Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-504/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(103)5129/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı 2021-ci ilin may ayında Cavabdeh1 bibisindən miras qalmış mənzili 100000 manata, dəyərini hissə-hissə ödəməklə almağa şifahi razılığa gəlmiş və həmin ilin oktyabr ayınadək Cavabdeh1 anası Cavabdeh2 cəmi 52500 manat məbləğində vəsaiti vermiş, sonradan isə aralarında alqı-satqı baş tutmamışdır.
2. İddiaçı Bakı şəhəri Yasamal RPİ-yə şikayət verərək, Cavabdeh1 52500 manat pul verdiyini, sonuncunun evi satmayaraq, 29000 manatı qaytarsa da, 23500 manatını qaytarılmamasını göstərmişdir. Həmin ərizə əsasında Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılmış və Həmin Şöbənin müstəntiqi tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında 04 noyabr 2022-ci il tarixli qərarına əsasən, Cava bdeh2 verdiyi izahatında göstərmişdir ki, 2021-ci ilin may ayında o, baldızından qalmış iki otaqlı mənzili 100000 manata satmaq istəmiş, İddiaçı mənzili almaq üçün ona hissə-hissə ümumilikdə 52500 manat pul vermiş, sonradan evi almaqdan imtina etdiyi üçün o, pulların hamısını qaytarmışdır. Qızı Sevincin bu prosesdə heç bir iştirakı olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23500 manat borc məbləğinin və 160 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə kirayədə yaşadığından, Bakı şəhərində ev alma q qərarına gəlmiş və tanışı olan Cavabdeh1 ilə Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən mənzilini 100000 manata, pulu bir il ərzində hissə-hissə ödəməklə almağı razılığa gəlmişlər. İddiaçı 2021-ci ilin may ayının ortasında birinci dəfə 30000 manatı Sevincin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən evində, ikinci dəfə 15000 manatı 20 iyul 2021-ci il tarixdə Sevincin anası Cavabdeh2 yaşadığı Gəncə şəhərindəki evində anasının iştirakı ilə, üçüncü dəfə 5000 manatı 2021-ci ilin sentyabr ayının sonunda Bakı şəhəri, Haqverdiyev küçəsində yerləşən “Avis” aptekinin qarşısında cavabdehlərin hər ikisinə və sonuncu dəfə 2021-ci ilin oktyabr ayının əvvəlində 2500 manatı həmin aptekin qarşısında Cavabdeh1 vermişdir. Həmin ilin dekabr ayında Cavabdeh1 iddiaçıya zəng ed ib, evi satmaq istəmədiyini bildirmiş, 2022-ci ilin fevral ayında Cavabdeh2 iddiaçı ilə əlaqə saxlayıb yaşadığı evə dəvət etmiş və 29000 manatı ona qaytarmışdır. Cavabdeh yerdə qalan 23500 manatı 2022-ci ilin mart ayında qaytaracağına söz versə də, həmin pulu qaytarmamışdır. Bununla bağlı, iddiaçı polisə müraciət etmiş, Yasamal RPİ-nin İstintaq şöbəsi 04 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edərək, mülki qaydada məhkəməyə müraciət etməyi bildirmişdir.
5. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbinə etiraz etmiş və izahatında bildirmişdir ki, Elmlər Akademiyası metro stansiyası yaxınlığında mənzil həyat yoldaşının bacısından onun qızına miras qalmışdır. O, evi iddiaçıya satılması barədə razılaşmış, iddiaçı hissə-hissə 52500 ma nat pul vermişdir. Daha sonra iddiaçı ödənişləri edə bilmədiyi üçün evi almaq fikrindən daşındığını bildirmiş və o, aldığı pulu iddiaçıya qaytarmışdır. İddiaçı hazırki iddianı qərəzli olaraq qaldırmışdır. Belə ki, iddiaçı “Okus” adlı şirkətdə ikinci şəxs olmuş, Gəncə şəhərində bu şirkətlə bağlı seminarlar keçirmişdir. Daha sonra, həmin şirkət bağlanılmış və onun rəhbəri barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılmışdır. Cavabdehlər həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. İddiaçı şikayətlərini geri götürməyəcəkləri təqdirdə, onlara qarşı iddia qaldıracağını demişdir.
6. Cavabdeh1 birinci instansiya məhkəməsində iddiaya etiraz etmiş və göstərmişdir ki, iddiaçı evi almaq məsələsini anası ilə danışmış, ona pul verilməmişdir. İddiaçı pulları anası Cavabdeh2 verm iş, sonradan pullar anası tərəfindən iddiaçıya qaytarılmışdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(006)1662/2023 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh istər məhkəmə iclasında, istərsə də Bakı şəhəri Yasamal RPİ-də tədqiq olunan material üzrə izahat verərkən, iddiaçıdan mənzilin satılması üçün hissə-hissə olmaqla 52500 manat pul aldığını səmimi şəkildə bildirmiş, iddiaçı mənzili almaqdan vaz keçdikdən sonra, heç bir etiraz etmədən 52500 manat pulu 29000 manat, 15000 manat və 8500 manat olmaqla, hissəhissə qaytardığını, iddiaçıya borcunun qalmadığını göstərmişdir.
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı məhkəməyə cavabdehin ona 23500 manat məbləğdə pul vəsaiti ödəməli olduğuna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(006)-1662/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2 023-cü il tarixli, 2(103)-5129/2023 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər V.N.Sadıqovdan və A.Ə.İsgəndərovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(006)1662/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 23500 manat məbləğində pulun və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 80 manatının, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi sübut etmə yükünün bölüşdürülməsi ilə bağlı səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
14. Belə ki, işdən müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh2 ilə sonuncudan 100000 manat dəyərində mənzilin nisyə alqı-satqısına dair razılığa gəlmiş, lakin razılıq qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada rəsmiləşdirməmiş, mənzilin dəyərindən 52500 manat məbləğində vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmişdir.
15. Cavabdehlərin polis idarəsində bildirdiklərinə görə mənzil ilə bağlı ödənişlər iddiaçı və Cavabdeh2 arasında baş vermiş, iddiaçı isə pulun hər iki cavabdehə verildiyi barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının bildirdiyinə görə cavabdeh sonra mənzilin satışından imtina etmiş, cavabdehin bi ldirdiyinə görə isə iddiaçı evi almaqdan imtina etmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 həm məhkəmə iclaslarında, həm də polis idarəsində verdiyi izahatında iddiaçıdan 52500 manat məbləğində pul vəsaitini götürdüyünü qəbul edərək, həmin pulu tam qaytardığını bildirmişdir. Digər Cavabdeh1 da qeyd olunanları təsdiq etmişdir.
17. Belə olan halda, mülki-prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən baxılan iş üzrə cavabdehin həmin pul vəsaitini iddiaçıya qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının qeyd edilən pulu cavabdehə verməsi sonuncu tərəfindən etiraf olunduğundan iddiaçı həmin halı sübut etmək yükündən azad olur. Cavabdeh2 23500 manat məbləğində pulu ayrı-ayrı vaxtlard a 15000 manat və 8500 manat olmaqla iddiaçıya qaytardığını bildirsə də, istinad etdiyi halları sübut edə bilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, pul münasibətləri iddiaçı ilə Cavabdeh2 arasında olmuşdur. Buna görə də, iddia tələbi Cavabdeh1 münasibətdə əsassızdır.
19. İşin müəyyən edilmiş hallarına əsasən apellyasiya kollegiyası bu nəticəyə gəlmişdir ki, tələb olunan 23500 manat məbləğində pulun iddiaçıya qaytarılması iş materialları ilə sübut olunmadığından, həmin vəsait Cavabdeh2 tutularaq iddiaçıya qaytarılmalıdır. Belə ki, cavabdeh etibarsız əqd üzrə həmin məbləği özündə saxlamaqla əsassız varlanmış olur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(103)-5129/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 151-ci, İnsan Hüquqları Avropa Məhkəməsinin presedent qərarları, Mülki Prosessual Məcəllənin 77.1, 372.1, 379cu maddələri pozulmuşdur.
22. Belə ki, apellyasiya məhkəməsinin iclasında sədrlik edən cavabdehə “gəlməyə bilərdin, niyə gəlibsən...?” deyərək müraciət etmiş, cavabdeh tərəfin izahatını dinləmədən, məhkəmə araşdırması aparmamış, 4-5 dəqiqə ərzinə qətnaməni elan etmişdir. İddiaçı cavabdehə mənzili almaq məqsədi ilə hissə-hissə 52500 manat pul vermiş, 2021-ci ilin noyabr ayında pulu geri tələb etmiş və kassator bir həftə sonra 29000 manat, 2021-ci ilin dekabrın 3-də 15000 manat, daha 10 gün sonra isə 8500 manat verərək, pulu tam həcmdə geri qaytarmışdır. İddiaçının cavabdehə qarşı məhkəmədə iddia qaldırmasına səbəb iddiaçının vəzifə tutduğu “Okus” şirkətində bir çox şəxslərin külli miqdarda, o cümlədən cavabdehin 50000 manat pulunu dələduzluq yolu ilə mənimsədiyi fakta görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şirkətin vəzifəli şəxslərinə qarşı cinayət işinin olması olmuşdur. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi konkret norma göstərmədən sübut etmək yükünü cavabdehin üzərinə qoyması qanunsuz olmuşdur.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyi n tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçı tərəfindən kassasiya şikayəti verilməmişdir. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsini mübahisələndirdiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən ş əxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət h əddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək (bənd 14-19) hesab etmişdir ki, cavabdeh etirazının dəlillərini sübut edə bilməmişdir.
31. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yox luğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
32. Hazırki iş üzrə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmədiyi üçün etibarsız əqd üzrə iddiaçının kassatora əsassız olaraq 52500 manat məbləğində pul vəsaiti verməsi, həmin məbləğin 29000 manat hissəsinin cavabdehin iddiaçıya qaytarması işin mübahisə edilməyən hallarıdır. Mübahisə qalan 23500 manatı qaytarılmaması ilə bağlıdır. Cavabdeh bu vəsaitin ona verildiyini etiraf etdiyindən, lakin məbləğin tam olaraq qaytarıldığını iddia etdiyindən, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən etirazın əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi onun üzərinə düşür.
33. Lakin, kassator tələb olunan vəsaitin də qaytarılmasını, habelə iddiaçının cavabdehə qarşı qərəzli olduğu üçün əsassız iddia verməsini təsdiq edən hər hansı mötəbər sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Cavabdehlərin izahatları isə Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən bu halın təsdiqi üçün yeganə sübut kimi qiymətləndirilən bilməz.
34. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər formal xarakter daşıyır və açıq-aydın əsassızdır. Belə ki, iş materiallarında olan məhkəmə iclas protokolundan və video-audio yazısından görünür ki, apellyasiya instansiyası məhkəməsində hər iki cavabdeh iddia və iddiaçının apellyasiya şikayəti üzrə izahat vermək imkanı yaradılmışdır.
35. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(103)-5129/2023 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.