Məhkəmə qərarları › İş №2(102)-5166/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5166/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5166/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İKB ASC-nin (hazırda “xxxx” ASC-nin) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc, zaminin məsuliyyəti, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili X4, Cavabdeh1 və vəkili X3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(1 03)2585/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı İKB ASC və Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 1-Z15-0-277-15 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 36 ay müddətinə, illik 30 % olmaqla 5500 ABŞ dolları kredit vermiş, cavabdeh krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasına təminat olaraq xx xxxxx 2015ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və sonuncu kredit müqaviləsi üzrə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. xx xxxxx 2015-ci il tarixli məxaric orderinə əsasən Cavabdeh1 İ ddiaçı İKB ASC-dən 5500 ABŞ dolları kredit götürmüşdür. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn kredit və kredit faizlərinin qaytarılmasına dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçının təqdim etdiyi Maliyyə arayışına əsasən xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixə İddiaçı İKB ASC-yə 2327,96 ABŞ dolları əsas borcu, xx xxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək illik 5 faizlə hesablanmış 282,35 ABŞ dolları əldən çıxmış fayda, ümumilikdə 2610,31 ABŞ dolları təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 6770 nömrəli rəyinə əsasən Cavabdeh1 xx xxxxx 2018-ci il tarixinə (müqavilənin müddətinin bitdiyi tarixə) İddiaçı İKB ASC-yə olan borcu 7436,80 A BŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 4188,75 ABŞ dolları, faiz borcu üzrə 3248,05 ABŞ dolları. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4188,75 ABŞ dolları əsas, 3248,05 ABŞ dolları faiz borcu və 236,28 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 7673,08 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə əsasən borcalan əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər m əbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış, bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-367/2019 nömrəli qətnaməsi ilə (hakim İ.N.Abbasova) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) 2327,96 ABŞ dolları əsas borcun İddiaçı İKB ASC-nin xeyrinə tutulması, iddia tələbinin xx xxxxx 2018-ci il tarixindən xx xxxxxx 2019-cu il tarixinədək 5 faizlə hesablanmış 282,35 ABŞ dolları əldən çıxmış fayda hissəsində təmin edilməməsi, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 30 %-nin, yəni 9 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, qalan 70%-nin, yəni 21 manatın iddiaçıya aid edilməsi, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 manatın 70%-nin, yəni 140 manatın iddiaçıdan, qalan 30%nin, yəni 60 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borca zamin durduğuna görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduğundan, cavabdehlərdən müştərək qaydada 2327,96 ABŞ dolları əsas borc tutu laraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin belə qənaətə gəlmişdir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə xx xxxx 2018-ci il tarixdə müraciət etdiyindən, iddia tələbi xx xxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 5 faizlə hesablanmış 282,35 ABŞ dolları əldən çıxmış fayda hissəsində təmin olunmamalıdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-367/2019 nömrəli qətnaməsinin qismən, iddia tələbinin həmin cavabdehə münasibətdə təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2585/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-367/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi cavabdehlərin apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh apelyasiya şikayətində iddiaçının kredit müqaviləsi üzrə 1 illik müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini göstərmişdir. Lakin iş materiallarından görünür ki, kredit müqaviləsinin müddəti xx xxxxx 2018-ci ildə bitmiş, hazırki iddia ərizəsi isə xx xxxx 2018-ci ildə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Apelyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 və vəkili Vəkil kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2585/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına görə Cavabdeh1 əsas borcu 1860,79 ABŞ dolları azaldılm ışdır. Bu hal isə işə baxmış məhkəmələr tərəfindən nəzərə alınmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X2 şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və onun vəkili X1 şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin et məmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiril məməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və Cavabdeh1 tərəfindən mübahisələndirilməmiş və apelyasiya baxışının predmetini qətnamənin zaminə münasibətdə təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil etmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi hazırda Cavabdeh2 tərəfindən tam mübahisələndirilir. Bu səbəbdən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq su rətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borcl u gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliy in icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predm eti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsas ən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinə düzgün hüquq i qiymət verərək göstərmişdir ki, zaminin öhdəliyinə xitam verilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı tərəfindən hazırki iddia Azərbaycan Respublikası MM-in 477.0.4-cü maddəsi ilə müəyyən olunmuş müddətdə verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh hazırki kasasiya şikayətində borc məbləğini mübahisələndirsə də, apelyasiya məhkəməsinə bununla bağlı şikayət verməmişdir. İzah olunmalıdır ki, kredit borcunun düzgün hesablanmaması apelyasiya baxışının predmetini təşkil etmədiyindən, habelə məhkəmələr tərəfindən iş üçün əhəmiyyətli halları araşdırılmamasına və sübuta yetirməməsinə dair dəlillər işin faktiki hallarına aid olduğundan Azərbaycan Respublikası MPM-in 407.2 və 416-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bil məz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2585/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar