtilə 200 min ABŞ dollarının ekvivalentinə uyğun olan 13.124.000 rubl borc vermişdir. Cavabdeh müqavilə üzrə aldığı borcu qaytarmamışdır.

33. Göründüyü kimi, işin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri baxımından iddianın Cavabdeh1 qarşı təmin edilməsi üçün əsas olduğundan iddianın Cavabdeh1 qarşı təmin edilməsi barədə gəlinən nəticə də düzgün olmuşdur.

34. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən müqaviləni təhdid altında imzalaması barədə dəlilləri əsasız hesab edir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində vəkillə təmsil olunmuş, vəkilin iştirakı ilə məhkəmə iclasında iddiaya etiraz edərək hazırki qərarın 10-cu bəndində qeyd edilən məzmunda izahat vermiş, müqaviləni təhdid altında imzalamasına dair hər hansı dəli l irəli sürməmişdir.

35. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərini əsasız sayır.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1840/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar